İyunun 19-da Belçika Krallığının paytaxtı Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında ÜGT Siyasi Komissiyasının 88-ci sessiyası öz işinə başlayıb. Sessiyada Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. 20 iyun DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilir.
Siyasi Komissiyada COVID-19 layihəsi üzrə yekun hesabat, Harmonik Sistemin strateji baxımdan yenilənməsinə dair məlumatlar, Özəl Sektor Məşvərət Qrupunun iclasına dair Hesabat, Elektron Ticarətlə bağlı yeniliklər, ÜGT-nin Strateji Planının 2023-2024-cü illər üzrə İcra Planı, Yaşıl Gömrük, Həssas Sərhədlər və digər məsələlər müzakirə olunur.
Azərbaycan gömrük xidməti Siyasi Komissiyanın üzvü kimi Yaşıl Gömrük və Həssas Sərhədlər mövzularında mövqeyini, təklif və rəylərini bildirib, müzakirə olunan məsələlərin üzv dövlətlərin gömrük işinin təkmilləşdirilməsinə, beynəlxalq ticarətə mühüm dəstək göstərəcəyini diqqətə çatdırıb.
ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədri Şeyx Əhməd bin Hamad Əl Xəlifə gündəlikdəki “Yaşıl Gömrük” mövzusunda müzakirələr zamanı Azərbaycan gömrüyünün bu istiqamətdə verə biləcəyi töhfələri və ölkənin bu sahədə inkişafını Bakıda olarkən müşahidə etdiyini xüsusi vurğulayıb.
“Respublika”.