"Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur...". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa. Azadlığına qovuşandan keçən üç ilə yaxın müddətdə bu qədim yurd yerimiz yerli və beynəlxalq səviyyəli tədbirlərə evsahibliyi etməklə özünün bu xeyirxah missiyasını uğurla yerinə yetirir. 28 il ərzində erməni vandalları tərəfindən dağıdılmış tarixi binaları bərpa edildikcə, qurumuş bulaqları cana gəldikcə Şuşamız dirçəlir, daha çox qonaq-qaralı olur, dostları sevindirir, düşməni məyus edir. Bu qısa müddətdə sürətlə dəyişən mədəniyyət paytaxtımız işğal dövründə nə qədər sındırılsa da əyilmədiyini, milli qürurumuzu qoruduğunu fəxr hissilə söyləyir gələnlərə. Bütün bunlarla bir daha Azərbaycanın əzəli torpağı olduğunu dünyaya nümayiş etdirir. 28 illik işğal dövründə Şuşamızın ona məxsusluğunu iddia edən Ermənistan mədəni və dini abidələrimizi yerlə-yeksan etməklə nə qədər tarixi silməyə çalışsa da, buna nail ola bilməyəcəyinin də fərqində idi. Şuşa ilə başlayan məğlubiyyətimiz Şuşa ilə də qalibiyyətə döndü. Torpaqlarımızın işğalı Şuşa ilə başlayıb Şuşa ilə də bitdi. 44 günlük müharibə Şuşanın düşməndən geri alınması ilə başa çatdı. Məhz Şuşa əməliyyatından sonra kapitulyasiya aktına imza atan Ermənistan tarixi silməyin mümkünsüzlüyünü, xalqımızın öz tarixinə sahib çıxan, yenilməz, məğrur xalq olduğunu bir daha dərk etdi.
2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə Şuşa həm də diplomatik paytaxt olduğunu sübuta yetirdi. Həmin gün iki dost, qardaş ölkə - Azərbaycan və Türkiyənin müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasına şahidlik edən Şuşa daha sonra bir-birinin ardınca bir neçə beynəlxalq səviyyəli tədbirlərə də evsahibliyi etdi. İndi əminliklə söyləmək olar ki, bu cür tədbirlərin baş tutduğu Şuşa artıq önəmli bir məkana çevrilib. Çünki qarşıda Qafqazda yeni dövrü - sülh və əməkdaşlıq dövrünü aktiv şəkildə təşviq edən Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlıq sayəsində yeni reallıqlarını daha da gücləndirmək, regionla bağlı strategiyanı təqdim etmək kimi mühüm məsələ durur. Söz yox ki, belə tədbirlərin azad Qarabağımızda, azad Şuşamızda keçirilməsi hədəflərə yüksək səviyyədə nail olmağa öz töhfəsini verəcəkdir.
Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə yol açıb. Bu baxımdan, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı və bütün dünya bu reallığın şahidi oldu. O, keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı Qars müqaviləsini xatırlatmış, bildirmişdi ki, yüz ildən sonra iki ölkə arasında müttəfiqlik haqqında yeni sənədin imzalanması da rəmzi məna daşıyır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra Azərbaycana səfəri zamanı mətbuata bəyanatında demişdir: "Şuşa Bəyannaməsinin müddəalarını da, İnşallah, bundan sonra da uğurla həyata keçirməyi davam etdirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik".
Şuşa Bəyannaməsində isə hər iki ölkənin maraqlarına xidmət edən müddəalar yaxın və uzaq gələcəyə hesablanıb. Bu tarixi sənədin "Şuşa İli"ndə hər iki ölkənin qanunverici orqanı tərəfindən təsdiqlənməsi artıq təhlükəsizliyimizin təmin olunması və ikitərəfli, çoxşaxəli münasibətlərin inkişafı baxımından böyük önəm daşıyır. Bəyannamədən irəli gələn strateji vəzifələrin yerinə yetirilməsi Azərbaycan-Türkiyə birliyinin güclənməsinə və ölkələrimizin regional güc mərkəzi kimi beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə töhfə ver