Azərbaycanın yaratdığı bu layihə Avropaya yeni pəncərədir
Müasir çağırışlar kontekstində dünya tamamilə yeni enerji təchizatı mərhələsinə qədəm qoymaqdadır. "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" dünyanın alternativ enerji mübadiləsi tarixində ilk belə beynəlxalq sənəddir: "Azərbaycan malik olduğu zəngin təbii ehtiyatlardan istifadə etməklə, alternativ və bərpaolunan enerji istehsalının artırılmasına, dekarbonizasiya və enerji mənbələrinin diversifikasiyası kimi qlobal gündəliyə mühüm töhfələr verir. Ortamüddətli perspektivdə ölkəmiz alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və "yaşıl enerji"nin - hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir". Bu fikirlər Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin iştirakçılarına məktubunda yer alıb.
Dövlət başçısı bildirib ki, xüsusilə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirilməsi, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" zonasının yaradılması ölkəni alternativ enerji istehsalçısı və ixracatçısına çevirəcək. Enerji keçidində Cənub Qaz Dəhlizinin strateji önəminin daha da artmasını nəzərə alaraq, TANAP və TAP layihələrinin genişləndirilməsi Azərbaycan üçün artıq aktual mövzuya çevrilmişdir. Cənub Qaz Dəhlizinin 2027-ci ilədək genişləndirilməsi və enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər şaxələndirilmiş enerji təchizatında və tərəfdaşlarımızın enerji təhlükəsizliyində ölkəmizin strateji rolunun daha da güclənməsinə xidmət edəcəkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində görülmüş işlər mühüm əhəmiyyət kəsb edir. Vətən müharibəsində qazandığımız qələbədən sonra ölkəmizdə "yaşıl enerji" layihələrində yeni mərhələnin başlanması isə bu sahədə qarşıya qoyulmuş hədəfləri daha da aktuallaşdırıb. Ötən dövrdə paytaxt Bakı ilə yanaşı, ölkəmizin digər bölgələrində də bərpaolunan enerji layihələri üçün potensial ehtiyat bir daha nəzərdən keçirilib, bu istiqamətdə müvafiq addımlar atılıb. Azərbaycanın neft-qaz sahəsində, xüsusən avropalı tərəfdaşlarla uğurlu əməkdaşlığı enerji resursları ixrac edən istənilən ölkə üçün nümunədir. Azərbaycanın digər ölkələrlə müqayisədə üstünlüyü bütün regionda "yaşıl enerji"nin inkişafına yönəlmiş layihələrin artıq işə salınmasından ibarətdir. Özünü ənənəvi resursların etibarlı təchizatçısı kimi təsdiqləmiş Azərbaycan əldə olunanlarla kifayətlənmir. Ölkənin "yaşıl enerji" ixracı üzrə iddialı planları geniş vüsət alır və artıq konkret təşəbbüslər irəli sürülüb.
Qarabağı "yaşıl enerji" zonası elan edən Azərbaycan dekarbonizasiya, qlobal tendensiyalara doğru səylər və öz iqtisadiyyatının inkişafı istiqamətində mühüm addımlar atıb. Bu gün Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən irimiqyaslı layihələr ölkənin gələcəkdə, həmçinin alternativ enerji istehsalçısı və ixracatçısına çevrilməsini təmin edəcək. İşğaldan azad olunmuş torpaqlarda həyata keçirilən ən mühüm bərpaolunan enerji mənbələri layihələrindən biri Britaniyanın BP şirkəti ilə günəş enerjisinin istehsalı üzrə birgə layihədir. Bu elektrik stansiyasının artıq iki il sonra tam fəaliyyətə başlayacağı gözlənilir. Bu miqyasda şirkətin həyata keçirdiyi layihə Azərbaycanın bərpaolunan enerji potensialının yüksək olduğundan, ölkəmizin etibarlı və stabil tərəfdaşa çevrildiyindən xəbər verir.
Bu gün Azərbaycanda "Masdar" və "ACWA Power" kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanılacaqdır. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni cəmi 710 meqavat. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir. Bərpaolunan enerji ilə bağlı planlarımıza gəldikdə, həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin 10 qiqavatı "Masdar" şirkəti, 12 qiqavatı "Fortescue" şirkəti tərəfindən istehsal olunacaqdır.
Mütəxəssislərin hesablamalarına görə, 3000 kVt-a qədər gücə malik elektrik stansiyaları