Bu gün bütün türk dünyası siyasi, iqtisadi problemlərin həllində gücünü, potensialını ortaya qoyaraq sarsılmaz birlik nümayiş etdirir. Xalqların inteqrasiyası, ümumtürk mövqeyi türk dünyasının daha əzəmətli, daha qüdrətli olmasına xidmət edir. Tarixin bütün dövrlərində türk milləti bu məqsəd uğrunda mübarizələr, mücadilələr aparmışdır. Türkdilli dövlətlərin siyasi, iqtisadi, mənəvi gücünü birləşdirməsi, bir təsisat altında fəaliyyət göstərməsi, eyni soydan olan xalqların həmrəyliyi qloballaşan yeni dünya düzəninin gerçəkliyidir.
Dostluq, qardaşlıq və qarşılıqlı güvən əsasında qurulan siyasi, iqtisadi, ticari, mədəni və hərbi əməkdaşlıq türk dövlətlərinin möhkəmlənməsinə, ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələrə sahib olan xalqlarımızın daha firavan, daha ədalətli bir dünyada yaşamasına hesablanıb. 2009-cu il oktyabr ayının 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanan Naxçıvan müqaviləsinə əsasən Türk Dövlətlərinin Əməkdaşlıq Şurası adı altında yaradılan təşkilat enerji layihələrinin həyata keçirilməsində, dövlətlərin və xalqların sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, türk dövlətlərinin dünya birliyinə inteqrasiyasında yeni səhifə açmışdır.
2021-ci il noyabr ayının 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatı adlandırılan təsisat türk birliyini, türk dövlətləri arasında qarşılıqlı etimadı möhkəmləndirmək, xarici siyasət məsələlərində ortaq yanaşmanı təşviq etmək, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparmaq məqsədi daşıyır. Eyni zamanda, bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, elm, texnologiya, təhsil və mədəniyyət sahəsində, kütləvi informasiya vasitələri arasında daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi kimi məsələlər də TDT-nin fəaliyyətində əsas vəzifə olaraq nəzərdə tutulur.
Bu gün TDT müstəqil türk respublikaları və xalqları arasında hərtərəfli tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə yönəlmiş müzakirələrin aparıldığı, təkliflərin irəli sürüldüyü mühüm siyasi platforma kimi çıxış edir. "Siyasi və ictimai həmrəylik kimi, iqtisadi və ticari əlaqələri də gücləndirmək lazımdır", - deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkdilli ölkələr arasındakı ticarət dövriyyəsinin 21 milyard dollar təşkil etdiyini bildirərək, qarşılıqlı sərmayələrin əhəmiyyətini, bu sahədəki maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayır. Beynəlxalq hökumətlərarası təşkilat olan, sülhə, davamlı inkişafa töhfə vermək missiyası daşıyan Türk Dövlətləri Təşkilatının liderləri arasında sarsılmaz dostluq münasibətlərinin qurulmasında, sıralarının gündən-günə daha da genişlənməsində, əməkdaşlığın və strateji tərəfdaşlığın yeni formatının müəyyənləşməsində Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri olmuşdur.
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Türk Şurasına 2019-cu ildə Özbəkistanın da qoşulması türk xalqları arasında çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığın nümunəsidir. Həmin il təşkilatın yaradılmasının təşəbbüskarı olan Qazaxıstan prezidenti Nursultan Nazarbayevə Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Türk Şurasının ömürlük fəxri rəhbəri adı verilməsi ortaq dəyərlər əsasında möhkəmlənən birliyin göstəricidir. 2021-ci ildə isə türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən, hər zaman sülh və sabitlik, əmin-amanlıq tərəfdarı olan Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Şuranın qərarı ilə "Türk Dünyasının Ali Ordeni" ilə təltif olunmuşdur.
Prezident Rəcəb Tayyib Ərdoğan türk xalqları arasında münasibətlərin dərinləşməsi və genişlənməsi istiqamətində fəaliyyətləri TDT-nin əsas strateji hədəfləri kimi müəyyənləşdirərək demişdir: "Yeni addım və mövqeyimiz olan Türk Dövlətləri Təşkilatı ilə bundan sonra daha sürətli, xüsusi israrla kök salacaq, böyüyəcək, inkişaf edəcək və səpələnəcəyik… Mədəniyyətin beşiyi olan Türküstan coğrafiyası yenidən bütün bəşəriyyətin cazibə və işıqlanma mərkəzi olacaq".