Xalqımız əsrlər boyu azad, müstəqil yaşamağa can atmış, bu yolda çoxlu qurbanlar vermiş, əzablar, çətinliklər və mərhumiyyətlərlə üzləşmişdir. Keçən əsrin əvvəlində müsəlman Şərqində ilk parlamentli, dünyəvi respublika - Azərbaycan Xalq Cümhuriyyəti qurulmuş, cəmi 23 ay yaşamışdır. Sovet hakimiyyəti illərində həmin dövr tariximizin "ağ səhifəsi" kimi öyrənilməmiş qalmışdır. Hətta o barədə danışmaq, yazmaq belə yasaq idi. Orta və ali məktəblərdə SSRİ-nin və dünya ölkələrinin tarixini öyrənsək də, ana Vətənimizin müstəqillik tarixindən xəbərimiz olmurdu.
Uşaq yaşlarımda müsavat sözünü ilk dəfə nənəmin dilindən eşitmişdim. Atasının, əmisinin nakam taleyini tez-tez yada salıb ağlayır, atasının Nargin adasında güllələndiyini, qəbrinin olmadığını deyirdi:
- Mənim 12-13 yaşım olardı. Atam Əliağa Dövlət oğlu və əmim İbad Müsavat partiyasına xidmət edirdilər. Əmim qaçaqlarla dağlara çəkilmişdi. Gecəyarısı qaçaqların atlarının ayaq səsinə yuxudan oyanardıq. Əmimin dəstəsi evimizin damında gizlənərdi. Zənbilə çörək, yavanlıq qoyur, iplə yuxarı dama qaldırardılar. Hava aşılmamış kənddən çıxardılar. Gündüzlər meşələrdə, dağlarda gizlənir, qırmızı ordu hissələri ilə döyüşürdülər.
Vəziyyət getdikcə gərginləşirdi. 150-200 nəfərlik qaçaq dəstəsi topu, pulemyotu, silah cəbbəxanası olan bolşevik ordusunun qarşısında tab gətirə bilmədi. Nənəmin əmisi İbad İranın Ərdəbil şəhərinə qaçır, atasını isə həbs edib Lənkərana aparırlar.
1980-ci illərin axırlarında arxivlər açılanda babamın cinayət işi ilə tanış oldum. 45 yaşlı Əliağa Dövlət oğlu Müsavat partiyasının lehinə işlədiyinə, antisovet təbliğatı apardığına, sovet hakimiyyəti əleyhinə qiyamçı hərəkatda iştirak etdiyinə görə həbs edilib. O illərdə milli dövlətçiliyimiz uğrunda çoxlu qanlar tökülüb. Qeyrətli, vətənpərvər insanlar xüsusi amansızlıqla qətlə yetirilib, Qazaxıstana, Sibirə sürgün olunub. Minlərlə ailə repressiyaya məruz qalıb.
Yaxşı yadımdadır. Bakı Dövlət Universitetində oxuduğum illər sovet rejiminin ən sərt dövrü idi. Azərbaycan Xalq Cümhuriyyətinin adı heç yerdə çəkilmirdi. 1979-cu ildə diplom rəhbərim, mərhum professor Fərhad Tağıyevlə akademiya bağında gəzişirdik. Fərhad müəllim fakültəmizin partiya təşkilatı katibi idi. Gözəl alim, vətənpərvər ziyalı, səmimi insan olduğundan tələbələr xətrini çox istəyirdilər. İlk dəfə az qala pıçıltı ilə mənimlə belə bir söhbət etdi:
- Universiteti bitirirsən. Gələcəyinə inanıram. İstəyirəm ki, həqiqəti biləsən. Əsrin əvvəllərində bizim müstəqil dövlətimiz olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərib. Parlamenti, dövlət atributları, milli ordusu olub. Oxuduğun universitet də 1919-cu ildə yaradılıb.
1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.
Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətinə malik hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu. Təhsil milliləşdirildi, Azərbaycanın ilk universiteti təsis olundu, xalqın mədəni yüksəlişi üçün müstəsna əhəmiyyətli işlər görüldü.
Yurdumuzun cənub bölgəsində də demokratik respublikanın atdığı addımlar yerli əhali tərəfindən böyük sevinclə qarşılanırdı. O dövrün canlı şahidi, görkəmli tədqiqatçı İshaq Axundzadə xatirələrində yazır: "Milli Müsavat hökuməti Astara tərəfindən qoşun çıxarıb Lənkəranın Sütəmurdov kəndinə qədər gəldi, amma Muğan polku onları şəhərə buraxmadı. Hər axşam bərk atışma olurdu. Lənkərançay boyunca qayaların arxasında əsgərlər səngər qazmışdı. Boş vaxtlarımı Muğan polkunun qərargahı qarşısında keçirirdim. Bir neçə dəfə