Xaçmaz şəhərində Əmək yarmarkası
Region

Xaçmaz şəhərində Əmək yarmarkası

İşəgötürənlərlə işaxtaranların birbaşa təmasını yaratmaqla vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən Xaçmaz şəhərində 41 müəssisə ilə birgə Əmək yarmarkası keçirilmişdir. Yarmarkaya işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan, ixtisası və peşəsi yarmarkaya çıxarılan vakansiyalara uyğun 2 min nəfərdən çox vətəndaşla iş aparılaraq uyğun namizədlər dəvət olunub. Yarmarkada  iştirak edən işəgötürənlər tərəfindən işaxtaranlara vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilmiş,  200-dən çox peşəni əhatə edən 1380 boş iş yeri  (əməkhaqqı 345-2000 manat aralığında) təqdim olunmuşdur.  Vakansiyalar 14 iqtisadi fəaliyyət növü üzrə olmaqla regional əmək bazarının tələbatına uyğun olaraq turizm (14 müəssisə), kənd təsərrüfatı (11 müəssisə) və istehsal sahələri üzrə (3 müəssisə) çoxluq təşkil edib. Qalan müəssisələrin 3-ü səhiyyə, 2-si bank, 2-si tikinti, 2-si ticarət və 4-ü digər sahələri əhatə edib. Yarmarkada ən çox iş yerləri turizm sektorunu təmsil edən şirkətlər tərəfindən təklif edilib. Əmək yarmarkasına kənd təsərrüfatı - xüsusilə bağçılıq sahəsi üzrə 300-dən çox vakansiya çıxarılıb. Yarmarkaya çıxarılan boş iş yerlərinin çoxu (160 vakansiya) bağ fəhləsi olmaqla yanaşı, aqronom, aqronom köməkçisi, budamaçı kimi əməyi yüksək qiymətləndirilən peşələr olmuşdur. Bu peşə sahiblərinə işəgötürənlər tərəfindən 600-1000 manat civarında əməkhaqqı təklif edilib.

Yarmarkada çox işçi tələb olunan sahələrdən biri də tikinti sahəsi olub. Bu sahədə işaxtaranlara 120-dək vakansiya təklif olunub.

Təqdim olunan iş yerlərinin 89-u  ali və orta ixtisas, 1291-i orta və peşə təhsili tələb edən vakansiyalar olub. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 345-2000 manat arasında dəyişib.  Yüksək  təhsil tələb edən ixtisas və peşələr üzrə daha yüksək əməkhaqqı təklif olunub.

Tədbirdə işəgötürənlərlə bilavasitə təmas yaratmaqla işaxtaran şəxslərə iş yerlərinə göndəriş verilmiş, işsiz və işaxtaran şəxslər peşə  seçiminə istiqamətləndirilmişdir.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.