"Çox təəssüf ki, YUNESKO erməni vandalizmi nəticəsində dağıdılmış Azərbaycanın tarixi, eləcə də dini abidələrinin monitorinqini aparmır, bununla bağlı hər hansı bir hesabat yayımlanmır. Halbuki Ermənistanın 30 illik işğalı müddətində Azərbaycan ərazisində kifayət qədər çoxlu sayda tarixi abidələrin dağıdılması və məhv edilməsi həyata keçirilib".
Bu sözləri "Respublika"-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkili, həmçinin qeyd edib ki, Azərbaycanın qədim tarixə malik məscidlərində işğal müddətində donuzların saxlanması, eləcə də onların dağıdılması qurumun diqqətindən kənardadır:
"YUNESKO-nun praktiki olaraq fəaliyyətini siyasiləşdirib, öz mandatı çərçivəsində proseslərə münasibət bildirilməsi olduqca vacibdir. Bu gün onun Xankəndinə getmə israrı, amma Füzuli, Ağdam və digər erməni vandalizmi nəticəsində dağıdılmış rayonlarda yaşayış məntəqələrinə üz tutmaması, monitorinq aparmaması və hesabatlar yayımlanması ondan xəbər verir ki, bu qurum Fransanın təsir dairəsindədir. Hazırda təşkilat rəsmi Parisin müəyyənləşdirdiyi xətt üzrə öz fəaliyyətini davam etdirir və prosesələrə, xüsusən də Azərbaycan ərazisində baş verənlərə qərəzli və birtərəfli olaraq yanaşır. Bütün bunlar bir daha qurumun hazırladığı hesabatların qərəzli olduğunu, eyni zamanda reallığı əks etdirmədiyini söyləməyə əsas verir".
Nəzrin ELDARQIZI,
"Respublika".