Terrorçular İsrail və Fələstin arasında sülhün yaranmasına əngəldir
Digər xəbərlər

Terrorçular İsrail və Fələstin arasında sülhün yaranmasına əngəldir

İsrail qurulduğu gündən mülki sakinlər qanlı terrorlara məruz qalıb. Amma Həmasın və İslami Cihad terror quruplaşmalarının oktyabrın 7-də İsrailə qarşı başlatdığı irihəcmli terror və raket hücumları bu ölkənin tarixində yəhudilərə qarşı törədilən ən böyük soyqırımı aktı və ikinci Holokost hadisəsidir. Həmas və İslami Cihad terrorçularının İsrailə atdığı raketlərin sayı o qədər çox və sürətli idi ki, İsrailin Dəmir Qübbə Hava Hücumundan Müdafiə Sistemləri bu hücumların qarşısını almaqda çətinlik çəkirdi. O raketlər Qəzzadakı uşaq evləri, uşaq bağçaları, məktəblər, xəstəxanalar, məscid və ibadət yerlərindən atılırdı.

Qəzzanı vaxtilə zorla ələ keçirmiş və hətta fələstinliləri də əsarətdə, zülm içərisində saxlayan Həmas və İslami Cihad terrorçuları İsrailə qarşı məqsədli şəkildə qəsdən belə həssas obyektləri seçir ki‚ İsrail müdafiə və təhlükəsizlik qüvvələri atılan raketlərə qarşılıqlı cavab zərbəsi endirdikdə dünya ictimaiyyətində İsrail uşaq evlərini‚ xəstəxanaları‚ bağça və məktəbləri vurur və qətliam edir kimi tamamilə əks fikir formalaşsın.

İsrail sadəcə ərazisinə atılan minlərlə raketə qarşılıq zərbəsi endirir‚ terrorçulara qarşı özünümüdafiə əməliyyatı aparır. Bu isə hər bir suveren və müstəqil ölkə kimi, İsrailin də haqqı və hüququdur. Heç bir ölkə və heç bir suveren dövlət ərazisinə atılan minlərlə raketə‚ öldürülən minlərlə vətəndaşının qətlinə‚ ərazilərinin dağıdılmasına göz yuma və biganə qala bilməz. İsrail Həmas və İslami Cihad terrorçularından fərqli olaraq Qəzzada qətliam törətməyib və qətliam xarakterli müharibə etmir, sadəcə terroristlərin hücumlarına cavab verir. Əgər Qəzzada mülki şəxslər bundan zərər görürsə, bunun günahkarı Həmas və İslami Cihad terrorçularıdır. Dünya ictimaiyyəti və bütün İslam dünyası‚ müsəlman ölkələri və xalqları ilk olaraq Həması‚ İslami Cihadı və onların arxasındakı görünməz qaranlıq əlləri günahlandırmalıdır. Çünki müharibəni İsrail yox‚ məhz Həmas və İslami Cihad terrorçuları başlayıb. Həmçinin bu münaqişə İsrail-Fələstin münaqişəsi‚ yəhudi-ərəb müharibəsi deyil. Bu‚ sadəcə bir çox qüvvələrin diktəsi ilə Həmas və İslami Cihadın maddi maraqlarına uyğun olaraq İsrailə və yəhudilərə qarşı terror məqsədilə başladılan münaqişədir. Bu‚ sadəcə İsraillə Həmasın qarşıdurmasıdır. İsraildən Fələstinə qarşı bir mərmi belə atılmayıb.

Hazırda Qəzza zolağına nəzarət edən terrorçularla Fələstin Muxtariyyəti arasında daim kəskin mübarizə gedir. Qəzza zolağına hakim olan bu terrorçular İsrail və Fələstin arasında sülhün yaranmasını hər zaman hər vasitə ilə əngəlləyiblər. Fələstin Muxtariyyəti daim Həmas və İslami Cihadın sərt təzyiqi və təhdidləri ilə üzləşərək sülh prosesindən yayınır. Terrorçular nəinki bölgə üçün‚ hətta bütün dünya üçün təhlükədir. Hazırda Həmasın əsirliyində çox sayda ölkədən olan insanlar var. O ölkələrin hər biri Həmasa təzyiq nümayiş etdirməlidir.

Bütün dəlillər göstərdi ki‚ Qəzzadakı xəstəxanaya raket məhz terroristlər tərəfindən atılıb. Xəstəxananı vuran İsrail əsgərləri yox‚ məhz Həmas və İslami Cihaddır. Səbəbi isə çox sadədir. Həmas və İslami Cihad bu gün təkcə İsrailə və yəhudilərə qarşı deyil‚ məhz xalqına‚ Qəzza sakinlərinə qarşı da maddi maraqları naminə qırğın və soyqırımı törədir, Qəzzadakı bir çox humanitar əraziləri vuraraq İsraili günahkar kimi göstərməyə çalışır.

İsrail tərəfi Qəzzadakı xəstəxananı vurmadıqlarına və Həmas və İslami Cihad terrorçuları tərəfindən atılan raket zərbəsilə vurulduğuna dair faktları BMT Təhlükəsizlik Şurasına təqdim etdi. Dünyanın bir çox media qurumları Qəzzadakı xəstəxananın İsrail tərəfindən vurulmasına dair yayımladığı xəbərə görə İsraildən üzr istəyiblər. Artıq Nyu-York Post bununla bağlı rəsmi üzrxahlıq mətni dərc edib.

Həmas və İslami Cihad terrorçuları İŞİD terrorçularını bir neçə dəfə keçdi. İsrailin mübarizəsi məhz bu əliqanlı terroristlərlədir. Fələstin xalqı da onlara qarşı mübarizə aparmalıdır. Çünki bu terroristlər onlara da bədbəxtlik gətirir.

Mirsamir MƏMMƏDOV,

İsrail Təhlükəsizlik Akademiyasının

Qafqaz üzrə Azərbaycan

Respublikasındakı regional

nümayəndəliyinin direktoru.