Yevlax şəhidlərinin ailə üzvləri Şuşaya səfər edib
Gündəm

Yevlax şəhidlərinin ailə üzvləri Şuşaya səfər edib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin Şuşaya səfəri təşkil edilib.

“Respublika” xəbər verir ki, 31 şəhid ailəsinin üzvləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə yaxından tanış olublar.

Onlar Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini, Bülbülün ev muzeyini, Şuşanın tarixi-mədəni abidələrini, Şuşa qalasını ziyarət ediblər. Şəhid anası Şərafət Mehdiyeva deyib: “Şuşa şəhərinə səfərimizdən çox məmnunuq. Bu günü bizə yaşadan şəhid övladlarımıza, Ordumuza, Müzəffər Ali Baş Komandana borcluyuq. Bu gün biz qürur duyuruq ki, övladlarımızın azad etdiyi torpaqlardayıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.                              

Şəhid atası Fərman Kazımov: “Şuşanın erməni vandalları tərəfindən dağıdılmasını görüb kədərlənsək də, Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işləri bizi sevindirdi, fərəhləndirdi. Şəhidlərimizin qanı bahasına azadlığına qovuşmuş Şuşada olmaq olduqca qürurvericidir. Allah Ordumuzu qorusun. Qarabağ Azərbaycandır”.

Zabit XƏLİLOV,

“Respublika”