Yeni enerji mərkəzi: Azərbaycan
İqtisadiyyat

Yeni enerji mərkəzi: Azərbaycan

"Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Biz artıq fəaliyyətimizə başlamışıq, rəhbər komitə bir neçə dəfə toplanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı deyib. Xaricdən bəsit görünən bu layihə özlüyündə Avropanın enerji təhlükəsizliyinə ən faydalı töhfədir.

Enerji böhranı məsələsi Avropada müəssisələri iflas həddinə çatdırıb. 2022-ci ildə  24  faiz təşkil edən iflas dərəcəsinin bu ilin sonuna kimi daha da artacağı təxmin edilir. Avropa hazırkı vəziyyətdə işıqsız qalmaq təhlükəsi ilə üz-üzədir. Məhz  enerji ehtiyaclarlarının böyük bir qismini Rusiya vasitəsilə təmin edən Avropa dövlətləri mövcud durumda rəsmi Moskvanın qərarı ilə bu ili işıqsız keçirə bilər. Azərbaycan enerjisinin İran vasitəsilə Avropaya ötürülməsi məsələsi də həll yolu olaraq görünmür. Çünki İranın hər hansı bir vəziyyətdə Qərbə öz qapılarını bağlaması ehtimalı mümkündür. Bu baxımdan, Avropa analitiklərinin və Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cosep Borrelin verdiyi məlumata əsasən 2021-ci illə müqayisədə ötən 2 il ərzində işıq və qaz ödənişlərinin 10 dəfəyə qədər yüksəlməsi müşahidə edilib. Bunun müqabilində artan kütləvi etirazlar Aİ-ni böyük maliyyə xərcləri hesabına olsa da tutarlı addımlar atmağa vadar edib. Qərb Azərbaycan enerjisinin etibarlı nəqli üçün Xəzər dənizi vasitəsilə Türk ölkələrindən dəhliz yaradaraq yeni proje reallaşdırmaq niyyətindədir.

Bununla da Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında rolu əhəmiyyətli dərəcədə artacaq. Zəngin enerji potensialı olan ölkəmiz Avropa dövlətlərinin əsas tərəfdaşlarından birinə çevrilir. Prezident İlham Əliyevin ötən ilin dekabrında Rumıniyaya səfəri və 4 ölkə arasında "yaşıl enerji" ilə bağlı strateji tərəfdaşlıq haqqında imzalanan saziş bunu bir daha təsdiq edir. Azərbaycanın enerji strategiyasında yeni mərhələnin əsası qoyulub, proseslər Azərbaycanın dünyada etibarlı bazara çıxışını sürətləndirir. Enerji diplomatiyasını müstəqil şəkildə aparan ölkəmiz digər dövlətlərə təhdid yaratmır. Azərbaycanla Avropa İttifaqı arasında işbirliyi hər iki tərəf üçün də önəmli dividendlər təşkil edir. Azərbaycan sabit və etibarlı bazarlar axtarışındadır. Avropa İttifaqı da təhlükəsiz və etibarlı enerji mənbələrinə ehtiyac duyur. Bu baxımdan, hər iki tərəfin qazanc vəd edən bərabərhüquqlu münasibətləri həm də inkişaf tendensiyalarının prioritetlərini müəyyənləşdirən əsas amildir. Artıq Azərbaycanla Avropa İttifaqı arasında 2022-ci ilin iyulunda enerji sahəsində imzalanmış sənədin icrasına da başlanılıb. 2021-ci ildə ölkəmizdən Avropa İttifaqı bazarına ixrac edilən təbii qazın ümumi həcmi 19 milyard kubmetr idisə, bu ilin sonuna kimi bu rəqəm 24 milyard kubmetr olacaq. Bu il fevralın 3-də Bakının "Gülüstan" sarayında İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxışı da bu fikirləri təsdiqləyib.

Azərbaycanın ümumavropanın qaz tədarükçüsü olması ilə yanaşı, enerjiyə duyulan ehtiyacların ödənilməsi ölkəmizin nüfuzunun ikiqat artmasına gətirib çıxaracaq. "Enerjinin İpək Yolu" adlandırılan TANAP vasitəsilə XXI əsrin enerji tarixini yenidən yazan Azərbaycan qardaş Türkiyə ilə öz tarixi uğurlarını gerçəkləşdirir. Avropaya qaz və enerji nəqlini gerçəkləşdirən ölkəmiz iqtisadiyyatın güclənməsi və şaxələndirilməsində effektiv rol oynayan yeni layihələrin reallaşmasında maraqlıdır.

Tacir SADIQOV,

"Respublika".