Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-də NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistin Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sualını cavablandırarkən deyib ki, Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağda müəyyən edilmiş yerlərdə qalacaq, daha sonra isə bu yerləri tərk edəcəklər. Yəni Ərdoğan bildirib ki, 2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi müddəti başa çatır və bu müddət bitdikdən sonra Moskva Qarabağı tərk etməlidir. Türkiyə Prezidenti Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb və Prezident İlham Əliyevin də vəziyyəti izlədiyini ifadə edib. Onun bu çıxışına Kreml cavab verib.
Sülhməramlı kontingentin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr Bəyanatına uyğun olaraq ərazidə yerləşdirildiyini deyən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həmin sənəddə sülhməramlıların regionda qalma müddətinin də göstərildiyini vurğulayıb. Xanım diplomat səlahiyyətlərin 5 il müddətinə uzadıla biləcəyini də vurğulayıb: "Xatırlatmaq istəyirəm ki, Ankara Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının tərəfi deyil və məhz bu sənəd əsasında Rusiyanın sülhməramlı kontingenti Qarabağa yerləşdirilib. Məhz bu sənəddə həm kontingentin regionda qalma müddətləri, həm də onun növbəti beşillik müddətə mümkün uzadılmasının parametrləri aydın şəkildə göstərilib. Rusiya sülhməramlıları Dağlıq Qarabağda mühüm sabitləşdirici rol oynamaqda davam edir. Onların əsas funksiyası atəşkəs rejiminə riayət etməkdir. Regionda davam edən gərgin vəziyyəti nəzərə alsaq, onların işi həmişə olduğu kimi vacibdir".
Əslində, Zaxarovanın müddətin artırılması məsələsinə toxunması elə bu açıqlamanın məramını izah edir. Buradan görünür ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasından çox özünün buradakı hərbi varlığının saxlanılmasında maraqlıdır. Buna görə də "Ankara üçtərəfli Bəyanatın tərəfi deyil" deyərək regionda sabitiyin bərqərar olmasına can atan Türkiyəyə "Cənubi Qafqazdakı proseslərə qarışma" mesajını verir. Amma görünən odur ki, Kreml bu açıqlamanı verərkən, iki məsələni nəzərə almayıb. Birincisi, Bəyanatı imzalayan Prezident İlham Əliyev də çıxışlarında sülhməramlıların onlara verilən vaxt tamam olduqda gedəcəklərini qeyd edib. Hazırkı proseslər də onu göstərir ki, Azərbaycan üçtərəfli razılaşmanın 4-cü bəndində qeyd olunduğu kimi, sülhməramlı missiyanın bitmə müddətinə 6 ay qalmış buna xitam verilməsi üçün müraciət edəcək. Digər tərəfdən, rəsmi Bakı ilə Ankara arasında hərbi əməkdaşlıq sahəsində imzalanan müqavilələr, ən əsası isə Şuşa Bəyannaməsi var. Bu sənədlər də öz növbəsində Qarabağla bağlı məsələlərdə Türkiyəni söz haqqına sahib tərəfə çevirir.
Onu da nəzərə almaq lazımdır ki, Zaxarovanın elə özünün istinad etdiyi sənəddə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması nəzərdə tutulub. Bu razılaşmaya əsasən, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb, yəni türk əsgəri də bölgəyə daxil olub. Beləliklə, Rusiya ilə birgə razılaşmaya əsasən Ağdama əsgər göndərən Türkiyə bu razılaşmanın hüquqi tərəfidir və Cənubi Qafqazdakı proseslərə müsbət istiqamətdə təsir etmək imkanına sahibdir. Bu səbəbdən də Türkiyənin rus sülhməramlıların zamanı çatanda Qarabağdan çıxmasını istəməsinin hüquqi əsasları var.
Bu məqamda Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 29-da İstanbulda keçirilən "TEKNOFEST" festivalında iştirakı zamanı səsləndirdiyi fikirləri xatırlamaq yerinə düşər: "İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır".
Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Bu da davamlı olaraq sözügedən ölkənin beynəlxalq arenada rolunu artırır. Türkiyənin müdafiə sənayesi isə həm onu, həm də müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Qardaş ölkənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Azərbaycan da Türkiyənin sənaye sahəsindəki təcrübəsindən yararlanır. Hazırda Türkiyə-Azərbaycan münasibətləri yarıkonfederasiya halına gətirilib, hər bir ölkənin uğuru və kədəri digərində də açıq şəkildə hiss olunur. Türkiyədə istehsal edilən hərbi sənaye məhsullarının dərhal Azərbaycana inteqrasiya edilməsi, İkinci Qarabağ müharibəsində ölkəmizə verilən dəstək, qardaş ölkədə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın oynadığı rol isə hər iki ölkənin xalqlarını və dövlətlərini daha möhkəm birləşdirir.
Jalə QASIMZADƏ,
"Respublika".