"Ermənistandan fərqli olaraq, biz mülki vətəndaşları atəşə tutmuruq. Ancaq biz bunu unutmamışıq. İndi getsin onun and içdiyi mərasimin keçirildiyi binaya baxsın. Nə gündədir o! Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində".
Bu sözləri Prezident İlham Əliyev 2020-ci il oktyabrın 9-da xalqa müraciəti zamanı deyib. Ölkə başçımızın həmin fikirləri bu gün regionda cərəyan edən hadisələr fonunda bir daha öz təsdiqini tapır. Belə ki, beynəlxalq hüquqa əsasən rəsmi şəkildə Azərbaycan ərazisi olaraq tanınan Qarabağda keçirilən birgünlük lokal antiterror tədbirləri buradakı separatçı qüvvələrlə mübarizə aparmaq üçün atılmış ən doğru addım kimi qiymətləndirilir.
Bu gün dünyadakı böyük güclər separatizmdən öz maraqları naminə istifadə edirlər. Bu cür vəziyyətin hökm sürdüyü dövrdə Prezident İlham Əliyev yeni bir Azərbaycan nümunəsi formalaşdırdı. Lokal xarakterli antiterror tədbirləri, həmçinin beynəlxalq hüququn normaları və dövlətlərin ərazi bütövlüyü prinsipinin, eləcə də BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində ehtiva olunan məqsədlərin yerinə yetirilməsi idi. Həmin günə qədər ipə-sapa yatmayan separatçılar ağ bayraq qaldıraraq təslim oldular. Onların dövlətimizin irəli sürdüyü şərtləri qəbul edərək müzakirələr üçün Yevlax şəhərinə gəlmələri də bir sıra ümidlər yaradır.
Məhz bu tədbirlərdən sonra separatçıların və qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tərk-silah olunmaları Azərbaycanın tarixi uğurlarına yeni bir səhifə əlavə etdi. Bu tədbirlər çərçivəsində separatçıların xainliyi bir daha özünü büruzə verdi. Belə ki, onların hərbi mövqeləri bilərəkdən yaşayış məskənlərinə, iaşə obyektlərinə yaxın qurulmuşdu. Bununla, separatçılar öz aləmində hər hansı hərbi əməliyyat çərçivəsində mülki əhalidən sipər kimi istifadə etmək xülyasında idilər.
Belə bir şəraitdə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin separatçılara açıq formada dəstək verməsi də gərginliyin artırılmasına yönəlmişdi. Amma bütün bunlara baxmayaraq, Azərbaycan yenə də hərbi-geosiyasi şəraitdə mümkün ehtimallardan istifadə edərək düşməni diz çökdürdü. Separatçıların müxtəlif xain yollara əl ataraq aranı qarışdırmaq istəyi əbəs idi. Çünki onlar üçün maraqlı olan Qarabağdakı erməni əhalisinin vəziyyəti deyil, öz şəxsi maraqlarının təmin edilməsi idi. Halbuki İkinci Qarabağ savaşından sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində dəfələrlə onların rifahının təmin ediləcəyini bəyan etmişdi. Dövlətimizin başçısı, həmçinin Azərbaycan Konstitusiyasının digər vətəndaşlara müəyyən etdiyi bütün hüquqi təminatların, ölkəmizin ayrılmaz parçası olan Qarabağda yaşayan etnik ermənilərə də şamil ediləcəyini bildirmişdi. Prezident İlham Əliyev, eyni zamanda erməni əsilli sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etdiyi təqdirdə, əminliklə bu ölkənin tamhüquqlu vətəndaşı kimi bütün sosial-iqtisadi, həmçinin hüquqi təminatlardan istifadə edə biləcəklərini demişdi.
Qeyd edək ki, Azərbaycanın lokal xarakterli antiterror tədbirləri keçirməsində əsas məqsəd Qarabağda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması idi. Bir məsələni də vurğulayaq ki, antiterror tədbirlərinin humanitar hüququn şərtləri rəhbər tutulmaqla aparılması, həmçinin bu müddətdə mülki əhalinin hədəfə alınmamasının peşəkarlıqla təminatı şər qüvvələrin planlarını puç etdi.
Nurlan ABDALOV,
"Respublika".