15 iyun 1993-cü il tarixdə xalqımızın təkidli xahişi ilə Azərbaycanda növbəti dəfə siyasi hakimiyyətə qayıdan dünyaşöhrətli nəhəng siyasətçi, böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sürətlə qüdrətlənən ölkəmizdə digər sahələrdə, o cümlədən hüquq sahəsində əsaslı islahatların aparılmasına rəvac verdi.
Müstəqilliyin bərpasının ilk illərində ictimai münasibətlərin əhəmiyyətli dərəcədə dəyişməsi yeni qanunların qəbul edilməsini zəruri etsə də, bu prosesin qısa bir zamanda və ələlxüsus da, əlverişsiz ictimai-siyasi bir şəraitdə baş tutması mümkün deyildi. Müvəqqəti olaraq əvvəlki qanunlardan istifadə edilməsinə zərurət yarandığından, 18 oktyabr 1991-ci il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktının 4-cü maddəsində müvafiq qanunlar qəbul edilənədək keçmiş SSRİ qanunlarının respublikanın suverenliyinə və ərazi bütövlüyünə zidd olmayan həddə Azərbaycan Respublikasında qüvvəsini saxlamasına dair müddəalar təsbit edilmişdir. Müstəqil Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, o cümlədən ölkəmizin ali qanunu olan Konstitusiyanın qəbul edilməsi və hakimiyyətlərin bölünməsi prinsipinin təsbit olunması, qanunvericilik bazasının müasir tələblərə və beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, yeni idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət orqanlarının, o cümlədən prokurorluğun dövrün tələbatına uyğun formalaşdırılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı nəhəng işlərin sayəsində mümkün olmuşdur. Ulu öndərin 9 avqust 1994-cü il tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" Fərmanı bu sahədə reallaşdırılan islahatlarda müstəsna əhəmiyyət kəsb etmişdir. Bu istiqamətdə səmərəli fəaliyyət, o cümlədən qeyd olunan fərmanın uğurlu icrası hüquq-mühafizə orqanlarının cinayətkar təzahürlərə, xüsusən də mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər olunması və "cəzanın labüdlüyü" prinsipinin reallaşması ilə nəticələnmişdir. Vurğulanmalıdır ki, məhz dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır.
Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanmasına və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinə təşəbbüsü və rəhbərliyi olmuşdur. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında "Heydər Əliyev Konstitusiyası" adlandırılır. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoymuşdur. Ardınca ulu öndər Heydər Əliyevin təşəbbüsü və şəxsi nəzarəti ilə aparılan islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edildi, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşuldu, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə silsilə tədbirlər həyata keçirildi. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən bəhrələnərək xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla xeyli mühüm işlər gördü. Yeni ictimai münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası və digər məcəllələrin qəbulu isə respublikamızda bu sahədə atılan addımların əhəmiyyətini daha da artırdı.
Hər kəsə məlumdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən qurulmuş, onun dövlətçiliyə və xalqa sədaqəti ilə seçilən peşəkar kadr korpusu formalaşdırılmış və prokurorluq orqanları dövlətin mühüm sütunlarından birinə