Zabit və əsgərlərin həyatını xilas etsə də...
Sosial həyat

Zabit və əsgərlərin həyatını xilas etsə də...

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində şanlı ordumuz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdılar. Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, ruhu ilə savaş meydanında - Qarabağın ürəyi Şuşada verildi. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular.

Vətən müharibəsi şəhidi mayor Asif Məhəmmədağa oğlu Azayev 1985-ci ilin 1 fevralında Şamaxı rayonunun Həmyəli kəndində anadan olub. 1992-ci ildə orta məktəbə gedib. 9-cu sinifdə oxuyarkən sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verib. Asif 2007-ci ildə hərbi liseyi bitirib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub.

Akademiyanı leytenant rütbəsi ilə bitirən Asif ön cəbhədə hərbi fəaliyyətə başlayıb. Əvvəlcə Tovuzun Ağdam kəndində, daha sonra Murovdağ istiqamətində "N" saylı hərbi hissələrdə xidmətini davam etdirib. Asif Aprel döyüşlərinin fəal iştirakçısı olub. 2018-ci ildən Müdafiə Nazirliyinin Pirəküşküldə yerləşən "N" saylı hərbi hissəsində taborun qərargah rəisi vəzifəsinə təyin olunub.

Xidməti müddətində fəxri fərmanlar və müxtəlif medallarla təltif edilib. Vətən müharibəsi başladığı ilk gündən etibarən ön cəbhəyə yollanıb. Bir neçə gün sonra tabor komandiri vəzifəsində onun, Cəbrayıl, Qubadlı rayonlarının və kəndlərinin azad olunmasında müstəsna xidmətləri olub. Asif Azayev düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edib. Füzuli rayonu işğaldan azad olunduğu vaxt düşməndən qənimət kimi əldə olunan hərbi texnikaları özlərinə qarşı istifadə edib. Dəfələrlə döyüş meydanında şəxsi heyətə nümunə göstərilib. Döyüş yoldaşları arasında xüsusi rəğbəti olan Asif elə onlar tərəfindən "3-cü taborun atası" adlandırılıb.

Asif Füzulinin Ələsgərli kəndində döyüşlər zamanı şəxsi heyətlə birlikdə mühasirəyə düşür. 20 oktyabrda 12 nəfərdən ibarət zabit, əsgər heyətinin həyatını xilas etsə də özü düşmənin snayper atəşinə tuş gələrək, şəhidlik məqamına yüksəlib. Mərd şəhidimiz Şamaxı rayonunda torpağa tapşırılıb. 3 oğlu Vətənə əmanətdir.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Asif Azayev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir. Xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə - Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq.

Müşfiq MİRZƏ,

"Respublika".