Ukraynanın neytral status alması o halda mümkündür ki, konkret dövlətlər tərəfindən ciddi təhlükəsizlik təminatları verilsin. Rusiya da bu zəmanətləri qəbul etməlidir. Bundan sonra onlar referenduma çıxarılacaq və son qərarı Ukrayna xalqı verəcək.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.
“Rusiyanın Ukrayna üçün neytral status istəməsinə gəlincə, əgər bu, müharibənin başa çatması ilə bağlı razılaşmaların bəndlərindən biridirsə, o zaman biz Ukrayna üçün bu neytral statusu nəzərdən keçirməyə hazırıq. Ancaq bir şərtlə ki, konkret ölkələrdən təhlükəsizlik zəmanətləri olsun ki, bunlar boş müqavilələr olmasın. Əgər bunlar ciddi razılaşmalardırsa, təhlükəsizlik zəmanəti verilirsə və Rusiya bunu qəbul edirsə, o zaman onlar referenduma çıxarılacaq və Ukrayna xalqı müvafiq qərar qəbul edəcək”, - deyə Zelenski vurğulayıb.
AZƏRTAC