İranla Rusiya arasında bu sənədin imzalanmasından 195 il ötür
Türkmənçay müqaviləsi. İkinci Rusiya-İran müharibəsini bitirən bu sənəd həm də sülh müqaviləsi adlandırılır. 1828-ci il fevralın 10-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanan bu müqavilə hər iki ölkənin Azərbaycan torpaqlarını bölüşdürmək arzularını gerçəkləşdirdi. O zamankı reallıqların fonunda bu iki imperiyanın maraqları, istəkləri üst-üstə düşməsə də, hər halda hər biri öz ərazisini genişləndirə bildi. Doğrudur, müharibəyə son qoyuldu, lakin olan elə Azərbaycana oldu. İndi o müqavilənin bağlanmasından 195 il ötür.
Müharibənin bitməsi ilə bağlanan müqavilənin şərtlərindən İranın narazı qalması özünü tezliklə bəlli etdi. Çünki ölkədə Rusiya əleyhinə etirazlar daha da güclənmişdi. Bunun nəticəsi idi ki, 1829-cu il fevralın 11-də, yəni müqavilənin bağlanmasından bir il sonra qəzəbli kütlə Tehrandakı Rusiya səfirliyinə hücum edərək demək olar ki, hamını qətlə yetirdi. Öldürülənlər arasında Rusiyanın İrandakı yeni səfiri Aleksandr Qriboyedov da var idi. Səfir Türkmənçay müqaviləsinin imzalanmasında aktiv şəkildə iştirak etmişdi. Xatırladaq ki, Aleksandr Qriboyedov məşhur rus dramaturqudur. Onu da qeyd edək ki, İran ərazisində yaşayan ermənilər Şimali Azərbaycanın Naxçıvan, İrəvan və Qarabağ bölgələrinə kütləvi şəkildə məhz A.Qriboyedovun səyi nəticəsində köçürülmüşdü.
Türkmənçay müqaviləsi preambula və 16 maddədən ibarət idi. I maddəyə əsasən, "Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaqdır". III maddəyə əsasən, "İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə Erivan xanlığını və Naxçıvan xanlığını Rusiya İmperiyasının tam mülkiyyətinə güzəştə gedir" və hər iki dövlət arasında sərhədlər bu şəkildə müəyyən edilir: "Sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir, buradan maillik üzrə Araratın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir...".
Müqavilədə Azərbaycanın adı yalnız sonda, yəni XV maddədə çəkilir və onun sakinlərinə belə bir "müjdə" verilir ki, "İran şah həzrətləri ...Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya rus ordusunun adıçəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır".
Birinci maddə ilə əbədi sülh elan olunsa da, Türkmənçay müqaviləsinin müddəti əsasən 1917-ci ilin oktyabrında bolşeviklərin hakimiyyəti ələ alması ilə başa çatdı. 1921-ci ildə RSFSR və İran arasında bağlanmış müqavilə Gülüstan və Türkmənçaydan sonra Azərbaycanın bölüşdürülməsini yenidən təsdiq etdi. Xalqımıza qarşı növbəti ədalətsizlik oldu...
Azərbaycanın belə bir haqsızlığa düçar olmasında təbii ki, o zamankı reallıqlar da təsirsiz qalmamışdı. Belə ki, XIX yüzilin başlanğıcında Azərbaycan xanlıqlardan ibarət idi və onların arasında birlik yox idi. Azərbaycan xanlarının çoxu bir-birlərindən qorunmaq üçün kənardan özlərinə qəyyum axtarırdılar. Məhz bu fəlakətli durumdan İran və Rusiya ustalıqla yararlandılar və Azərbaycanı savaş meydanına çevirdilər. 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan "Gülüstan" sülh müqaviləsinin şərtlərini pozan tərəflər yenidən ikiillik savaşdan sonra "Türkmənçay" müqaviləsini imzalayaraq Azərbaycan ərazisini Araz çayı sərhəd olmaqla quzeyə və güneyə böldülər. Beləliklə, bu məmləkətin həm güneyində, həm də quzeyində baş verən faciəli hadisələrin yaranması üçün özül qoyuldu. Bu milli fəlakət bu və ya digər formada hələ də davam edir...
1918-ci ildə Quzey Azərbaycan öz demokratik dövlətini qursa da, onun ömrü az oldu. 1991-ci ilin oktyabrında bu tarixi torpaqlarımız üzərində xalqımız öz müstəqilliyini bərpa etdi. Bu isə millətimizin, Azərbaycan türklərinin dünyada varlığının ən ali təsdiqidir. 2020-ci il Vətən müharibəsində ermənilər və onun havadarları üzərində tarixi qələbəmiz quzeyin ərazi bütövlüyünü təmin etdi, onu bütövləşdirdi. Güneyin mübarizəsi isə davam edir və onlar yalnız deyil. Dövlət başçısının dünyaya verdiyi mesajlar da quzeyin həm də güneyin yanında olduğunu bəyan edir.
Son olaraq isə onu deyirik ki, "Gülüstan" və "Türkmənçay" kimlər üçünsə sülh müqaviləsi olsa da, Azərbaycan üçün faciədir. Özü də 20 Yanvar, Xocalı, ümumən Qarabağ faciəsindən qat-qat ağır bir faciə. Gəlin, bundan sonra hər şeyi öz adı ilə çağıraq...
Zümrüd QURBANQIZI,
"Respublika".