Bu gün Şuşada şahidi olduqlarım içimi sızlatdı. Burada ermənilər tərəfindən öldürülərək basdırılan 17 azərbaycanlının məzarı aşkar olunub. Bildiyimə görə, 30 il ərzində 4 minə yaxın azərbaycanlı itkin düşüb. Ümid edirəm onların məzarları da qısa müddətdə tapılar.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Türkiyənin "Ülke TV" televiziyasının jurnalisti Onur Ceniklioğlu deyib.
"Qarabağa ilk dəfə gəlirəm. Burada gördüklərimdən dəhşətə gəldim. Xüsusən Ağdamda evlərin dağıdıldığını, məscidlərin, tarixi yerlərin vandalizmə məruz qalmasının şahidi oldum. Dünya Ermənistanın törətdiyi vəhşiliyi görməli, soyqırımını tanımalıdır", - deyə Türkiyə jurnalisti vurğulayıb.