Nədənsə, Xalq şairi Hüseyn Arifi xatırlayanda ilk olaraq ağla saz, söz, yumor gəlir. Bütün varlığı ilə xalq ruhuna, saza-sözə kökləndiyi üçün şairi həm də belə xatırlayırıq. Həmişə milli-mənəvi dəyərləri yüksək tutan, xalq yaradıcılığını, sazı özündən çox sevən şairin məqsəd və məramı da bu olub.
Lirik-realist üslubda yazan şair məhz elə bu üslubla da məşhurlaşıb. Qaçaq Kərəmin soyundan olan Hüseyn Arif Böyük Vətən müharibəsində iştirak edib. Ədəbi fəaliyyətə də həmin illərdə başlayan şairin yaradıcılığının əsasını müharibə mövzusu və kənd həyatı təşkil edir. Hüseyn Arifin librettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə o vaxtkı M.Qorki adına Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuşdur. Şair 1971-ci ildə yazdığı "Dağ kəndi" poemasına görə isə "Qızıl oraq" mükafatına layiq görülmüşdür.
Hüseyn Arif həm də insanların yaddaşında, hafizəsində xoş əhvali-ruhiyyəli, şən insan kimi də qalmışdır. Daxilən həssas, qəlbi qəm-qüssə dolu bu insan heç vaxt ətrafına halını bəlli etməmişdir. Yeganə oğlu Arifi vaxtsız itirməsi şairi daxilən sındırsa da, o, ətrafında şən əhvali-ruhiyyə yaratmağa çalışmışdır. Ancaq oğlunun ölümündən sonra şairin həyatı tamamilə dəyişir. O, daxilindəki kədəri hiss etdirməməyə çalışsa da, bu şairin yaradıcılığında aydın şəkildə sezilib. Yazdığı şeirlərin əksəriyyətini oğluna həsr edir. Məhz Arif təxəllüsünü də oğlunun ölümündən sonra götürmüşdür. Elə bu səbəbdən də Xalq şairi hisslərini öz şeirində belə ifadə etmişdir:
Aləmi güldürən sözüm-söhbətim
Aləmi ağladan qəmim var mənim.
Övlad itkisinin ağırlığını çiyinlərində gəzdirən Hüseyn Arif həm də gerçək bir lətifə qəhrəmanı idi. Şair o qədər şən, baməzə, hazırcavab insan idi ki, onun hər hərəkəti, danışığı maraqlı lətifəyə çevrilirdi. Hətta, ən çətin situasiyalarda belə, vəziyyətdən zarafat etməklə çıxırdı.
Şair həm də gözəllik aşiqi olub. Gözəl qızlara, xanımlara şeirlər həsr edib. Deyilənə görə, Hüseyn Arifin ilk məhəbbəti uğursuz olub. Şairin ilk eşqi aşıq Mirzənin qızı Bənövşə olur. Lakin şair əsgərlikdə olanda, qız başqası ilə ailə həyatı qurur. Özündən yaşda xeyli kiçik, qızla evlənsə də şair sevgi şeirlərinin əksəriyyətində ilk sevgisi Bənövşəni xatırlayır.
Hüseyn Arif poeziyasının, şeirlərinin mayası, mənbəyi xalq yaradıcılığından, elat ədəbiyyatından qaynaqlanır. Yaradıcılığının kökünü aşıq poeziyası, xalq yaradıcılığı təşkil edir. Onun şeirləri həlim, yumşaq, həm də xalq ifadələri ilə zəngindir. Sətirlərə muncuq kimi düzülmüş misraları insanı yormur, incitmir. Bulaq suyu kimi qulaqlara axır, ürəyə süzülür. Folklor ədəbiyyatından, xalq yaradıcılığından güc alan şair öz şeirlərində Azərbaycanın hər qarış torpağını vəsf edir. Hüseyn Arifin şeirləri də ölkəmizin təbiəti kimi gözəldir, rəngarəngdir. Bu şeirlərdə buludları dəlib deşən uca dağlar, bəzəkli xalçaya bənzəyən meşələr, göz yaşı kimi dumduru buz bulaqlar, Vətənin aranı, yaylağı təsvir olunur.
Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə xalça nə lazım.
Gözündən su içək buz bulaqların,
Lilpar olan yerdə dolça nə lazım.
Bütün keyfiyyətləri, məziyyətləri və unikal xarakteri ilə Hüseyn Arif xalqın sevimlisi olub. Cəmiyyət arasındakı hörmətindən irəli gələrək, şairə el arasında "qağa" deyə müraciət edirmişlər. Şair həm də azad ruhlu, ipə-sapa yatmayan biri olub. Məsələn, ona ürəyi istəmədiyi nəyisə məcbur etmək qeyri-mümkün idi