Digər xəbərlər

"Yaşıl marafon" təbiətə gözəlliklər bəxş edir

Təbiətin "oksigen fabriki" adlandırılan meşələr planetin quru səthinin üçdəbirini tutur. Yer kürəsinin qiymətli təbii sərvəti olan meşə örtüyünün sahəsi 4 milyard hektardır. Meşələrin əsas xüsusiyyətlərindən biri bitki örtüyünün altında formalaşan mikroiqlimdir.

 Planetin "ağciyərləri"nin mikroiqlimi ətraf mühitin iqlimindən fərqlidir. Belə ki, açıq ərazilərdən fərqli olaraq, meşədə qış mövsümündə havanın temperaturu 3-5° C yüksək olur. İsti yay günlərində isə əksinə, hərarət bir neçə dərəcə enir.

Yer üzərində insan həyatı üçün ən mühüm ünsürlər olan oksigen, su kimi əsas maddələrin tarazlığı meşələr tərəfindən təmin edilir. Meşələr havadakı karbon qazını və zəhərli maddələri udur, nəfəs aldığımız havanı oksigenlə zənginləşdirir, tozdan təmizləyir. Ağaclar bir növ süzgəc, filtr rolu oynayır. Meşələr həm də torpaqda su balansını nizama salır, kəskin iqlim dəyişikliyinin, sellərin və torpaq sürüşməsinin qarşısını alır, güclü küləklərin təsirini zəiflədir, sovrulan qum kütlələrinin hərəkətini saxlayır.

Bir sözlə, meşələr, o cümlədən Kür qırağının meşələri gözəlliklər məskənidir. Bu məskənin bir hissəsi Muğan-Şirvan düzlərindən keçən Kür çayının sahillərindəki tuqay meşələridir. Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzi ölkənin 7 rayonunda mövcud olan Kürqırağı meşələrə nəzarət edir. Mərkəzin direktoru Vüsal Talıbovla söhbət zamanı aydın olur ki, hazırda meşəçilərin əsas vəzifəsi meşələri yayın isti günlərində yanğından qorumaqdır.

- Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə xidmət nümayəndələrinin iştirakı ilə meşəçilərlə, eləcə də meşələrin yaxınlığında yerləşən yaşayış məntəqələrinin əhalisi ilə görüşlər keçirir, kütləvi izahat işləri aparırıq. Mərkəzin xidməti ərazisi 9557 hektar meşəni əhatə edir. Meşələrin qorunmasında 5 meşəbəylik sahəsi məsuliyyət daşıyır.

Vüsal Talıbov əlavə edir:

 - Bildiyiniz kimi, ölkəmizdə son illər son dərəcə xeyirxah bir işə start verilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə "Ümumrespublika Yaşıllaşdırma Marafonu" keçirilir. Məqsəd yaşıllıqların sayını artırmaq, istər meşələrdə, istər park və xiyabanlarda ağaclara aqrotexniki qulluq göstərmək, bir sözlə, təbiətə gözəlliklər bəxş etməkdir. Bizim Mərkəz lap ilk günlərdən bu təşəbbüsə qoşulmuşdur. Təşəbbüsdən sonra yeni yaşıllıq zolaqları salınmış, meşələr daha da zənginləşmişdir.

Tuqay meşələri daim suvarılmalı, bərpa üçün tarlaqoruyucu zolaqlar çəkilməlidir. Qoruyucu zolaqlar meşənin genetik fonduna aid olan ağac növlərindən əkilməlidir. Tarlaqoruyucu meşə zolaqları torpağın su rejimini normada saxlayır, nəticədə çox buxarlanma getmir. Qədim meşə fondunda olan ağaclardan çürüyüb qalan kök sistemi oyuqlar yaradır və suvarma zamanı su itkisinə səbəb olur. Torpaq hazırlığı işlərində buna da fikir verilməlidir. Əks təqdirdə əkinlər uğursuz olur. Meşəçilər bu şərtlərə əməl edirlər. Bu ilin yaz mövsümündə Sabirabad və Şirvan şəhəri ərazilərində 30 hektarda meşə zolaqları salmışıq. Mərkəz 4 hektar sahədə tinglik təsərrüfatı yaradıb. Təsərrüfatda göyrüc, iydə, qarağac, qovaq və digər ağac fidanları göyərdilir. Meşə fondunun zənginləşməsi daima diqqət mərkəzindədir.

Direktor təəssüf hissilə bir daha bildirir ki, bütün səylərə baxmayaraq  Azərbaycanda yerüstü yanğınlar çox olur. Yanğınların başvermə səbəbləri arasında antropogen amillər birinci yerdədir. Meşələrdə ocaq qalanması, siqaret kötüklərinin, şüşə butulkaların atılması və onların Günəşin perpendikulyar şüalarına məruz qalaraq qızması ətrafdakı ot örtüyünün alışmasına və yanğına səbəb olur.

Meşələr əvəzsiz təbii sərvətimizdir. Ölkəmizdə meşələrin qorunması, yaşıllığın artması istiqamətində müxtəlif tədbirlər, o cümlədən ağacəkmə aksiyaları həyata keçirilir. Meşələri, yaşıl örtükləri qoruyub və zənginləşdirməyi hər kəs özünə vətəndaşlıq borcu hesab etməlidir.

T.YADULLAOĞLU,

"Respublika".