Zamanın fövqünə yüksələn şəxsiyyət
Digər xəbərlər

Zamanın fövqünə yüksələn şəxsiyyət

Kars

Azərbaycanın Karsdakı Baş konsulluğunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın Karsdakı Baş konsulu Nuru Quliyev, konsulluğun əməkdaşları, ictimaiyyət nümayəndələri, eləcə yerli hakimiyyət orqanlarının rəhbər təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə, Karsdakı Heydər Əliyev Parkına gedərək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib ulu öndərimizin burada ucalan heykəli önünə tər çiçəklər düzüblər. Sonra konsulluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra davam etdirilib.

Heydər Əliyevin zəngin, mənalı həyat fəaliyyətini əks etdirən film nümayişindən sonra tədbiri giriş sözü ilə açan Azərbaycanın Karsdakı Baş konsulu Nuru Quliyev Heydər Əliyevin adının bu gün dünyada, siyasət aləmində, dünya tarixindəki dahi insanların adı ilə eyni çəkildiyini vurğulayıb. O deyib: "Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xalqımız ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi bundan sonra suveren Azərbaycan yarandı. Ümummilli liderin xalqımız qarşısındakı xidmətləri, onun apardığı siyasət ilə Azərbaycan dünyaya açıldı. Ümummilli lider ölkəmizin müstəqilliyini hər şeydən üstün tuturdu. Xalqa olan sevgisi isə qarşılıqlı idi. Azərbaycan xalqı hər zaman bilirdi ki, dövlətinin ən çətin anında ulu öndər onun köməyinə gələcək''.

 Baş konsul vurğulayıb ki, ümummilli liderin siyasətini çox uğurla davam etdirən, xalqının, dövlətinin qüdrətlənməsi istiqamətində böyük uğurlara imza atan Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə işğal altında olan torpaqlarımızı bizə qaytardı. Ümummilli lider Heydər Əliyev bu gün cismən aramızda olmasa da onun ruhu daima Azərbaycan xalqının yanındadır.

1923- ildə Türkiyə Cümhuriyyətinin qurulduğundan bəhs edən Nuru Quliyev ulu öndər Mustafa Kamal Atatürkün hansı çətinliklərlə cümhuriyyəti qurduğunu dilə gətirib.

Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektor köməkçisi professor Selçuk Ural deyib: "Azərbaycanın müstəqillik yolunda çəkdiyi sıxıntılar bizə Heydər Əliyev kimi bir lider qazandırdı. Bu zaman içərisində Heydər Əliyev əslinda Moskvada vəzifədə olmasına baxmayaraq, Azərbaycanla əlaqələrini kəsməmiş, hər zaman Azərbaycanla siyasi, iqtisadi sosial əlaqələrini qoruyub saxlayan bir lider olmuşdur. Müasir Azərbaycanın qurucusu Heydər Əliyev zamanın fövqündə duran dahi şəxsiyyət olub, onun "Bir millət, iki dövlət" fikri Türkiyə-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsində xüsusi əhəmiyyət daşıyır ki, bu gün belə bir münasibətin dünyada alternativi yoxdur''.

"Heydər Əliyev - siyasət nəhəngi idi. Heydər Əliyev demək olar ki, bütün qonşu dövlətlərlə dostluq münasibətləri qurmağı bacarıb. Ulu öndərin siyasi fəaliyyəti yalnız Azərbaycanın deyil, keçmiş SSRİ-nin süqutu nəticəsində müstəqilliyini bərpa edən bütün türk dövlətlərinin suverenliyinin qorunmasını inkişafını əhatə edib. Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını Azərbaycan-Türkiyə qardaşlıq fəlsəfəsi kimi dəyərləndirirəm''. Bu fikri Kars Bələdiyyə sədrinin müavini Türker Öksüz deyib. O diqqətə çatdırıb ki, dahi lider Heydər Əliyev qətiyyətli siyasi qərarları nəhəng layihələri ilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün türk dünyasının birliyi həmrəyliyi naminə yarımçıq qalan ideyalarının həyata vəsiqə qazanmasını təmin edib.

Ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyatından bəhs edən natiqlər diqqətə çatdırıblar ki, Azərbaycan-Türkiyə qardaşlığını dinamik inkişaf müstəvisinə çıxarmaq ulu öndərimizin həyat amalı olub dahi siyasətçi böyük uzaqgörənliklə buna nail ola bilib.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.