Vədinə sadiq güclü LİDER
Siyasət

Vədinə sadiq güclü LİDER

2013-cü ilin 9 oktyabrında İlham Əliyev xalqın etimadilə üçüncü dəfə prezident seçkilərində 84,54% səs toplayaraq qalib gəlib. Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyev həmin il oktyabrın 19-da andiçmə mərasimində prezident kimi fəaliyyət göstərdiyi 10 ilin yekunları və bundan sonra atılacaq addımlar barədə danışıb. Ölkə başçısı bu müddət ərzində qarşıya qoyulmuş bütün vəzifələrin icrasının uğurla başa çatdığını, bundan sonrakı illər bütün sahələrin daha da inkişaf etdirilməsi və Qarabağ münaqişəsinin həlli üçün mühüm addımlar atılacağını vəd edib. İlham Əliyev öz vədinə sadiq qalıb.

Azərbaycanlıların ağrılı yeri olan Qarabağ münaqişəsi kökündən həll edilib və ulu öndər Heydər Əliyevlə başlayan Azərbaycanın qızıl dövrü onun layiqli davamçısı İlham Əliyevlə davam edib. Prezident andiçmə mərasimində deyib: "On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi".

Həqiqətən də ölkə başçısı ona güvənən, etimad edən xalqın 10 il ərzində bütün ümidlərini doğrultdu. Heydər Əliyevin yürütdüyü uğurlu siyasət davam etdirildi. 1993-2003-cü illərin nailiyyətləri Azərbaycanın inkişafı üçün möhkəm dayaqlar formaşlaşdırmış, cəmiyyətin intellektual və kreativ enerjisini ölkənin inkişafı üçün səfərbər edərək, sosiumda hakimiyyətə münasibətdə qəti fikir yaratmışdı. Bu uğurların formalaşdırdığı özül üzərində start götürən sosio-mədəni, eyni zamanda, sosial-iqtisadi modernləşmə siyasəti isə Prezident İlham Əliyevin ölkənin başçısı seçilməsindən sonra reallaşdırılmağa başlanılmışdı. Bütün bunlara da son 10 il ərzində nail olundu. Ona görə də, 2003-2013-cü illər müasir Azərbaycan tarixinin növbəti "qızıl onilliyi" adlandırılır. "Qızıl onillik" çərçivəsində Azərbaycanın sosial-iqtisadi intibahının yüksəlişi artan xətlə davam edib. 2011-ci ildə Azərbaycanın yalnız hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələmişdir.

Belə ki, 2003-2013-cü illər ərzində ölkə əhalisinin məcmu gəlirləri 4,3 milyard manatdan 35 milyard manata qədər artdı. Bu, 8 dəfədən çox artım deməkdir. Orta pensiya və aylıq əməkhaqları isə 5 dəfədən çox artmışdır. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının bütün təbəqələri hər il əlavə sosial qayğılarla əhatə olunub, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilib. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına impuls verib.

"Biz Azərbaycanı bütün risklərdən, təhlükələrdən qoruya bildik. Son on il ərzində bölgədə və dünyada baş vermiş hadisələr bizim hamımızın yaxşı xatirindədir. Qanlı toqquşmalar, müharibələr, inqilablar, siyasi, iqtisadi, maliyyə böhranları - bütün bunlar bizim ətrafımızda baş verən hadisələr idi. Biz öz siyasətimizlə, qətiyyətimizlə Azərbaycan xalqını və Azərbaycan dövlətini bu bəlalardan qoruya, müdafiə edə bilmişik. Beləliklə, son on il ərzində də Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşamışdır".

Doğrudan da 2003-2013-cü illər bölgə üçün çox ağrılı keçmişdir. Regionda gedən mürəkkəb iqtisadi və sosial proseslər fonunda Gürcüstanda 2004-cü ildə baş verən "Qızılgül" inqilabı, ardınca 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsi və insan itkiləri, Türkiyənin ərazisində güclü zəlzələlərin baş verməsi, ardıcıl terror aktları, Ermənistanın regionun bəlası hesab edilən Qarabağ münaqişəsini durğunluğa doğru sürükləməsi, ardıcıl təxribatlar törətməsi, İranın nüvə siyasəti ilə bağlı qərbdən güclü sanksiyalara məruz qalması, həmin illər ərzində baş vermiş böhran nəticəsində Azərbaycan istisna olmaqla başda Gürcüstan və Ermənistan, həmçinin digər region dövlətlərinin iqtisadiyyatının zəifləməsi və s. fonunda ölkənin iqtisadiyyatının şaxələndirilmiş formada artan xətlə inkişaf etdirilməsi İlham Əliyev siyasətinin mühüm göstəricisidir. Məhz regionun gərgin olduğu bu illər ərzində Azərbaycanda sabitlik hökm sürmüş, xalqın təhlükəsizliyinin qorunması üçün legitim addımlar atılmışdır.

