Unudulmaz hünər
Sosial həyat

Unudulmaz hünər

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsinin minlərlə qəhrəmanından biri də şəhid Elgün Mövlanovdur. Vətən sevdalı oğlunun şərəfini uca tutan Lerik camaatı onun anım mərasimini keçiriblər.

Elgün Tahir oğlu Mövlanov 2002-ci il aprelin 2-də Lerik şəhərində anadan olub. Orta təhsilini Milli Qəhrəman, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb. 2020-ci il 27 sentyabrdan etibarən başlayan İkinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmaqla erməni faşistlərinə qarşı ölüm-dirim savaşında böyük şücaət göstərib. İgid Əsgər 29 sentyabrda Talış kəndi uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Elgün Mövlanov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun, Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədri Malik Mirzəyevin, hüquq-mühafizə orqanlarının, ictimaiyyət nümayəndələrinin və şəhidin ailə üzvlərin qatıldığı anım mərasimində qəhrəmanın məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Daha sonra rayon rəhbəri şəhidin boya-başa çatdığı ata ocağına baş çəkib, onların problemlərini öyrənib.

Z.ORUCOĞLU.