Qərbi Azərbaycan həsrətilə dünyasını dəyişənlərin xatirəsinə
O yerlərin adamları adət etmişdi, yazağzı selləmə yağışların nurunda dağlara tərəf bir köç qalxardı: ağappaq sürülər, şahbaz atlar, üstü bağlı arabalar armudluqları, zoğallıqları addıya-addıya, çala-çuxur dağ yollarını üzüyuxarı dartınırdı. Haradansa, yuxarılardan, dolama yollardan, güney yamaclardan, dik yoxuşlardan kəpənək qanadıyla, səhər yeliylə çiçək, yağış qarışıq ətir gəlirdi, boynu qotazlı atlar bu ətrin havasına uçurdu, torpaq az qala çat verir, böyük bir gölün ləpələri pul-pul yanırdı... Ora Vətən idi...
Vətən - qoynunda dünyaya göz açdığın, havasını udub, suyunu içib, çörəyini yediyin, torpaqlarında ilk addımlarını atdığın məmləkətdir. Ondan hətta üç-beş gün belə ayrı düşmək bəzən çətin gəlir insana. Bəs, onu ömürlük itirmək necə? Bax, bunun ağrısını, acısını sözlə ifadə etmək o anları yaşamaqdan da çətindir. Bunu Vətən, yurd, torpaq həsrəti çəkənlər yaxşı bilir. Bu acı bölünmək, parçalanmaq dərdindən də betərdir. Bəlkə də az xalq tapılar ki, onun taleyi barədə özgələr qərar verib, heysiyyətinə toxunulub, əzəli-əbədi torpağından zorla qovulub. Tarixi torpağımız olan Qərbi Azərbaycan köçəri ermənilərin o yerlərə ayaq basdığı ilk gündən qan çanağına dönmüş, buranın əbədi sakinlərinin ah-naləsi, göz yaşı əskik olmamışdı. Çünki zaman-zaman yurd-yuvalarından didərgin salınmışdılar. Dünya bilmişlərinin deportasiya adlandırdıqları bu faciəni yaşamaq o yerlərin insanlarının alın yazısı idi sanki. Düşünülmüş şəkildə həyata keçirilən bu proses ötən əsrin sonlarında tam başa çatdı, "ağalar" dünyasının başbilənləri Azərbaycanımızın qərbini bütünlüklə ermənilərə hədiyyə etdi. İri yük maşınlarına yığılıb üzü bəri göndərilən köç karvanları bu məmləkətin, yox elə bəlkə də dünyanın müxtəlif yerlərində özünə dayanacaq tapdı. Özlərinə təzə yurd-yuva qurub yaşadılar, dağlarının, Göyçə gölünün, Arpa gölünün gözəlliyinə, laləli, bənövşəli çöllərinin, çəmənlərinin, torpağının ətrinə, qoxusuna, bulaqlarının zümzüməsinə, çaylarının şırıltısına həsrət-həsrət. Yaşamadılar, bu cür yaşamağa məhkum edildilər.
Deportasiya... Qarşımda yenicə çapdan çıxmış bir kitab var: "Qərbi Azərbaycanın tanınmış ziyalıları". O yerlərin tanınmış ziyalılarından biri Məmmədəli Məhərrəmovun mürəkkəb, maraqlı, həm də acı bir həyat hekayəsi...
Deportasiyanın nə demək olduğunu yaxşı bilən, o acıları yaşamış Ulu Öndərin: "Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm" fikirlərinin yaratdığı inam hissilə kitabı vərəqləyirəm...
Müəlliflərin Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşündə tarixi və siyasi müstəvidə səsləndirdiyi fikirlərdən ruhlanaraq hazırladıqları kitab Məmmədəli Məhərrəmov və onun ailəsinin simasında bir ailənin, elin, mahalın, nəhayət, bir xalqın faciəsi, soydaşlarımızın yaşadıqlarının ümumiləşdirilmiş tarixi salnaməsidir. Kitabda verilən tarixi torpaqlarımızın, qədim türk adları, toponimlər, hidronimlər, oykonimlər, xəritələr, şahid ifadələri Prezidentin həmin görüşdə qeyd etdiyi kimi, sənədlər, sübutlar vasitəsilə Qərbi Azərbaycanın bizim əzəli torpaqlarımız olduğunun təsdiqidir həm də. 1923-cü ilin baharında, martın 16-da Qərbi Azərbaycanın Türkiyə ilə həmsərhəd bölgəsi olan Şörəyel mahalının Güllübulaq kəndində dünyaya gəlmişdi Məmmədəli müəllim. Müəllim sözünü təsadüfi işlətmədik, axı yeddiillik məktəbi əla qiymətlərlə bitirib əlaçı şagird kimi məktəbdə saxlanılanda onun cəmi 14 yaşı vardı. "Savadsızlığın ləğvi" dövründə iki il kənd sakinlərinə, oxuyub-yazmağı bacarmayan