44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə, bizə xalqımızın əsrlər boyu üzləşdiyi fəlakətlərin, soyqırımı aktlarının hesabını çəkmək, tarixi ədaləti bərpa etmək imkanı yaradıb. Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilmiş Azərbaycanın bu gün növbəti hədəflərindən biri də Qərbi azərbaycanlıların pozulan hüquqlarının tanınmasına nail olmaqla, onları əzəli yurdlarına qaytarmaqdır. Bu hədəf öz tarixi ata-baba torpaqlarından zorla deportasiya edilmiş yüz minlərlə soydaşımızın ən böyük arzusu, xəyalıdır.
Ermənilər tarix boyu soydaşlarımıza qarşı dəfələrlə soyqırımı törədiblər, onları öz yurdlarından didərgin salıblar. Təkcə bu gün Ermənistanda bir nəfər belə azərbaycanlının yaşamaması faktının özü kimin haqlı, kimin haqsız olduğunu sübut edir. 1991-ci ildə azərbaycanlıların vaxtilə əhalisinin mütləq əksəriyyətini təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması başa çatdırıldıqdan sonra həmin torpaqlar ermənilər tərəfindən mənimsənilib. Dünyaya özlərini məzlum xalq kimi sırımağa çalışan bu soysuzlar tarixi yurd yerlərimizin bir qismində yaşasalar da yüzlərlə kəndlərimiz mədəni irsimizlə birlikdə tamamilə dağıdılaraq xarabalığa çevrilib. Bu kəndlərin böyük bir qismi 1918-1920-ci illərin faciəli soyqırımının, bir qismi 1948-1953-cü illərdəki, sonuncusu isə - 1980-ci illərin sonlarında ermənilər tərəfindən misli görünməmiş qəddarlıqla həyata keçirilmiş deportasiyanın şahidləridir. Hər bir kənd xarabalığı Qərbi azərbaycanlıların başına gətirilən faciələrdən xəbər verir və arxiv sənədlərində bu kəndlərin bir çoxunda ötən əsrin əvvəllərində Cənubi Qafqaza axın edən ermənilər tərəfindən kütləvi qətliamların həyata keçirilməsi haqqında məlumatlar mövcuddur. Həmin kəndlərin təkcə insanlarına qarşı qətliamlar törədilməyib, tarixi abidələr, məscidlər, mədəni irs nümunələri, qəbiristanlıqların böyük bir qismi də erməni barbarlığı nəticəsində tamamilə yer üzündən silinib.
''35 ildir Vətən həsrətiylə alışıb yanıram. Hər gecə kəndimizi, qayğısız - xoşbəxt günlərimi, atamın və anamın əlimdən tutaraq kəndimizin mərkəzində yerləşən rəhmətlik Təyyar dayının dükanından sevdiyim şirniyyatları almalarını, rayon mərkəzinə gedərkən ermənilərdən qorxaraq atamın qucağına çıxmağımı görürəm. Demək ki, mən yuxumda heç böyüməmişəm''. Bu fikirləri əslən Göyçə mahalının, Basarkeçər rayonu, Nərimanlı (Hüseynquluağalı) kəndində dünyaya gələn, 10 ildir İstanbulda yaşayan həmyerlimiz Aytən Kanber vurğulayıb.
Nərimanlı kəndinin adı yarandığı ilk gündən XIV əsrin sonu (1387-1388), XV əsrin əvvəllərindən (1410-1415) 1988-ci ilin dekabrına qədər dəfələrlə dəyişdirilib. Hüseynquluağalı 1387-1388-1926-cı ilə qədər, Nərimanlı 1926-1988-ci ilin dekabrına qədər olmuşdur.
Qazax mahalından Göyçə mahalına gələn dörd qardaş Quluağa (Böyük Məzrə), Vəliağa (Zod) Qaraiman (Oğruca), Hüseynquluağa (Nərimanlı) kəndin himini salmışdır. Kəndin sonuncu adı Nərimanlı isə böyük dövlət xadimi Nəriman Nərimanovun adı ilə bağlıdır. Sonradan isə 1991-ci ildə yenidən dəyişdirilib Şatvan qoyulmuşdur.
''Uşaqlıq illərimin ən yaddaqalan günləri elimin, obamın, doğmalarımın əhatəsində keçirdiyim günlərdir. Yaddaşım ağ kağız üzərində çəkilmiş rəsm əsəri kimidir. Aradan uzun illər keçməsinə baxmayaraq, bu rənglər solmur, tam tərsinə, daha da tündləşir. Doğma Vətənim, ən gözəl yuxum, qoynunda dünyaya göz açdığım, ayaq tutub torpağında yeridiyim Nərimanlı kəndi mənim yaddaşımda silinməz iz buraxıb. Kənddə cəmi 5 yaşıma qədər yaşasam da evimiz, qohumlarımız, bulaqlarımız, dağlarımız, ümumən Nərimanlıdakı qayğısız uşaqlıq illərim daim xatirimdədir. Çox xoşbəxt böyümüşəm. Kinin, nifrətin, kədərin nə olduğunu bilməmişəm. İndi isə bu xoş hisslərdən çox-çox uzaqlardayam'', - deyir Aytən Kanber.
''Kənddən ayrılanda 5 yaşım vardı. Atam işi ilə bağlı Bakıya köçmək məcburiyyətində qaldığından çox ağlamışdım. Mən onunla Bakıya getmək istəmirdim. Sanki iç hisslərim getmə, bir daha kəndə qayıtmayacaqsan deyirdi. Nənəmə, babama sarılaraq yalvarırdım ki, nə olar, məni qoymayın gedim Bakıya... Ailəlikcə Mehdiabad qəsəbəsinə yerləşdik. Hər il məktəbin bağlanmasını səbirsizliklə