Müharibədə hərbi qulluqçuların döyüş qabiliyyəti və ruh yüksəkliyi mühüm rol oynayır. Düşmənə qarşı vuruşan döyüşçünün qalibiyyət əzmi onun yenilməzliyinin təməlində dayanan başlıca cəhətdir. Hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımız qaldırıldı.
Müharibə Zəfərlə başa çatdı. Onlar qayıtdılar. Yarımcan gələni də oldu, bayrağımıza bükülüb Şəhidlik zirvəsinə ucalanı da… Vətən, hər bir övladı üçün üzüldü. Şəhidi üçün də, yaralı qazisi üçün də… Dövlətimiz əfsanə qəhrəmanların hər birinin ağrıyan yaralarına məlhəm olmaq üçün əlindən gələni etdi. Yaralı qazilərimiz “YAŞAT” Fondunun xətti ilə Türkiyəyə müalicəyə göndərildi. Azərbaycana “qardaş” deyən Türkiyə də onları doğması kimi sevdi, əzizlədi, sağlamlıqlarına qovuşmaları, Vətənə sağ-salamat dönmələri üçün bacardığını əsirgəmədi. Ümumilikdə, “YAŞAT” Fondu indiyədək Türkiyənin İstanbul, Kocaeli və Bursa şəhərlərinin müvafiq xəstəxanalarına 123 Vətən ьüharibəsi qazisi göndərib. Onlardan 57-si İstanbulda müalicə alıb. 11 Vətən ьüharibəsi qazisi İstanbulun Ataşehir rayonunda yerləşən “Avicenna” Рospitalında müalicə olunur. Hər birinin həyat hekayəsi fərqli, məqsədləri isə eyni olub. Düşmən tapdağında olan torpaqlarımızı azad etmək...
Əsgər Adəm Məmmədzadə sentyabrın 29-da müharibəyə könüllü gedib. Oktyabr ayının 15-də Füzuli rayonunun Qaraxanlı kəndində ayağından yaralanıb. Azərbaycanda 12 dəfə əməliyyat olunub: “Bir aya yaxındır, burdayam. Bir dəfə əməliyyat keçirmişəm. Həkim ümidli danışır, özümü yaxşı hiss edirəm. Türk həkimlərinə təşəkkür edirəm. Ən böyük arzularımdan biri sağalıb ayağa qalxdıqdan sonra Türkiyədə təhsil almaqdır.
Azərbaycan ordusunun zabiti, mayor Nicat Əmirəliyev Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanıb.
Müharibə başladığı ilk gündən döyüşlərdə komandir müavini kimi fəaliyyət göstərib: “Bizim mövqelərimizdən tankların atəşinə istiqamət verərkən düşmənin atdığı minomyot mərmisinin partlaması nəticəsində ağır yaralandım. Gəncədə, Bakıda müxtəlif klinikalarda əməliyyatlar keçirdim, ayağıma “İlizarov” aparatı qoyulmuşdu, onu çıxardılar, xəsarətlərim ağır idi deyə, sağlamlığım bərpa olunmadı. Yanvar ayında “YAŞAT” Fonduna müraciət elədim ki, bəzi əməliyyatlarımın xarici ölkədə keçirilməsinə dəstək göstərsinlər. Fond tərəfindən iyulun 2-dən Türkiyəyə müalicəyə göndərildim.
Burada bud-çanaq və çiyin oynağıma implant protez yerləşdirildi. İndi özümü normal hiss edirəm. Fizioterapiya müalicəsi alıram. Sağ olsun dövlətimiz, rəhbərimiz, Türkiyədə olan nümayəndəliyimiz, türk həkimləri. Mən 8 ay yataq xəstəsi olmuşam. Şükür, hazırda hərəkətim normallaşıb, özümü yaxşı hiss edirəm”.
Baş çavuş Mübariz Ağayevin döyüşlərdə aldığı yaraların izi sağ ayağında qalıb.
