İstanbul
Azərbaycanın "Zirvə İslahatlara Dəstək Mərkəzi"nin və Türkiyənin "Türk-İslam Dünyası Kültür və İqtisadiyyat Dərnəyi"nin təşkilatçılığı ilə Bağçılar Bələdiyyəsində dahi lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konfrans keçirilib. Konfransda Bakı Dövlət Universitetinin müəllimləri Asifə Əliyeva, Sona Məmmədbəyova, konsul Zaur Allahverdizadə, Bağçılar Bələdiyyəsinin qeyri-hökumət təşkilatları üzrə nümayəndələri Bahattin Albayrak və Murat Gün, "Türk Kızılay"ı İstanbul Küçükçekmece rayon şöbəsinin müdiri Hüseyn İpek, ziyalılar və nüfuzlu şəxslər iştirak ediblər.
Tədbirdə Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, akademik Numan Kurtulmuşun, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrımın, Azərbaycanın İstanbuldakı Baş Konsulu Nərminə Mustafayevanın, Bağçılar Bələdiyyəsinin sədri Abdullah Özdemirin konfrans iştirakçılarına ünvanladığı məktublar oxunub və onların ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramları ifadə olunub. Tədbirdə çıxış edən konsul Zaur Allahverdizadə vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Azərbaycan və Türkiyə regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər.
Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən Azərbaycanın dövlətçilik tarixində və türk dünyasındakı rolundan bəhs edən natiqlər Heydər Əliyevin sayəsində Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu bildiriblər.
Onu da qeyd edək ki, dahi lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə Dəniz Muzeyində ''Can Azərbaycan'' adlı rəsm sərgisi keçirilib. Sərgidə Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbulun Yedditəpə Universitetinin professoru, rəssam Rafiq Əzizin və gənc rəssamların Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən rəsm əsərləri nümayiş olunub.
ANKARA
Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Ankarada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Dövlət və ictimai xadimlərin, millət vəkillərinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndərin mənalı həyat yoluna həsr olunan film nümayiş etdirilib.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun rəhbəri, deputat Əhliman Əmiraslanov, Türkiyə Prezidentinin baş müşaviri İlnur Çevik çıxış edərək ulu öndərlə bağlı xatirələrini bölüşüblər. Natiqlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və gücləndirilməsində tarixi xidmətlərindən danışıblar. Qeyd olunub ki, yenicə müstəqilliyini bərpa etmiş, daxili və xarici düşmənlərin təhdidləri ilə qarşı-qarşıya qalmış Azərbaycan məhz Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu təhlükələrdən sovuşaraq möhkəmlənmiş, nəhəng regional layihələrə imza ataraq inkişaf mərhələsinə qədəm qoymuşdur.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarının Azərbaycan-Türkiyə münasibətlərinin təməlində dayandığını vurğulayıb, bu münasibətlərin bundan sonra da yüksələn templə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Rəsmi hissənin ardından baş tutan konsertdə Azərbaycanın Xalq artisti Azərin ümummilli lider Heydər Əliyevin sevdiyi mahnıları səsləndirib.
KOCAELİ
Kocaeli Heydər Əliyev Mədəniyyət Evinin və İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə