Artıq buzlar əriməyə, dağlar tərpənməyə başlayıb. Bu buzlar xalqımıza qarşı son iki yüz il ərzində ədalətsiz dünyanın ürəyində donmuş qanlar, aşılması mümkün olmayan, insan əli ilə yaradılmış dağlar idi. Tarix boyu milli mənsubiyyətinə və yerləşdiyi coğrafi məkanına görə əzilən, işgəncələrə məruz qalan, qocasına, uşağına, qadınına baxmadan məhv edilən, doğma torpaqlarından qovulan, Qərbi azərbaycanlılar təəssüflər olsun ki, həmişə təpədən dırnağadək silahlanmış rus, erməni ordusu ilə meydanda tək qalıb, öz ata-baba yurdlarını qorumaq üçün yağılarla ölüm-dirim müharibəsi aparıb. Bax, dünya bu minvalla soydaşlarımızın taleyini düz iki yüz il müddətində beləcə müşahidə edib, tarixin yaddaşına köçürüb. Sanki dünyanın insan hüquqlarının müdafiəsinə, təmin olunmasına xidmət edən qanunlar üzrə inkişafı, humanist məqsədlərlə müxtəlif beynəlxalq təşkilatların yaradılması, qanun qüvvəli aktların qəbul edilməsi, beynəlxalq konvensiyalar, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı beynəlxalq məhkəmələr, qətnamələr və s. bütün bunlar biz yaşayan dünyada deyildi, bunların bizə aidiyyəti yox idi. Ölkə Prezidenti cənab İlham Əliyev bütün bu haqsızlıqlara son qoydu, dünyanın diqqətini Qərbi Azərbaycan məsələsinə yönəltdi.
İndi artıq dünya Qərbi Azərbaycandan, onun əsilli-köklü sakinləri olan azərbaycanlıların öz doğma yurdlarına, əzəli torpaqlarına qayıtmaq planlarından, Qayıdış Konsepsiyasından danışır. O coğrafi məkandan ki, rus imperiyası 1828-ci ildən başlayaraq ermənilərin başqa dövlətlərdən həmin ərazilərə köçürülməsi prosesinin məntiqi nəticəsi kimi, Azərbaycan ərazilərinin qərb hissəsində ermənilər üçün dövlət qurmuşdur. Bütün bunlar tarixin acı həqiqətləridir və bu acı həqiqətlərin səbəbkarlarından, günahkarlarından sorğu vaxtı artıq gəlib çatıb. Bunu cənab Prezidentimiz ən yüksək kürsülərdə, beynəlxalq tədbirlərdə cəsarətlə həyata keçirir. Ölkə Prezidentinin Qərbi Azərbaycan İcmasındakı 24 dekabr 2022-ci il tarixli proqram xarakterli çıxışı göstərdi ki, ermənilərə və onların havadarlarına, eləcə də dünya ictimaiyyətinə verilən siyasi mesajlarla yanaşı, əməli tədbirlərə də başlanılıb.
Düşünürəm ki, Prezident İlham Əliyevin Böyük Qayıdış proqramının eskiz-layihəsi hələ dahi Heydər Əliyev tərəfindən cızılmışdı. Onun tərəfindən bünövrəsi zərgər dəqiqliyi ilə qoyulmuş planlı siyasətin İlham Əliyev tərəfindən davamı bu gün uğurlu nəticələri ortaya qoyur. Xatırlayıram ki, dahi Heydər Əliyev tez-tez müxtəlif çıxışlarında olduqca nikbin tərzdə "Qərbi Azərbaycan ərazilərindəki əzəli torpaqlarımıza qayıtmaq" mesajını verər və buna əmin olduğunu bildirərdi.
Yenə Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup ziyalıları ilə görüşünə qayıdıram: "...burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək. Və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır".
Bəli, cənab Prezidentin Qərbi azərbaycanlıların əzəli torpaqlarına qayıdışla bağlı fikrində nə qədər cəsarət, kəsər əminlik varsa, bir o qədər də bütün dünyanın, o cümlədən Ermənistanın qəbul etdiyi hüquqi əsaslar mövcuddur. Belə ki, azərbaycanlılar öz torpaqlarından dəfələrlə deportasiyalara məruz qalıblar. 1828-ci ildən başlayan azərbaycanlıların öz əzəli torpaqlarından çıxarılma prosesi 1905-1906, 1918-1920, 1948-1953-cü illərdə himayədarlarının ədalətsiz qərarları, qondarma sənədləri, könüllü məcburetmə üsulları, uydurma fikirləri əsasında həyata keçirilmişdisə, 1987-1991-ci illərdə bu deportasiya xüsusilə amansız oldu. Kütləvi qətliamlar, soyqırımı, şəxsiyyətə, mülkiyyətə qarşı zorakılıq və ümumiyyətlə insanlıq əleyhinə törədilmiş saysız-hesabsız cinayətlərlə müşahidə olundu. Özü də bütün bunlar müasir dünya birliyinin diqqət mərkəzində olmalı olduğu halda,