Vətənə şərəf gətirən oğullar
Sosial həyat

Vətənə şərəf gətirən oğullar

İgid oğulların düşmənə qarşı aparılmış döyüşlərdə göstərdikləri qəhrəmanlıq dillərdə dastana çevrilib, hər birimizin qəlbində qürur və şücaət rəmzi kimi yer tutub. Xalqımızın əsrlərdən süzülüb gələn mənəvi gücünü, qəhrəmanlığını,  cəsurluğunu Vətən müharibəsində yüksəklərə qaldıran gənclərin fədakarlığı keçmiş ənənənin qırılmaz tellərlə bir-birinə bağlı olduğunu bütün dünyaya nümayiş etdirdi. Dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının nə qədər möhkəm təməl üzərində olduğunun ən yaxşı nümunəsidir. Heç kim diqqətdən kənarda qalmayıb. Müntəzəm olaraq şəhid ailələrinə baş çəkilir, Vətən uğrunda sağlamlıqlarını itirmiş qazilərlə görüşlər keçirilir.  Bu günlərdə Ağcabədi şəhər 3 nömrəli tam orta məktəbdə Vətən müharibəsi qazisi Kamran Sadıqovla keçirilən gənclərin görüşü iştirakçılarda çox böyük təəssürat yaratdı.

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Gənclik – yeni zirvələrə doğru” adlı görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə qeyd olundu ki, 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan,  Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Qələbə tariximizin ən şanlı səhifəsi, qürur və iftixar mənbəyidir. Əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq gənc nəslin vətənpərvərlik tərbiyəsinə çox güclü təsir göstərəcək, onlarda qürur və iftixar hissləri yaradacaq.  Bildirilib ki, Azərbaycan gəncləri döyüşlərdə böyük qəhrəmanlıq və vətənpərvərlik nümunəsi göstərib düşmən üzərində Zəfər qazanaraq  30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib.  Döyüşlərdə iştirak edən hər bir gənc Prezidentin sərəncamları ilə müxtəlif orden və medallara layiq görülüb.  Vətən müharibəsi qazisi Kamran Sadıqov da Prezidentin Sərəncamına əsasən “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonra qazi Kamran Sadıqov öz döyüş yolundan danışıb, 44 günlük “Dəmir yumruq” əməliyyatı haqqında gənclərə ətraflı məlumat verib. Döyüş yoldaşları ilə birgə Vətən və dövlət qarşısında vətəndaşlıq borclarını yerinə yetirdiyini,  müharibə vaxtı Azərbaycan xalqının dəstəyinin onlara əlavə güc verdiyini bildirib. Səmimi keçirilən görüş yeniyetmələrin və gənclərin qəlbində və yaddaşında uzun müddət yaşayacaq.

                                              Salman ALIOĞLU,

                                                 “Respublika”.