Zirvəsi göylərə baş çəkən dağların əhatəsində, gen dərələrin sinəsində, meşələrin qoynunda yerləşən qədim Tuğ kəndi ana təbiətin bir möcüzəsidir. Durnagözlü bulaqları, əsrlərin sınağından sıyrılıb çıxan qayaları, təbiət abidələri, çəmənliyi, ulduztəki hər tərəfdə sayrışan çiçəkləri Qarabağın bu ecazkar guşəsini al-əlvan bayrağa bənzədir, bu yerlərin gözəlliyi elə bayrağımız qədər əzəmətlidir. Bayraq sözünü təsadüfən işlətmədik, "Tuğ" sözünün qədim türk dilində mənası "bayraq" deməkdir. Tarixi çox qədimdir, taleyi isə çox ziddiyyətli olub, bu kənd bir vaxtlar savaş meydanına çevrilib, tiranlar, imperatorlar Tuğu ələ keçirmək üçün bir-biri ilə savaşıblar, bu qədim türk torpaqları həmişə düşmənlərin gözlərini qamaşdırıb.
Tarixi mənbələrə görə Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adıdır. Qafqazda bir çox yaşayış məntəqələrinin adı bu tayfa ilə əlaqədardır. Azərbaycanda bir kənd, bir çay, dağ və yurd ərazisi Tuğ adlanır. Şimali Qafqazda və Qərbi Azərbaycanda Tuğ adı ilə bağlı türk kəndləri mövcud olub. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizağ nahiyəsinin Haderud kəndi olaraq qeyd olunub. Qarabağ xanlığı dövründə Dizaq mahalının başkəndi Tuğ şenliyi olub və bu mahalı məliklər idarə ediblər. Atadan oğula irsi keçən məliklik məhdud səlahiyyətli, bəylərbəyindən, sonra isə Qarabağ xanından asılı olublar. Keçmiş sovetlər birliyi dönəmində Tuğ kəndi Martuni (Xocavənd) rayonunun inzibati ərazi vahidi olub. Sonralar Tuğ kəndinə ermənilər də köçürülüb və azərbaycanlılarla bir kənddə yaşayıblar. Böyük ədibimiz Cəfər Cabbarlının "1905-ci ildə" adlı dram əsərində erməni-müsəlman savaşında Tuğ kəndində azərbaycanlı ilə erməni qonşu arasındakı dialoq dövrün ziddiyyətlərini və bu savaşı qızışdıranları ustalıqla ifşa edib.
Qeyd edək ki, Xocavənd rayonu 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Tuğ kəndi Xocəvənd rayonunun mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində, Qarabağ dağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə yerləşir. İşğala qədər kənd əhalisi əsasən, üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olub. Kənddə bir əsrdən çox yaşı olan orta məktəb (dahi bəstəkar Üzeyir Hacıbəyov gənc yaşlarında bu məktəbdə müəllim işləyib), mədəniyyət evi, kitabxana, xəstəxana fəaliyyət göstərib. Tuğda Məlikyeqanovlar, Məlikaslanovlar, Cahangirlilər, Mehdibəylilər, Aslanbəylilər, Gülməmədlilər, Talıbxanlılar, Budaqlılar, Cəfərlilər, Səlimbəylilər, Vəliuşağılar adlı tayfa, tirə və nəsillər yaşayıblar. Azərbaycanda və dünyada məşhur olan, ən qədim insan məskəni Azıx mağarası və Tağlar mağarası Tuğ kəndi yaxınlığında yerləşir.
Tuğ kəndi 1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 9-da şanlı ordumuzun bölmələri tərəfindən işğaldan azad olunub. İşğala qədər Tuğun əhalisi 4800 nəfər olub. İşğal nəticəsində ermənilər bu qədim tarixi olan kəndi dağıdaraq xarabalığa çeviriblər. Erməni barbarları kənddəki evlərə, qədim tikililərə, tarixi abidələrə, təbiətə ciddi ziyan vurublar. Prezident İlham Əliyev 2021-ci il 9 oktyabr tarixində işğaldan azad olunmuş Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, işğaldan azad edilən əraziləri gəzib, qədim Azıx mağarasına baş çəkib. Həmin görüşdə Prezident bildirib ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu guya burada yaşayıb. Hadruta ermənilər İrandan