Türkiyə: İranın   təhdidləri  Azərbaycana zərbə vura bilməz
Digər xəbərlər

Türkiyə: İranın   təhdidləri  Azərbaycana zərbə vura bilməz

Son zamanlar İran tərəfindən Azərbaycana  qarşı  bir çox təhdidlər səsləndirilir.  Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlər,  sərhəd üzərindən hərbi uçuşlar həyata keçirilir, İranın vəzifəli şəxsləri anti-Azərbaycan bəyanatlar verir, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən, hətta uşaqları cəlb etməklə Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu videoçarxlar çəkilib və nümayiş etdirilir.

 Hətta  bu günlərdə İran Quru Qoşunları  Komandanı Kiomərs Heydərinin  və İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin,  Azərbaycana qarşı yalan, iftira, böhtan dolu və özündə cəmiyyətdə saxta fikir formalaşdırma əməliyyatının elementlərini əks etdirən açıqlamalar verməsini də növbəti bir cəfəngiyat adlandırmaq olar. 

Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassız və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyildir. Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz vurğulayıb: “İran İslam Respublikası Ordusu Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin son açıqlaması qətiyyən qəbuledilməzdir. Onun Azərbaycan torpaqlarında başqa dövlətlərin silahlı ünsürlərinin olduğunu, hətta guya 44 günlük Vətən müharibəsi dövründə İŞİD terrorçularından istifadə edildiyini və həmin terrorçuların hələ də Azərbaycanda olduğunu, bundan başqa, İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deməsi yalan, iftira və böhtandan başqa bir şey deyildir.

Hər şeydən öncə, bunu ifadə etmək istəyirəm ki, şanlı Azərbaycan Ordusu öz gücünə görə Cənubi Qafqazda birinci yerdə və dünya ölkələri arasında isə təxminən əllinci  sıradadır. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti Ordusunun imkanları və övladlarının canı-qanı hesabına qələbə qazanıb. Burada başqa ünsürlər olmayıb. Bu, çox böyük bir böhtandır”.

Y.Karauz qeyd edib ki, bu açıqlama, ilk növbədə, İran tərəfindən həyata keçirilən dezinformasiya siyasətinin və anti-Azərbaycan kampaniyasının davamıdır: “Yəni İran tərəfi bu cür dezinformasiya və yalan xarakterli açıqlamalarla dünyada belə bir görüntü yaratmaq istəyir ki, guya Zəngəzur dəhlizinin açılması ilə İran-Ermənistan sərhədi tamamilə bağlanacaq. İran sanki bununla sərhədin dəyişəcəyi, yaxud da sərhədə nəzarətin Azərbaycana keçəcəyinə dair dünyada yanlış təsəvvür yaratmaq istəyir. Lakin dediyim kimi, bu, tamamilə yalan və böhtandan başqa bir şey deyil. Çünki Zəngəzur dəhlizinin açılması İran-Ermənistan sərhədini dəyişdirməz və Azərbaycanın belə bir niyyəti də yoxdur. Azərbaycan beynəlxalq qanunlar çərçivəsində tanınan ərazisi daxilində sülh və əmin-amanlıq şəraitində yaşamaq siyasəti həyata keçirir”.

Yücel Karauz  həmçinin deyib: “Bu əslsiz iddianı imperialist şiə hilalı formalaşdırmağa çalışan, bir ucu Yəməndə, bir ucu Suriyada, bir ucu İraqda və s. olan bir ölkənin Quru Qoşunlarının Komandanının dilə gətirməsi çox gülünc bir durumdur. Bu şəxsin iddiasının gülüş doğurmasına səbəb olan başqa bir məqam isə odur ki, Azərbaycanın hansısa kənar döyüşçülərə, başqa bir ölkənin ordusuna ehtiyacı yoxdur. Çünki Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində hansı gücə sahib olduğunu bütün dünyaya nümayiş etdirib. Elə müharibədən sonra ordunun daha da güclənməsi üçün davamlı addımlar atılır. Bunu bilə-bilə belə iftira dolu fikirlər səsləndirmək, əslində, Azərbaycan Ordusunun şanlı zəfərinə kölgə salmaq cəhdidir”.