Sentyabrın 27-dən Tərtər-Ağdərə istiqamətində yerləşən Talışkənddə döyüşüb: “Döyüşlərdən birində güllə yarasından ayağımın sinirləri qırıldı. Azərbaycanda həkimlər çox zəhmət çəkdilər, ayağımda sinir toxumalarının bərpası üçün çalışdılar, amma mümkün olmadı. Sonra fonda müraciət etdim. Məni Türkiyəyə müalicəyə göndərdilər. Həkimlər sinirlərin tam bərpa olunacağını deyirlər. Sağ olsun dövlətimiz ki, bizə dəstək olurlar”.
Müharibə qaziləri təkcə fiziki yaralanmayıb. Döyüş dostlarının ölüm səhnələri hafizələrində heç zaman silinməyəcək izlər buraxıb. Bu səbəbdən onlar psixoloji reabilitasiyadan da keçməlidirlər.
Mübariz Ağayev: “Müharibədə kəşfiyyat qrupumuzdan Əmrah Məmmədov, Elvin Kərimov... (digərlərinin adını deməyə çətinlik çəkir), Allah hər birinə qəni-qəni rəhmət eləsin, ümumilikdə, qrupun yarısı şəhid oldu. 3-4 nəfər salamat qayıtdı, digərlərimiz də qazi olaraq döndük. Bizə verilən tapşırığı layiqincə yerinə yetirdik, çox heyif ki, bölük komandirimiz İsmət Hacıyev şəhid oldu, bu sevinci bizimlə yaşamadı. Azyaşlı qızı var, onun gələcəyi ilə bağlı gözəl arzuları vardı, ailəsinə çox bağlı insan idi...”.
Müharibəyə 18 yaşını yenicə tamamlayıb gedən gizir Tanrıverdi Muradov Cəbrayıl, Zəngilan, Qubadlı döyüşlərində iştirak edib: “İki dostum gözümün qabağında şəhid oldu, minomyot birinin başını bədənindən ayırdı, o birinin ayağını... Mən də orada yaralandım. Silahı əlimə almaq istəyəndə başa düşdüm ki, yaralanmışam, sonra nə olub, xatırlamıram, gözümü bir də Ağcabədi xəstəxanasında açdım...”.
Ailənin yeganə oğlu Tanrıverdinin müharibədə olduğunu ailəsi belə bilməyib. Çünki cəbhədə olduğunu hər kəsdən gizlədib. Yaralandıqdan sonra ailəsinə həkimlər xəbər verib.
Xəstəxananın baş cərrahı, ortopediya, travmatologiya və mikrocərrahiyə üzrə mütəxəssis, professor Halil İbrahim Bekler qazilərin səhhətlərindəki problemlərdən danışıb: “Xəstəxanamıza 3 qrupda 11 Qarabağ qazisi müalicəyə gətirilib. İlk gələn qrupda 3 sümük, bir sinir, II qrupda 2 ağır sümük və 2 sinir xəsarəti, III qrupda isə 2 sinir və bir sümük xəsarəti alan qazilərimiz müalicə alır. Qazilərimizin Azərbaycanda müalicələri dünya tibb standartlarına uyğun keçib. Bizim apardığımız müalicələr isə bundan sonrakı həyatlarını sağlam keçirmək üçün cəhdlərimizdir. Xəstələrimizin bir çoxunda ciddi sümük xəsarətləri var ki, bu da çox uzun müddətə bərpa oluna bilən problemlərdir. Hazırda bütün xəstələrimizin müalicələri başa çatmaq üzrədir”.
Qazilərimiz müalicə müddətində daima nəzarət altındadırlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, Qarabağ müharibəsində önəmli rol oynayan İHA və SİHA-ların qurucusu Selçuk Bayraktarın, İstanbulda təhsil alan bir qrup azərbaycanlı tələbələrin, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın onları ziyarət etmələri, qazilərimizdə yüksək əhvali-ruhiyyə yaradıb.
Esmira YAZKAN Aslanova,
“Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.