Ölkəmizin hər yeri gözəldir. Doğulub boya-başa çatdığım Yeni Suvagil Zaqatala rayonunun planlı şəkildə tikilmiş, ən gözəl və abad kəndlərindən biridir. Kəndin əhalisi əsasən əkinçilik, qoyunçuluq və maldarlıqla məşğuldur. Kəndimiz 20-ci əsrin ortalarına qədər Böyük Qafqaz dağlarının dağlıq ərazisində, Suvagil dərəsinin başlanğıcında yerləşirdi.
Suvagil kəndinin dağlıq ərazidən düzən əraziyə köçürülməsinin tarixi və tikintisi barədə arxiv materialları araşdırıldıqda müəyyən edilmişdir ki, 29 iyul 1948-ci ildə Zaqatala rayonunda güclü zəlzələ nəticəsində baş vermiş dağıntılar bir sıra yaşayış məntəqələrinin, o cümlədən Suvagil kəndinin köçürülməsini zəruri etmişdir.
Azərbaycan SSR Nazirlər Sovetinin 14 avqust 1948-ci il tarixli, 957 N-li və Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 3 sentyabr 1948-ci il tarixli qərarları ilə yaradılmış xüsusi komissiyaların apardığı araşdırmalar nəticəsində belə qənaətə gəlinmişdir ki, Zaqatala rayonu Suvagil kəndinin köhnə yerində qalması təhlükəlidir və kənd rayonun aşağı düzən hissəsinə köçürülməlidir.
Komissiyaların rəyində Suvagil kəndinin Zaqatala rayon mərkəzindən 38-40 kilometr məsafədə yerləşməsi, tez-tez torpaq sürüşmələrinin olması, sərt dağlıq ərazidən axan və mütəmadi daşqınlar törədən Suvagil və Qaraçay çaylarının əhatəsində olması, kənddən rayonun digər yaşayış məntəqələrinə gedən yolların bərbad vəziyyətdə olması, həmçinin relyefinin və digər şərtlərinin yaşayış məntəqəsi üçün əlverişli olmaması, eyni zamanda Lenin adına kolxozun köhnə Suvagil kəndi yaxınlığında əhalinin məşğulluğu üçün cəmi 32 hektar əkinəyararlı torpaq sahəsinin olması əsas gətirilərək kəndin daha münasib düzən əraziyə köçürülməsinin məqsədəyğunluğu qeyd edilmişdir.
Bütün bunları nəzərə alaraq, Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 05.07.1953-cü il tarixli Qərarı ilə köhnə Suvagil kəndinin "Araşem" (arxiv çıxarışında "Araşav" kimi tanınan ərazinin adı "Araşem" kimi qeyd olunmuşdur) adlanan aşağı düzən zonasına köçürülməsi barədə Lenin adına kolxozun 04.06.1953-cü il tarixli, 8 N-li ümumi yığıncağının Qərarı və Suvagil kəndi Lenin adına kolxozun köçürülməsi üçün sahənin seçilməsi haqqında aktı təsdiq edilmişdir.
Həmin qərara əsasən Azərbaycan SSR Nazirlər Sovetindən Suvagil kəndinin torpaq sahəsinin genişləndirilməsi məqsədilə Qax rayonunun "Dar-Maşa" (arxiv çıxarışında "Dar-Meşə" kimi tanınan ərazinin adı "Dar-Maşa" kimi qeyd olunmuşdur) adlanan ərazisinin dövlət meşə fondunun 2-ci kvartalından Lenin adına kolxozun torpaq sahəsinə bitişik ərazisindən 280 hektar torpaq sahəsinin Lenin adına kolxoza verilməsi və Lenin adına kolxozun kolxozçularına köçürülmə ilə əlaqədar güzəştlərin tətbiq edilməsi, mövcud qanunvericiliyə əsasən kolxoza və kolxozçulara kömək məqsədilə zəruri kreditlərin ayrılması xahiş edilmişdir. Həmçinin həmin qərarda Zaqatala rayonu Kənd təsərrüfatı və tədarük şöbəsinin sifarişi əsasında Azərittifaqdan Lenin adına kolxoza zəruri tikinti materiallarının ayrılmasının təmin edilməsi, kolxozun bölünməz fondunda vəsait çatışmadığı halda layihə-axtarış işlərinin yerinə yetirilməsi xərclərinin dövlət hesabına qarşılanması, bundan başqa, abadlaşdırma, ictimai, inzibati və idarəetmə binalarının tikintisi üçün Lenin adına kolxozun yetərli vəsaiti olmadığından qoyunçuluq fermasından 5-7 min baş civarında yaşlı qoyunların rayon daxilində digər təsərrüfatlara satışına icazə verilməklə maliyyə mənbəyinin yaradılması nəzərdə tutulmuşdur.
