Avropanın və ümumilikdə Qərbin Azərbaycana qarşı qərəzli və reallığı əks etdirməyən münasibət göstərməsi heç də təsadüfi deyil. Antiterror tədbirlərindən sonra Azərbaycana qarşı qərəzli mövqe özünü daha kəskin şəkildə büruzə verdi.
Avropanın siyasi və iqtisadi təsisatları çox gözəl anlayırlar ki, Azərbaycana qarşı təzyiq mexanizmləri artıq işləmir. Sonuncu təzyiq nöqtəsi olan "Dağlıq Qarabağ və orada yaşayan ermənilər" məsələsi də öz həllini tapıb. Eyni zamanda son vaxtlar Avropanın vasitəçi qismində tərəddüdlü və ermənipərəst mövqeyi Azərbaycanı bu danışıqlar platformasından uzaqlaşmağa vadar etdi. Açıq şəkildə ermənilərin hüquqlarını müdafiə edən təsisatların vasitəçi rolunda çıxış etməsi və üstəgəl Azərbaycana qarşı qərəzli mövqe tutması sülh siyasətinə uyğun deyil.
İndiki məqamda Cozef Borrelin insan hüquqları ilə bağlı tədbirdə Azərbaycanı qınayan bəyanatlar səsləndirməsi isə gülməlidir. Tragikomik rolların gözəl ifaçısı Borrel çox güman ki, Xocalı, Başlıbel, Kəlbəcər və digər erməni qırğınlarını yaddan çıxarıb. 30 il ərzində hüquqları pozulmuş 1 milyona yaxın azərbaycanlının haqq səsini eşitməyən cənab Borrel məsələyə təkgözlü baxmaqla yalnız və yalnız qərəz, yalan saça bilər.
Bu gün Avropanın yüksək kürsülərindən Azərbaycanı insan hüquqlarının pozulmasında və etnik təmizləmədə ittiham etməyə çalışan Borrel və onun kimilər yaxşı olardı ki, bölgənin son 30 illik tarixinə bir də nəzər salsınlar. Erməni lobbisinin çaldığı havaya rəqs etməyə adət etmiş Avropa məmurları Azərbaycanın qələbəsini, müstəqil siyasət yeritməsini və bununla da onların məkrli planlarını pozmasını hələ uzun müddət həzm edə bilməyəcəklər.
Borrel yadda saxlamalıdır ki, nə qədər çalışsa da Avropanın bir sıra dövlətlərinin enerji təminatçısı olan Azərbaycana qarşı real təhdid yarada bilməyəcək. Heç bir Avropa dövləti Azərbaycan qazını mənasız erməni avantürasına qurban vermək fikrində deyil. Bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşı olar.
Qeyd olunanlarla yanaşı, bu gün müstəmləkə siyasətini yeridən, insan hüquqlarını məhdudlaşdıran, jurnalistləri həbs edən, əli qana bulaşan Fransa kimi dövlətlərin əməllərini tənqid etmək Borrelə daha çox xal qazandırar, nəinki bölgədə sülh və təhlükəsizliyin təminatçısına çevrilmiş müstəqil və qalib Azərbaycana qarşı qarayaxma kampaniyasına rəvac vermək.
Amid ƏLİYEV,
politoloq.