Yeni beynəlxalq logistik plan
Digər xəbərlər

Yeni beynəlxalq logistik plan

Rusiya-Ukrayna müharibəsi yeni dünya düzəninin formalaşmasında həlledici rol oynayır. Müharibə iqtisadi və siyasi planları qlobal olaraq dəyişdirir. Mövcud şəraitdə müharibə ərazisindən keçən logistik yüklərin daşınması, eləcə də dəniz və hava yolu ilə tranzitin mümkünsüzlüyü dünyanı yeni iqtisadi plan haqqında düşünməyə vadar edir. Bu məramda Azərbaycan Bank Tədris Mərkəzinin maliyyə məsələləri üzrə müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Xalid Kərimli 2022-ci ildən artıq tranzit yollarının dəyişdirilməsi prosesinin başlanıldığını vurğuladı:

“Qərbin Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar və Rusiyanın Qərbə tətbiq etdiyi kontur sanksiyalar regional olaraq yükdaşımaların həyata keçirilməsini mümkünsüz edir və nəticədə Orta dəhliz və Şimal-Cənub dəhlizinin aktuallığı artır. Orta dəhliz Şərq və Mərkəzi Asiyadan yüklərin daşınması üçün önəmli tranzit yoludur. Sözügedən dəhliz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.  Digər tərəfdən Şimal-Cənub dəhlizi isə Hindistan üzərindən gələn yüklərin Azərbaycan ərazisindən keçərək Rusiyaya daşınmasını təmin edir”.  Ölkəmizin hər iki logistik dəhlizdə siyasi, iqtisadi və coğrafi mövqeyinin əvəzsiz olduğunu qeyd edən Xalid Kərimli Ələt Dəniz Limanının yükdaşıma imkanlarının artırılması istiqamətində planların mövcudluğunu bildirdi. Əsrlər boyu Bakı Limanı qədim İpək Yolu, eləcə də Şimali Avropa və Rusiyanı Orta Şərq və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşərək Şərq və Qərb arasında körpü rolunda çıxış etmişdir. Daha sonra bu marşrut Rusiya, Avropa, Hindistan və digər ölkələrdən olan xarici tacirlər tərəfindən də istifadə edilmişdir. Digər tərəfdən, Bakı-Tbilisi-Qars dəmir yolunda logistik imkanların genişləndirilməsi daha böyük yükötürmələrin reallaşmasına xidmət edir. Azərbaycanın quru, dəmir və dəniz yolu yükdaşımaları multimodal logistikada da önəmli rola sahibdir. Bu çərçivədə tranzit yollara nəzarət və yükdaşıma imkanlarının artırılması üçün ötən il Özbəkistan, Qazaxıstan və Türkiyə ilə birgə görüşlər keçirilmişdir. İşgüzar xarakterli görüşlərdə güzəştli tranzit imkanlarının genişləndirilməsi və şərtlərin formalaşdırılması üçün razılaşmalar əldə edilmişdir.

Nurlan ABDALOV,

“Respublika”.