Ötən 10 il ərzində xarici uğurlarının təntənəsini yaşayan Azərbaycan 2011-ci ildə BMT-yə qeyri-daimi üzv seçilib. Ermənistan ilkin mərhələdə məhz Azərbaycanın artan nüfuzundan qorxaraq, öz namizədliyini geri götürmüşdür. 2003-cü ildən sonra başlanan üçüncü mərhələdə Prezident İlham Əliyev xarici siyasətdə artıq formalaşmış ənənələri davam etdirərək Azərbaycanın mövqeyini beynəlxalq müstəvidə daha da möhkəmləndirmiş və yeni bir səviyyəyə yüksəltmişdir. Yeni minillikdə Azərbaycan qlobal siyasi səhnədə adi iştirakçı deyil, regional əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçısına, beynəlxalq aləmdə nüfuzu ilə seçilən ölkəyə çevrilmişdir.

Bu mərhələdə Azərbaycan milli maraqlara söykənən müstəqil siyasi kursa sadiq qalaraq böyük layihələrə müəlliflik edir, ikitərəfli və çoxtərəfli əsasda bərabərhüquqlu əməkdaşlığı davam etdirə, beynəlxalq səviyyədə erməni diasporunun təzyiqlərinə lazımınca cavab verə və ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdıra bilmişdir. Azərbaycanın xarici siyasəti bir istiqamətdə deyil, bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığa yönəlmişdir. Eyni zamanda, məhz bu mərhələdə Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla (2011-ci ildə) öz müstəqil xarici siyasi kursunu bəyan etmişdir. Yeni mərhələdə Azərbaycan Respublikasının xarici siyasətdə üstünlük verdiyi istiqamətlərdən biri də strateji tərəfdaşlarla əməkdaşlığın hərtərəfli inkişafına yönəlmişdi. Bir sıra dövlətlərlə strateji tərəfdaşlıq əlaqələri qurulmuş və ya genişləndirilmişdir. Həmçinin Azərbaycanda ölkədaxili bütün sahələrdə ikiqat inkişaf hökm sürmüş, hərbi xərclər bir neçə dəfə artırılmışdı. Bunun sayəsində Azərbaycan İlham Əliyevin hakimiyyəti dövrünün sonrakı 10 ilində bütün stereotipləri alt-üst etmiş və nəticə olaraq 30 il boyunca davam edən Qarabağ münaqişəsi öz həllini tapmışdır:

"Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın mövqeyi birmənalıdır, ədalət, tarixi həqiqət üzərində qurulubdur. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasi və hüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcəkdir. Bizim birmənalı mövqeyimiz bir daha demək istəyirəm ki, tarixi ədalətə və beynəlxalq hüquq normalarına söykənir".

Vədinə sadiq olan güclü lider Azərbaycanın 30 illik həsrətinə son qoydu, Qarabağ münaqişəsini kökündən həll etdi. Heç bir ikinci qondarma dövlət yaradıla bilmədi, heç bir güzəştdən söhbət aparılmadı, qondarma rejimin özünü "rəhbər" sayanları bu gün istintaq təcridxanalarındadır. Qondarma statusları tetris "bayraq"ları ilə birgə cəhənnəmə getdi. Bəli, İlham Əliyev yüksək iradə və əzm sayəsində özünün də səbir və təmkinlə gözlədiyi Qarabağ münaqişəsində nöqtəni qoydu. Zorla yurd-yuvalarından didərgin salınıb Azərbaycana pənah gətirən məcburi köçkünlər, artıq keçmiş məcburi köçkün statusu ilə öz torpaqlarına qayıdırlar. Bütün bunlar İlham Əliyev siyasətinin qələbəsidir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".