Vətənə, xalqa fədakar xidmətin 20 ili
Siyasət

Vətənə, xalqa fədakar xidmətin 20 ili

Dövlətimizin başçısı fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tamamilə yerinə yetirib

Bu gün Azərbaycan xalqı tarixinin ən şanlı günlərini yaşayır. 1993-cü ildə ölkəni xaos, anarxiya girdabından sabit inkişaf yoluna çıxaran, müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı, Prezident İlham Əliyevin uzaqgörən, dərin elmi əsaslara söykənən fəaliyyəti sayəsində respublikamız hazırda tərəqqi və inkişaf yolunda uğurla irəliləyir.

Ölkəmizə rəhbərlik etdiyi 20 ildə ona olan etimadı əməli fəaliyyəti ilə doğruldan Prezident İlham Əliyev qarşısına qoyduğu strateji hədəflərə çatmaq üçün qətiyyət göstərərək çoxəsrlik milli dövlətçiliyimizin salnaməsinə yeni uğurlar yazmışdır. Dövlətimizin başçısı 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişdir.

Əsas hədəfi Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün müəyyənləşdirdiyi konseptual yol xəritəsini müasir dövrün tələblərinə uyğun reallaşdırdı. Güclü iqtisadi potensialın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, müasir silahlı qüvvələrin yaradılması, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin möhkəmləndirilməsi kimi taleyüklü vəzifələri paralel yerinə yetirən, xalqı öz ardınca aparan, liderlik üçün tələb olunan xüsusiyyətləri şəxsi və siyasi fəaliyyətində formalaşdıran cənab İlham Əliyev beynəlxalq aləmdə də nüfuzlu dövlət başçısı, qətiyyətli lider olduğunu təsdiqlədi. Ölkə iqtisadiyyatının dinamik inkişafını sürətləndirməklə güclü dövlət formulunu təkmilləşdirdi.

2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən sonra respublikamızın inkişaf yoluna nəzər salmaqla regionda və dünyada nümunə göstərilən Azərbaycanın heyrətləndirici uğurlarının şahidi oluruq. Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması cənab Prezidentin daim diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox, orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artmışdır. Son 20 ildə orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəlmişdir. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar yaralanmış və əlil olmuş şəxslərin müalicəsi, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması daim dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.

Son illər ölkəmizdə uğurla reallaşdırılan islahatların nəticəsində qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 20 il ərzində qeyri-neft ixracı 8 dəfədən çox artıb, bu dövr ərzində respublika üzrə 50-dən çox aqropark yaradılıb. Bütün bunlar dünyadakı qlobal sarsıntıların fonunda respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, maddi bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına böyük töhfələr verir.

Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən nüfuzu xalq-iqtidar birliyinin, həmrəyliyinin ifadəsidir. Dövlətimizin başçısının diplomatik məharətinin və dünyadakı nüfuzunun nəticəsidir ki, 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunmuş Azərbaycan artıq 2019-cu ildə bu təşkilatın sədri seçilmiş və uğurlu sədrliyinə görə sədrlik səlahiyyəti daha 1 il artırılmışdır. Azərbaycanın təşəbbüsü ilə QH tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi"nə dair qətnamə qəbul edilməsi dövlət başçımızın beynəlxalq aləmdə möhkəmlənən nüfuzunun ifadəsidir. Bu il dekabr ayının 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar qəbul olunan qərar Prezident İlham Əliyevin beynəlxalq aləmdə qazandığı daha bir uğurdur. Təsdiqlənmiş faktdır ki, Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında danılmaz xidmətləri olan ulu öndər Heydər Əliyevin yolunu davam etdirən cənab İlham Əliyev bu təşkilatda Azərbaycan faktorunun nüfuzunu daha da artırıb.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının, "Əsrin müqaviləsi"nin coğrafiyasının genişləndirilməsi ilə Azərbaycana yönələn investisiyaların həcmi çoxalıb. Neft-qaz sektoruna cəlb olunmuş sərmayələrin həcminin artırılması, ixrac infrastrukturunun təkmilləşdirilməsi, respublikamızın Orta Dəhliz kimi mühüm tranzit mərkəzinə çevrilməsi, beynəlxalq aləmdə enerji, nəqliyyat xəritəsini dəyişən qüdrətli ölkə kimi tanınması sadalanan uğurların yalnız bir qismidir. 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbulu və icrası, bölgələrin inkişafı üçün istiqamətləri düzgün müəyyənləşdirən dövlət başçısı İlham Əliyevin daim diqqətdə saxladığı məsələlərin həlli ilə Azərbaycanın siması dəyişildi. Birinci Avropa və IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi respublikamız dünyada qüdrətli idman, multikultural ölkə kimi tanındı. Beynəlxalq ictimaiyyəti düşündürən qlobal məsələlərlə bağlı çağırışlar siyasi, iqtisadi, humanitar platforma kimi tanınan Azərbaycandan səsləndirildi.

Ölkəmizə rəhbərliyinin ilk günlərindən Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsini əsas prioritet olaraq qarşıya qoyan cənab İlham Əliyev Ali Baş Komandan kimi ordu quruculuğuna, ölkəmizin müdafiə qüdrətinin yüksəlməsinə xüsusi diqqətlə yanaşdı. "Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir" söyləyən Prezident bu vədini də yerinə yetirdi. Ali Baş Komandan kimi Azərbaycan xalqına qazandırdığı Qələbə sevincində bu uğurlar əks olunur. Vətən müharibəsi zamanı Ermənistanı dəstəkləyən qərəzli dairələrin təhdidlərinin, təzyiqlərin qarşısını dövlət başçısı kimi qətiyyəti, siyasi iradəsi ilə alan Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən Azərbaycan xalqı bütün dünyaya birlik, həmrəylik nümunəsi göstərdi.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması bu qətiyyətin ifadəsidir. Qırx dörd gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərlə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatizminin məhv edilməsi, suverenliyimizin tam bərpası, paytaxtımızın Azadlıq meydanında, Şuşada, Xankəndidə keçirilən hərbi paradlar Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin peşəkarlığının, müdafiə qüdrətinin bariz nümunəsi kimi tarixə yazıldı. Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən yeganə, dünyada isə çox nadir ölkələrdən biridir.

Dövlət başçısının qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. İşğalçı Ermənistan ordusu darmadağın edildi və "dəmir yumruq" əməliyyatı Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Tarixi ədalət və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Xalq-Lider-Ordu birliyi əsasında qazanılmış şanlı tarixi Zəfərimiz nəticəsində hazırda erməni faşistlərindən xilas edilən ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

2020-ci il noyabrın 8-də Qarabağın tacı olan Şuşanın azad edilməsi ilə bağlı xalqa müjdəsini çatdıran Prezident İlham Əliyev fikirlərini belə ifadə etmişdi: "Mən bu gün, eyni zamanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim". Müzəffər Ali Baş Komandanımızın bu sözləri ata vəsiyyətinin yerinə yetirilməsi ilə yanaşı, həm də Heydər Əliyevin əsasını qoyduğu və sonrakı dövrdə davam etdirilən müdrik siyasətin, milli dövlət quruculuğu və müasir inkişaf strategiyasının təntənəsi kimi anlaşılmalıdır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf, tərəqqi yolunda inamla addımlayan qüdrətli Azərbaycanın möhtəşəm nailiyyətlərini xalqımız böyük iftixar və sevinclə qarşılayır.

Fərhad QARAŞOV,

İqtisad üzrə fəlsəfə doktoru,

Azərbaycan Nar İstehsalçıları və

İxracatçıları Assosiasiyası İctimai

Birliyi İdarə Heyətinin sədri.