Qərarda Azərbaycan Respublikası Kənd təsərrüfatı və tədarükat Nazirliyindən Zaqatala Rayon Maşın Traktor Stansiyasına (MTS) onun sifarişinə əsasən tələb olunan miqdarda yerqazan və torpaq hamarlayan texnikaların ayrılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Beləliklə, qeyd olunan qərara əsasən 1953-cü ilin iyul ayından Suvagil kəndinin yuxarı dağ hissəsindən aşağı düzən hissəsinə köçürülməsi işlərinə başlanılmışdır.
Bundan başqa, kolxozun sərmayə qoyuluşu hesabında yetərli vəsaitin olmadığını nəzərə alaraq Suvagil kəndinin yuxarı dağ hissəsindən aşağı düzən hissəsinə köçürülməsi ilə əlaqədar anbarların, mal damlarının, kolxozçu həyətlərinin, kolxozun ictimai təsərrüfat, istehsalat və mədəni-məişət binalarının tikilməsi məqsədilə Suvagil kəndi Lenin adına kolxozun İdarə heyətinin kolxoz aktivi ilə birlikdə çağırılmış 30 mart 1954-cü il tarixli, 2 №-li iclasının Qərarı ilə 90.0 min manat və 4 fevral 1955-ci il tarixli ümumi yığıncağın 3 №-li iclasının Qərarı ilə 7600,0 (yeddi milyon altı yüz min) manat məbləğində Kənd Təsərrüfatı Bankından uzunmüddətli ssudanın götürülməsinin zəruriliyi qeyd olunmuşdur.
Zaqatala rayonu Yeni Suvagil kəndində tikilmiş yeni evlərə 1954-cü ildə kəndin yaxınlığında yerləşən binələrdə məskunlaşmış kolxoz üzvlərinin köçürülməsi ilə başlanılmışdır.
Şəkildə: 1954-cü il. Lenin adına kolxozun rəhbəri Mina Nəzirova və tikinti briqadiri Abdurahman Mülkümov, mühasibat işçiləri Bədrəddin Əhmədovun və Yuşa Həsilovun iştirakı ilə kolxozçu Əhməd Əhmədova Yeni Suvagil kəndinin ilk evinin orderini təqdim edirlər.
Bununla da Zaqatala rayonu Yeni Suvagil kəndinə əhalinin köçürülməsi başlanılmış və 1969-cu ilə qədər mərhələli şəkildə davam etmişdir.
XX əsrin son otuz ilində və XXI əsrin başlanğıcında Azərbaycan Respublikasında, rayonumuzda, o cümlədən doğma kəndimiz Yeni Suvagildə aparılmış quruculuq işləri ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Belə ki, həmin dövrdə Yeni Suvagil kəndində dövrün tələblərinə cavab verən mədəniyyət evi, iki orta məktəb, iki uşaq bağçası, xəstəxana və digər ticarət, ictimai iaşə və xidmət obyektləri tikilmiş, kəndin mərkəzi yolu asfaltlaşdırılmış, elektrik enerjisi və su təchizatı təmin edilmiş, istirahət parkı, idman meydançası və idman zalları, eyni zamanda məscid tikilərək əhalinin istifadəsinə verilmişdir.
7 may 2012-ci ildə baş vermiş 7 bal gücündə zəlzələ nəticəsində Zaqatala rayonunda, o cümlədən Yeni Suvagil kəndində dağılmış minlərlə fərdi yaşayış evi ulu öndərimizin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində yenidən tikilərək əhalinin ixtiyarına verilmişdir. Zəlzələ nəticəsində qismən zərər dəymiş yaşayış evlərinin, mədəniyyət evinin, orta məktəblərin, uşaq bağçalarının tam bərpası və ya cari təmiri aparılmışdır. Kəndin mərkəzi yolu asfaltlaşdırılmış və işıqlandırılmış, kəndarası yollar qum-çınqıl örtüyü ilə təmir olunmuş, eyni zamanda kəndin qazlaşdırılması nəzərdə tutulmuşdur.
Dövləti və dövlətçiliyi daim dəstəkləyən Yeni Suvagil kəndinin əhalisi qəhrəmancasına Vətənin müdafiəsinə qalxmış, İkinci Dünya müharibəsində 163, Birinci Qarabağ müharibəsində 12 və İkinci Qarabağ müharibəsində 3 şəhid vermiş, onların şərəfinə kəndin mərkəzində abidə kompleksləri tikilmişdir.
Qürur hissilə qeyd edilməlidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun mənfur erməni faşizmi üzərində qazandığı Zəfər nəticəsində Qarabağımızın işğaldan azad olunmasında Yeni Suvagil kəndinin gənclərinin də böyük rolu olmuşdur.
Daha da gözəlləşən və abadlaşan Yeni Suvagil kəndinin sakinləri dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirir və bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad edirlər.
Nəbi MÜLKÜMOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.