Uğurlu müstəqil siyasətilə fərqlənən güclü dövlət
Siyasət

Uğurlu müstəqil siyasətilə fərqlənən güclü dövlət

Ölkə başçısının şəxsi nüfuzu Azərbaycanla əməkdaşlığa marağın artmasını şərtləndirən mühüm amildir

"…Bu, bizim tariximizdir, bizim coğrafiyamızdır və biz bu coğrafiyada hər zaman yaşamışıq. Nə biz, nə də qonşularımız bu coğrafiyanı dəyişə bilməz. Düşünürəm ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir. Biz keçən il müstəqilliyimizin 30-cu ildönümünü qeyd etdik. Bu göstərir ki, qonşularla normal münasibətləri saxlamaq mümkündür. Eyni zamanda, bizim ölkəmizdən çox böyük olan qonşularla da münasibətləri saxlayaraq öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq da mümkündür".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ötən il sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində qonaq qismində iştirak etdiyi "The European House-Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumundakı çıxışında bildirib.

"Qonşularımızla münasibətlərə gəldikdə isə deyə bilərəm ki, biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq", - deyən ölkə başçısı qeyd edib ki, problemli məsələləri hər zaman ifadə etmişik. Heç zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq, öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də uğur əldə etmişik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Artıq 30 ildir ki, insanlarımız müstəqildir və əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün güclü olmalıyıq, yaxşı dostlarımız və tərəfdaşlarımız olmalıdır.

Xatırladaq ki, 1965-ci ildən fəaliyyət göstərən "The European House-Ambrosetti" İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı şirkətlərindən və beyin mərkəzlərindən hesab edilir. Şirkət Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan "The European House-Ambrosetti" İtaliya və Avropa şirkətləri üçün mühüm əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forum və müxtəlif tədbirlər təşkil edərək İtaliya şirkətlərinin Asiya və Afrikadakı tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviq edilməsinə xidmət edir. İtaliya üçün xüsusi önəm kəsb edən ölkələrin dövlət və hökumət başçıları və rəsmi nümayəndələr Forumun ilk gününə dəvət edilir. Həmin tədbirdə bir sıra hallarda müxtəlif ölkələrdən dövlət və hökumət rəhbərləri, əksər hallarda iqtisadiyyat və maliyyə sahələri üzrə nazirlər, beynəlxalq təşkilatların nümayəndələri, Avropa Komissiyasının üzvləri, nüfuzlu şirkətlərin ən yüksək səviyyəli menecerləri iştirak edirlər. Prezident İlham Əliyevin dünyadakı artan siyasi nüfuzunun göstəricisidir ki, forumun təşkilatçıları əsas qonaq qismində məhz Azərbaycan Prezidentinə dəvət göndəriblər.

Ölkəmizlə əməkdaşlığa olan marağın getdikcə artmasını şərtləndirən ən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin şəxsi nüfuzudur. Dövlət başçısı İlham Əliyevə olan hörmət və ehtiram artmaqdadır. İstər Beynəlxalq Çernobbio Forumunda iştirakı, istərsə də Avropanın müxtəlif informasiya agentliklərinə verdiyi müsahibələr göstərir ki, ona olan ehtiram və etimad böyükdür. Həm qalib ölkənin müzəffər rəhbəri, həm də mürəkkəb bir regionda sülh və əməkdaşlığı təmin etməyə çalışan müdrik lider kimi ona xüsusi yanaşma vardır. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycanı stabil ictimai-siyasi mühitə, dinamik inkişaf edən iqtisadiyyata sahib olan, tam müstəqil xarici siyasət yürüdən, güclü, eyni zamanda da üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri hər zaman yerinə yetirən məsuliyyətli bir ölkəyə çevirməyə nail olmuşdur. Bütün bunlar əlbəttə ki, dünya dövlətlərinin diqqətindən kənarda qalmır. Bu gün isə Azərbaycan Prezidentinin fəaliyyəti hər zaman olduğundan daha çox diqqətlə izlənilir, təhlil edilir.

Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara adekvat cavab verməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdır. Müşahidələr göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridən, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə nail ola bilirlər. Xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulanmalıdır.

İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Bunlardan biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər uzanır. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olub. Azərbaycan son 10 ildir ki, qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Ölkəmiz böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir. Bunlar Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəmərləridir ki, o da İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur.

Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və nüfuzu günü-gündən artmaqdadır. Yürüdülən müstəqil və milli maraqlara söykənən dövlət siyasəti bu məsələdə əhəmiyyətli rol oynayır. Beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti olaraq Azərbaycan özünün xarici siyasət kursunda qarşılıqlı tərəfdaşlığa, ikitərəfli maraqlar üzərində qurulan əməkdaşlığa və çoxvektorlu yaxın əlaqələrə əsaslanır. Bu gün ölkəmizlə dünyanın əksər dövlətləri və təşkilatları arasındakı münasibətlər məhz bu müstəvidə tənzimlənir, hüquqi çərçivəni müəyyənləşdirir. Müstəqil Azərbaycanın öz imkanlarından istifadə edərək beynəlxalq miqyasda təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, ölkələr və xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verməsi dünyada yüksək dəyərləndirilir.

Mustafa KAMAL,

"Respublika".