Türkiyəli generalın sözlərinə görə, K.Heydərinin bu iftira dolu fikirlərində İŞİD adının çəkilməsi heç də təsadüfi deyil. İran yaxşı bilir ki, Batının İŞİD-ə qarşı çox həssas davranışı var. Ona görə də İran  Quru Qoşunlarının Komandanının dili ilə Azərbaycana dair İŞİD yalanını ortaya atmaqla, Batı ölkələrini də yanlış istiqamətə yönəltmək istəyirlər. Bu, bir ölkənin generalına, xüsusilə də Quru Qoşunları Komandanı olan bir generala yaraşmayan davranış tərzidir.  Azərbaycanda heç bir ölkənin silahlı və ya silahsız hərbi bazası yoxdur. Hər bir dövlət kimi, Azərbaycan da ikitərəfli və çoxtərəfli əlaqələr çərçivəsində müxtəlif görüşlər və hərbi təlimlər keçirə bilər. Eyni addımları İran da atır. Yəni demək istəyirəm ki, burada İsrailin hər hansı bir formada hərbi mövcudluğundan söhbət gedə bilməz. İsrail və terrorçuların hələ də Azərbaycan ərazisində olması barədə deyilən sözlər tamamilə və başdan sonadək yalandır. Əgər İran terrorçu axtarırsa, İraqa, Suriyaya, Yəmənə, Livana  və başqa yerlərə yetişdirib göndərdikləri terrorçulara baxsın. Eyni zamanda həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə PKK və PYD-nin muzdlu terrorçuları İran ərazisindən Ermənistana və Qarabağa daşınıb. Ona görə onlar belə mövzularda danışanda çox diqqətli olmalıdırlar:

‘‘Digər tərəfdən, İran əgər sərhəd məsələsinə bu qədər həssas yanaşırsa, o zaman niyə İran-Azərbaycan sərhədinin 132 kilometrlik hissəsi Ermənistanın işğalı altında olduğu 28 il ərzində səsini çıxarmadı? Niyə Tehran bircə dəfə də olsun Ermənistanı qınayan bəyanat səsləndirmədi? Niyə İran generalları o zaman sadəcə susdular? Təbii ki, suallar çoxdur. Amma o suallara İran tərəfinin səmimi cavab verəcəyinə kimsə inanmır. Çünki İran sadəcə, istər həmin dövrdə, istərsə də indi Ermənistanın əsas müttəfiqi kimi mövqe nümayiş etdirir. Özü də bunu təkcə sözdə deyil, əməldə də göstərir. Buna görə də bir daha İranı sakit olmağa, yanlış addımlar atmamağa, yalan və iftira əsaslı fikirlər səsləndirməməyə dəvət edirik”.

Yücel Karauz son olaraq bildirib ki, Azərbaycanın nə İran, nə də Ermənistan torpağında gözü yoxdur və özünün beynəlxalq aləm tərəfindən tanınmış suveren ərazisi içərisində sülh və sabitlik şəraitində yaşamaq istəyir. Lakin bu iki dövlət Azərbaycana qarşı çox ağır və təxribatçı dezinformasiya aparır, eyni zamanda hücum hazırlığı görür. Heydərinin açıqlaması son bir ildə Azərbaycana qarşı aparılan hibrid müharibənin - sərhədə yaxın ərazilərdə keçirilən hərbi təlimlərin, səfirliyə edilən terror hücumunun, SEPAH-ın yayımladığı təhdid videolarının və s. davamıdır. Lakin boş yerə yorulurlar. Bununla Azərbaycana zərbə vura bilməzlər.

Esmira YAZKAN ASLANOVA,

‘‘Respublika’’ qəzetinin Türkiyə üzrə müxbiri.