Türkiyəni texnologiya mərkəzinə çevirən “TEKNOFEST
Türk dünyası

Türkiyəni texnologiya mərkəzinə çevirən “TEKNOFEST"

Miqyasına görə dünyanın ən əhəmiyyətli texnologiya, aviasiya və kosmik sənaye festivalı olan "TEKNOFEST-2023 Türkiyə" öz işinə davam edir. İstanbulun Atatürk Hava Limanında rəsmi açılışı olan tədbirə 102 kateqoriya üzrə 1 milyondan çox iştirakçı qatılıb. Onlar raket kompleksi prototiplərinin hazırlanması, robortların dizayn edilməsi, sənayedə rəqəmsal texnologiyaların tətbiqi və pilotsuz uçuş aparatlarının, eləcə də hərbi təyinatlı dronların işlənib hazırlanması ilə yanaşı, minlərlə müxtəlif texnoloji istiqamətlərdə rəqabət aparırlar. Mayın 1-nə kimi davam edəcək festivalda texnologiya yarışları, aviasiya-uçuş, simulyasiya şouları göstəriləcək. "TEKNOFEST-2023 Türkiyə" çərçivəsində Türkiyənin "Bayraktar Kızılelma", "Bayraktar Akıncı" və ilk dəfə olaraq "Bayraktar-TB3" pilotsuz uçuş aparatları da ziyarətçilərə təqdim olunacaq.

Türkiyənin milli texnologiya inqilabı sayılan festival, texnologiya, hərbi təyinatlı aviasiya və kosmik sənaye sahələrində öz xəyallarını reallaşdırmaq istəyən gənclərə böyük imkanlar verir. Belə ki, bu il keçirilən "TEKNOFEST-2023 Türkiyə" festivalında ayrı-ayrı kateqoriyalar üzrə qalib gələn hər bir komandaya 13 milyon lirə mükafat və yarış üçün lazımi ləvazimatların təmin olunması məqsədilə 30 milyon lirəlik maddi dəstək veriləcək. "TEKNOFEST" aerokosmik və texnologiya festivalında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələyə yer verib: "Bildiyiniz kimi, 2018-ci ildə 4 333 müraciətlə bu hadisəyə bismillah dedik. Bu il 81 vilayət və 96 ölkədən 333 min komandaya, 1 milyon rəqib müraciətinə çatdıq. İştirakın artması ilə mükafat və təşviqlərimizin məbləği də artıb.