Əlverişli təbii iqlimə malik bərəkətli Xaçmaz torpağı hər cür nemət yetirir. Burada yetişən məhsulların öz dadı, öz tamı var. Bu torpaqda kəndli sahibkarlar, fermer, ailə təsərrüfatları hər il 10 min tonlarla müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirirlər. Kənd təsərrüfatında işlərin gedişi barədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Altay Hacəliyev bir qədər ətraflı məlumat verərək deyir ki, rayonumuzda 57 min 380 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi vardır. Mövcud sahələrin 24.492 hektarını meyvə bağları, 20 min hektardan çox hissəsini taxıl, 4 min hektarını tərəvəz, bostan məhsulları, 3500 hektara yaxın isə yem bitkiləri təşkil edir. Ötən payızda cari ilin məhsulu üçün 20.274 hektar taxıl əkilmişdir ki, bunun da 13 min 723 hektarı buğda, 6 min 551 hektarı isə arpa sahələridir. Qeyd edim ki, Qalağan, Çarxı, Niyaz oba, Müşkür, Dədəli inzibati ərazi dairələrində daha çox taxıl əkilmişdir.
Rayonun kənd təsərrüfatında meyvəçilik üstün yer tutur. Meyvə bağlarının sahəsi ildən-ilə genişlənir. Meyvəçilərimiz daha çox intensiv bağçılığa üstünlük verirlər. Son payız və bu yaz mövsümündə 750 hektar sahədə yeni intensiv bağlar salınmışdır.
Hazırda təsərrüfatın bütün sahələrində qızğın iş gedir. Taxıl zəmilərində alaq otlarına və xüsusi təhlükəli zərərvericilərə qarşı kimyəvi mübarizə aparılır. Bağlarda cərgə araları yumşaldılır, suvarma, dərmanlama və digər aqrotexniki tədbirlər həyata keçirilir. Yazlıq əkinlərə hazırlıq işləri də başa çatmaq üzrədir. Yaxın günlərdə ştillərin sahələrə köçürülməsi başlanacaqdır. Ümumilikdə, bu yaz 4 min hektara yaxın bostan və tərəvəz bitkilərinin əkilməsi nəzərdə tutulmuşdur. Hazırda yazlıqların əkiləcəyi sahələr diskilənir, alaqdan təmizlənir.
Kənd əməkçilərinə bütün bu işlərin görülməsində rayonda olan xidmət sahələri yaxından köməklik göstərir. Fermerlər bu günlər aqroservisçilərə daha çox üz tuturlar. "Aqroservis" ASC-nin Xaçmaz Regional Nümayəndəliyinin nümayəndəsi Rafiq Tağıyev bizimlə söhbətində bildirdi ki, təsərrüfat işlərinin gərgin çağında torpaq adamlarına texnika və gübrə sarıdan lazımi kömək və dəstəyimizi əsirgəmirik. Sahələrə vermək üçün kifayət qədər gübrə ehtiyatımız var. Rayon Suvarma Sistemləri İdarəsi də mövsümə hazırlıq işlərini sürətləndirmişdir. Torpaq arxlar lildən təmizlənir, yeni beton arxlar istifadəyə verilir. Mövcud sudan düzgün və qənaətlə istifadə olunmasına ciddi nəzarət olunur.
"Yeni həyat" qəsəbə inzibati ərazi dairəsinin əhatə etdiyi kəndlərdə əhali əsasən bağçılıqla məşğuldur. Torpaq mülkiyyətçilərinin öhdəsində olan 1543 hektar yararlı torpaq sahəsinin çox hissəsini meyvə bağları təşkil edir. Onu da deyək ki, bu kəndlərdə bağçılıq mədəniyyəti çox yüksəkdir. Vaxtilə bu ərazidə məşhur üzümçülük təsərrüfatı fəaliyyət göstərib. Bu gün isə meyvəçilik təsərrüfatları daha çox gilas, alma, fındıq, nektarin meyvələrini yetişdirirlər. Ərazidə gedən təsərrüfat işləri barədə qəsəbə Sudan İstifadə Edənlər Birliyinin sədri Mehrali Əliyev deyir ki, gördüyünüz kimi, hamı öz təsərrüfatında iş başındadır. Biz suvarma işçiləri hər gün onların yanındayıq. Torpaq adamlarına lazımi xidməti vaxtında göstəririk. Xidmət etdiyimiz ərazidə 56 kilometr uzunluğunda suvarma kanalları mövcuddur. Bunun 12 kilometri beton örtüklüdür. Məlumat üçün deyim ki, suvarma suyunu Samur-Abşeron kanalından alırıq. Alınan kanal suyu tez lilləndiyindən, torpaq məcralı kanalları hər il təmizləməli oluruq. Odur ki, torpaq kanalların tədricən beton kanallarla əvəzlənməsi olduqca vacibdir.
Qarşıdakı meyvə bağında ağac gövdələrinin dərmanlanması və diblərinin yumşaldılması ilə məşğul olan ailə təsərrüfatının üzvlərini görürük. Onlarla söhbətləşirik. Vahid Səfərov ailəsi ilə birlikdə 2 hektar bağ sahəsinə xidmət göstərir. Burada gilas, fındıq, nektarin və qoz meyvələri yetişdirir. Bağban bildirir ki, bağının bir hissəsi intensiv, bir hissəsi də ənənəvi bağlardır. Yeni bağı damcı üsulu ilə suvarırıq