Şamaxı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları vaxtilə ulu öndərlə görüşmüş rayon sakinləri ilə mütəmadi görüşlər keçirir. "Heydər Əliyev İli" çərçivəsində belə görüşlərin təşkil olunmasında məqsəd ümummilli liderimizin nəsillərə örnək olan həyat və fəaliyyəti barədə dolğun məlumat toplamaq və gələcəyimizi daha parlaq etmək üçün gənclər arasında geniş təbliğ etməkdir.
Mərkəz əməkdaşlarının növbəti görüşü rayonda fəaliyyət göstərmiş keçmiş Lenin adına üzümçülük sovxozunun partiya komitəsinin katibi olmuş, vaxtilə Heydər Əliyevlə 5 dəfə görüşmüş Rəfiqə Səmədova ilə keçirilib. Dövrünün əmək qabaqcıllarından olan Rəfiqə xanım işlədiyi illər ərzində "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordeninə və 4 medala layiq görülüb. Ulu öndərlə 5 dəfə - 1976, 1977, 1979, 1980, 1982-ci illərdə görüşdüyünü qürur hissi ilə vurğulayan Rəfiqə Səmədova unudulmaz görüşlər barədə təəssüratlarını bölüşüb.
Rəfiqə xanım mərkəzin fonduna dəyərli eksponatlar da təqdim edib.
Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayan Rəfiqə Səmədova evində o dövrün şəkillərindən ibarət fotoguşə yaradıb. Görüşünə gələn bütün qonaqlar kimi, mərkəzin əməkdaşlarını da guşə ilə yaxından tanış edərək hər bir şəklin tarixçəsi barədə ətraflı məlumat verməklə ulu öndərlə bağlı xatirələrini danışıb.
Bildirib ki, Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində bütün bölgələrdə olduğu kimi, Şamaxı rayonu da yüksək inkişaf mərhələsinə qədəm qoymuşdu. SSRİ məkanında üzümçülüyü ilə məşhur olan rayonda toplanan məhsullar xarici ölkələrdə də yüksək alıcılığı ilə seçilirdi. Mütəmadi olaraq respublikamızda keçirilən kənd təsərrüfatı əməkçilərinin müşavirələrində Şamaxı rayonunun adı həmişə qürurla çəkilirdi. Xarici ölkələrin kənd təsərrüfatı sahəsində işləyən əməkdaşları təcrübə mübadiləsi üçün tez-tez rayonumuzu gəlirdi. Yaxşı yadımdadır, həmin illərdə ümummilli liderimiz Heydər Əliyev Şamaxıda üzümçülüyün inkişafina xüsusi diqqətlə yanaşır və vaxtaşırı təsərrüfatımızda olurdu. Bütün görüşlərimizdə uğurlarımızla bərabər, mövcud problemlərlə də dərindən maraqlanır və dəyərli məsləhətlərini verirdi.
Dahi şəxsiyyət Heydər Əliyevin sovxozumuza gəlişi bizləri olduqca sevindirirdi. Hər görüşdə qabaqcıl tingçilərlə, zəhmətkeşlərlə səmimi söhbət edir, işimizlə, yaşayış tərzimizlə yaxından maraqlanırdı. Çünki ulu öndər Heydər Əliyev tələbkar olduğu qədər də sadə, səmimi bir insan idi.
12 sentyabr 1980-cı ildə Heydər Əliyev növbəti dəfə sovxozumuza gəlmişdi. İşimizin nəticəsindən xeyli razı qaldı. Sahəyə baxış zamanı məndən üzümləri dərmək üçün qayçı istədi. Hamı təəccüblə ona baxırdı. Qayçını verdim. Dedi: "Mənə mərəndiləri göstər". Göstərdim. Sahəyə keçib bir vedrə üzüm yığdı. Böyük bir salxımı yuxarıya qaldırıb dedi: "Əhsən, üzüm belə olar!".
Heydər Əliyev zəhmətə, zəhmətkeşə dəyər verib qiymətləndirən böyük şəxsiyyət idi. Xoşbəxtəm ki, işlədiyim dövrlərdə beş dəfə onunla görüşmək mənə qismət olub. Biz həmin illərdə çox sevinirdik ki, respublikamıza xalqını sevən, əhalinin həyat səviyyəsinin durmadan yüksəlməsinə çalışan Heydər Əliyev kimi dahi bir şəxsiyyət rəhbərlik edir. Çünki ölkəmizin indi nail olduğu bütün uğurların təməli məhz ulu öndərin birinci dəfə rəhbərliyi dövründə qoyulub. Müstəqil Azərbaycanın daha böyük inkişafı ümummilli liderimizin ideyaları sayəsində mümkün olub və şadıq ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu müdrik ideyalar uğurla davam etdirilir.
Mikayıl NƏRİMANOĞLU,
"Respublika".