Yamanlıq zülmət gətirir: Bir neçə ştatın ABŞ-dan ayrılmaq istəyi
Siyasət

Yamanlıq zülmət gətirir: Bir neçə ştatın ABŞ-dan ayrılmaq istəyi

Dünyanın müxtəlif yerlərində separatizmi dəstəkləyən, ölkələrdə vətəndaş qarşıdurmasını alovlandıran ABŞ bu dəfə özü eyni təhlükə qarşısında qalıb. Necə deyərlər, uzun illərdir başqalarına  qazdığı quyuya artıq özü düşmək üzrədir. Söhbət Texasın müstəqil ölkə olmaq istəyinin yenidən gündəmə gəlməsindən gedir.

Belə ki, ştatın ABŞ-ın tərkibindən çıxması uğrunda hərəkatın miqyası daha da genişlənməkdədir. Buna səbəb federal hakimiyyət orqanlarına ştatın qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikan-məftilli səddi sökməyə icazə verən Ali Məhkəmənin qərarı olub. "Texit" hərəkatının lideri Daniel Miller vəziyyətdən istifadə etməyə çalışaraq ABŞ-da başlayan Respublikaçılar Partiyasının praymerizində Texasın müstəqilliyi məsələsini səsverməyə çıxarıb. Belə bir referendumun keçirilməsi üçün Respublikaçılar Partiyasına petisiya verilib və 139 456 səs toplayıb. Lakin partiya rəsmiləri ərizələrin verilməsi müddətinin pozulmasını və bəzi imzaların etibarsız ola biləcəyini əsas gətirərək "Texit"dən imtina ediblər. Məhkəmədə buna etiraz etmək cəhdi Texasın müstəqilliyi tərəfdarları üçün uğursuzluqla nəticələnib.

Qeyd edək ki, Texas Vaşinqtonun sərhədlərin bağlanmasına son qoymaq tələblərini və təmas zonasının nəzarəti təhvil vermək ultimatumuna baxmayaraq, Meksika sərhədində əlavə tikanlı məftillər çəkməyə başlayıb.  Bununla da ştat rəhbərliyi Texasa gəlmək istəyən miqrantların sayını azaltmağa nail olmaq istəyir. Çünki Bayden hakimiyyətinin fəaliyyətsizliyi ucbatından son üç il ərzində 6 milyondan artıq qeyri-leqal immiqrant ölkənin cənub sərhədini keçib ki, bu da ştatlarda ciddi narazılığa səbəb olub.

Hazırda Texas Vaşinqtonun qəbul etdiyi qərarı sabotaj edir və ştat rəhbərliyi Konstitusiyada təsbit olunmuş ABŞ-dan ayrılma ehtimalını nəzərdən keçirir. Nəzərə çatdıraq ki, Texas müstəqil ştat olaraq ABŞ-a daxil olduğundan, bu ştat müstəqillik məsələsi ilə bağlı ümumxalq referendumu keçirmək hüququna malikdir. Həmçinin, Texas bayrağı federal ilə eyni səviyyədə bayraq dirəyində olmaq hüququna malik yeganə ştatdır. Məsələnin ciddiliyini nəzərə alsaq, artıq Bayden administrasiyası üçün həyəcan təbilinin çalındığını söyləmək olar.

Digər bir məqam isə  müstəqillik istəyinin təkcə Texasla bitməməsidir. ABŞ Florida da daxil olmaqla bir neçə ştatını itirə bilər. Kaliforniya da öz dəstəyini Texasdan əsirgəmir.

Prezident seçkiləri öncəsi ölkədə belə vəziyyətin yaranması hazırkı prezident Co Bayden üçün heç də ürəkaçan mənzərə olmasa da, lakin onun əsas rəqibi Trampın mövqeyinin güclənməsinə səbəb olacaq. Xatırladaq ki, bu il  sayca 60-cı olacaq prezident və paralel olaraq ABŞ Senatı və Konqresinə seçkilər 2024-cü il noyabrın 5-də keçiriləcək.

Məlumdur ki, ABŞ uzun illər Azərbaycanda mövcud olmuş erməni separatçı rejimi dəstəkləyən ölkələrdən biri olub, hətta onlara yüksək kürsülərdən danışmaq, fikir söyləmək imkanı verib. Bir ovuc erməninin Qarabağda öz müqəddəratını təyin etmək hüququndan tez-tez dəm vuran rəsmi Vaşinqtonun indi belə mənzərə qarşısında özünü necə aparacağı çox maraqlı olacaq.  Hər halda dünyanın əsas güc mərkəzində siyasi gərginliyin yarandığını artıq söyləmək olar. Əgər Texas müstəqillik əldə etməyi bacararsa bu, digər ştatlar üçün stimul mənbəyi olacaq və onların Vaşinqton tabeçiliyindən çıxmasına ciddi təsir edəcək. Bu baxımdan, ABŞ öz əkdiyini özü də biçəcək.

ABŞ-da ilk dəfə deyil ki, belə bir məsələ gündəmə gəlir. Analoji tələblər demək olar ki, bir neçə ildən bir Ağ Evi narahat etməkdədir. Hələ 10 il öncə ABŞ nə az, nə çox, düz 29 ştatını itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin ərəfədə  Ağ Evin rəsmi saytında ABŞ-ın regionlarda yaşayan sakinlərinin xahişi ilə yeni petisiya yerləşdirilmişdi. Buna səbəb sakinlərin yaşadığı regionun Vaşinqtona bağlı olmağını istəmədikləri idi. O illərdə də prosesdə lokomotiv rolunu Texas ştatı oynayırdı. Ştatın on minlərlə vətəndaşı Ağ Evin rəsmi saytında yerləşdirilmiş petisiyaya səs vermişdi. Eyni zamanda  Luiziana, Florida, Alabama, Missisipi, Nyu-Cersi, Kentukki ştatları da petisiyaya qoşulmuşdular.  Ştat rəhbərləri öz müraciətlərində ölkə rəhbərliyinə ABŞ tərkibindən çıxmaq hüququnun, ya da referendumun keçirilməsinə icazə verilməsini istəmişdilər. Müraciətdə, həmçinin qeyd olunurdu ki, 29 ştat ölkədə insanların şəxsi həyatına hakimiyyətin qeyri-adekvat addım atmasına, iqtisadi islahatların keçirilmədiyinə və ABŞ vətəndaşının hüquqlarının pozulduğuna görə ABŞ-dan ayrılmaq istəyir.

Musa BAĞIRLI,

"Respublika".