Vətənpərvərlik və əməksevərliyin nümayişi - könüllülük
Sosial həyat

Vətənpərvərlik və əməksevərliyin nümayişi - könüllülük

Hər il 5 dekabr dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib. Könüllülük mərhəmət, əliaçıqlıq, ədalət hissidir. Könüllü olmaq ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Bu gün insanları könüllülük fəaliyyətinə cəlb etmək, onları ictimai faydalı işlər görərək dünyada pozitiv dəyişikliklər yaratmağa təşviq edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər mühüm rol oynayırlar.

Könüllülük fəaliyyətinin inkişafı, təbliği Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə könüllülük fəaliyyəti ulu öndərin hakimiyyətə qayıdışından sonrakı illərdə başlayıb. Belə ki, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışının ilk illərindən başlayaraq hərtərəfli və davamlı inkişaf yolunda dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. İnsanları ölkədə baş verən proseslərə könüllü şəkildə cəlb etməyə, onların təcrübəsindən yararlanmağa önəm verilib. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə proqramın həyata keçirilməsi nəticəsində ölkəmizdə güclü, çoxsaylı könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə başlanıb.

İctimai həyatımızın demək olar ki, bir hissəsinə çevrilmiş sahələrdən olan könüllülüyün inkişafında ulu öndərin layiqli davamçısı, ölkə başçımız İlham Əliyevin rolu danılmazdır. Prezident 29 dekabr 2012-ci ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 saylı "Asan xidmət" mərkəzinin açılışı zamanı könüllülərlə görüşdə onların həyatdakı rolunu xüsusi vurğuladı: "Gənclərdə bu işlərlə məşğul olmaq üçün maraq və həvəs vardır. Ümumiyyətlə, könüllülük işi çox nəcib işdir və hər bir gəncin öz dövlətinə bağlılığını göstərir. Eyni zamanda burada təcrübə əldə etmək üçün də yaxşı imkanlar vardır. Onlar gələcək fəaliyyətlərində də əlbəttə ki, bu təcrübədən istifadə edəcəklər".  Belə ki, dövlət başçısı İlham Əliyevin imzaladığı 5 sentyabr 2016-cı il tarixli "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və  könüllülərinin həvəsləndirilməsi ilə  bağlı bəzi tədbirlər haqqında" Sərəncamla "ASAN könüllüləri" də daxil olmaqla, bu sahənin davamlı inkişafına növbəti dəstək verildi.

2015-ci ildə Bakıda I Avropa Oyunları keçirildi. 15 min idmansevər könüllü ilk dəfə ölkəmizdə keçirilən böyük bir yarışın ev sahibləri kimi uğurla iştirak etdi.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il "Könüllülər İli" elan edildi. Dövlətimizin başçısının bu qərarı gənclərin öz potensiallarına inamlarının artmasına, həmçinin ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin daha da inkişafına mühüm töhfəsini verməkdədir. Ölkə başçımızın bununla bağlı verdiyi Sərəncamda bildirilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Eyni zamanda könüllülər üçün ən həlledici sınaqlardan biri də 27 sentyabr 2020-ci ildə Vətən müharibəsində oldu. Məhz "Könüllülər İli" kimi qeyd edilən həmin ildə ölkə gəncləri könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar. Yüzlərlə könüllü gənc Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun sıralarına yazılaraq torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda döyüşlərə qatıldı. Könüllülərimiz cəbhədə gedən döyüşlərlə bərabər, eyni zamanda arxa cəbhədə də yüksək fəallıq, qəhrəmanlıq göstərdilər.

Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə istər respublikamızda, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi humanitar, mədəni layihələrlə xalqımızın zəngin mədəni irsinin təbliğinə, ölkədə elm, təhsil və səhiyyənin inkişafına töhfələr verir.

Bu gün Azərbaycanda yüksək bilik və təcrübəyə malik geniş könüllülər ordusu fəaliyyət göstərir. Könüllülük ölkəmizin hər bir bölgəsini, ictimai həyatın müxtəlif sahələrini, cəmiyyətin bütün təbəqələrini də əhatə edib. Bu fəaliyyət Azərbaycan gənclərinin potensialının üzə çıxarılması və səmərəli istifadəsi üçün əlverişli imkanlar yaradır.

Röya RÜSTƏMLİ,

"Respublika".