Zamanın hökmü, hünərin zəfəri
Siyasət

Zamanın hökmü, hünərin zəfəri

Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbə Ermənistanda, bütün erməni cəmiyyətində, hayların diaspor və lobbiçilərində, bir sözlə, ermənipərəst qüvvələrdə ağılları başdan çıxaran təlatüm yaratdı, bir vaxtlar "miatsum" qışqıran kütlə komaya düşdü. Artıq üç ildir ki, Ermənistanda müxalifət iqtidarı, iqtidar isə müxalifəti günahlandırır, İrəvanın küçələrində vay-şivən qoparan haylar göz yaşları içərisində bir-birinə "Artsax merala" (Artsax öldü) deyərək zarıyırlar.

Qarabağdakı erməni separatçılarının başçıları isə Azərbaycanın hüquq-mühafizə orqanları qarşısında vaxtilə azərbaycanlılara qarşı törətdikləri cinayətlərə görə cavab verirlər. Qolları qandallanandan sonra keçmiş "qəhrəmanlar"ın dilləri açılıb, bir-birinin üzünə dururlar. Özləri də yaxşı bilirlər ki, müharibənin nəticəsi ermənilər üçün faciəli oldu. Ermənistanın hazırkı durumu isə ziddiyyətlərlə doludur. Beynəlxalq ekspertlər hesab edirlər ki, ilk günlərini yaşadığımız 2024-cü il Ermənistan üçün təhlükəli məqamlarla dolu ola bilər. Erməni cəmiyyəti çətin seçimlə üzləşib. Anlamalıdırlar ki, çıxış yolu heç də uzaqda deyil, sadəcə Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Xülyalar, xəyallar dövrü bitib, reallıqla barışmaqdan başqa yol qalmayıb.

Könüllü şəkildə Qarabağdan köçüb gedən erməni ailələrini çirkli siyasətə alət etməyə çalışsalar da bütün dünya şahid oldu ki, ermənilər öz razılıqları ilə vaxtilə pənah gətirdikləri torpaqları tərk ediblər. Dövlət sərhəddini keçən erməni ailələrinə azərbaycanlı sərhədçilər tərəfindən su, zəruri ərzaq məhsulları, erməni uşaqlarına isə şirniyyat paylanılıb, xəstələrə tibb xidməti göstərilib. 1988-ci ildə ermənilər Qərbi Azərbaycan torpaqlarının köklü sakinlərini öz dədə-baba yurdlarından zorla, silah gücünə, uşaqları, qocaları isə yaralayaraq, onlara şiddət göstərərək öz evlərindən qovdular. İndi Ermənistan ərazisində bir nəfər də azərbaycanlı qalmayıb, halbuki Bakı və Xankəndi şəhərində minlərlə erməni təhlükəsiz şəraitdə, bütün hüquqları qorunaraq yaşayır. Qərbdə erməni diasporuna xidmət edən bəzi ekspertlər bildirirlər ki, 2023-cü ilin sentyabr ayında keçirilən antiterror tədbirləri zamanı Azərbaycan ərazilərini könüllü tərk edən Qarabağ ermənilərinə qarşı hər hansı zorakılıq olmayıb, bunu açıq etiraf edirlər. Vaxtilə haqqın gözünə dik baxa bilməyənlər indi Ermənistanın düşdüyü acınacaqlı vəziyyət üçün yasa batıb, gerçəkliyi deməyə məcbur olublar.

Ötən il oktyabrın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldan Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev bildirdi ki, antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq, əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.

Bundan beş il əvvəl, 2019-cu ildə həmin meydanda düşmən ölkənin baş naziri Paşinyan çıxış edərək demişdi ki, "Qarabağ Ermənistandır". Zaman göstərdi ki, onun dediyi elə söz olaraq qaldı, Azərbaycan isə zamanın hökmü, hünərin qələbəsi ilə öz ərazi bütövlüyünü və suverenliyini əzmlə bərpa etdi. Qərbdəki anti-Azərbaycan dairələrinin təsiri altında olan Karnegi Fondunun baş eksperti Tom de Vaal "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində torpaqlarımızın işğalı zamanı Azərbaycanın çoxlu sayda şəhərlərinin, kəndlərinin xarabalığa çevrildiyini etiraf edib. Mən Ağdamı gördüm, oradan da əhali qovulub. Bu, təəssüf ki, Ermənistan siyasətçilərinin bir çox yanlış hərəkətlərinin, gördüyümüz maksimalizmin bədəlidir. Biz bu yaxınlarda İlham Əliyevi Xankəndi meydanında hərbi geyimdə gördük. İkinci Qarabağ müharibəsindən sonra Rusiyadan üz çevirərək "qərbyönümlü siyasət" yürüdən Ermənistanın hələ də Moskvanın nəzarətində olduğunu söyləyən ekspert etiraf edib ki, Paşinyan hökumətinin çabalarına baxmayaraq, Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilməyib. Moskva Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı olmaqda davam edir. Hərbi ittifaq var, İrəvanın Ermənistan qarşısında üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməlidir. Moskvadan hərbi və iqtisadi asılılıq xüsusilə Robert Köçəryanın dövründə oldu, bütün iqtisadi aktivlər Rusiyanın nəzarətinə keçdi. Bu asılılıq hazırda davam edir. Ermənistanın istifadə etdiyi təbii qazın 80, buğdanın isə 90 faizi Rusiyadan gəlir. Rusiya Lars keçid məntəqəsini bağlayanda bu, Ermənistanın iqtisadiyyatına təsir edir.

Göründüyü kimi, Xankəndi zəfəri bütün ermənipərəst qüvvələrin qorxulu röyasına çevrilib. Bəli, həmin an Azərbaycanın diplomatiyadan, kompromislərdən əl çəkərək müharibə ilə döyüş meydanında Qarabağı azad etdiyi günlərin zirvəsi oldu. Dövlətimizin başçısının təbirincə desək, biz tarix yaratdıq, iki yüz illik erməni işğalına son qoyduq. Xankəndidəki bayraq əzəməti, qürur duruşu doğrudan da möhtəşəm anlar, unudulmaz və şərəfli tariximizin pozulmaz səhifələri idi.

Salman ALIOĞLU,

"Respublika".