Təbrizə aparan yollar
Mədəniyyət

Təbrizə aparan yollar

Doxsanıncı illərin əvvəllərində bir neçə dəfə İrana səfərimiz olub. Böyük qardaşım Hacıbaba müəllimin işi ilə əlaqədar onu müşayiət etmişəm. Əlavə təfərrüata varmadan mətləbə keçirəm. O taydakı Astarada köhnə, komfortsuz avtobusa əyləşib düz 14 saata Tehrana çatdıq. Tehran böyük şəhərdir. Belə şəhərlərin yanına adətən "gözəl", "yaraşıqlı", "əzəmətli" bu sayaq epitetlər əlavə olunur, Tehran isə sadəcə böyük şəhərdir.

Sonra şəhərdəki otellərdən birinə yerləşən kimi elə ilk dəqiqələrdən darıxmağa başladım. Oteldə stolüstü oyunlar-nərd, domino, şahmat yasaqdır, 8-9 kanalı olan televizorda isə yalnız mollalar ya hədis danışır, ya da moizə oxuyurlar. Televizorun qarşısında mənimlə yanaşı iki nəfər azərbaycanlı da əyləşib, birinin əlində pult var, kanalları dəyişir ki, nəsə təzə bir şey tapsın. Növbəti kanalda əmmaməli molla görünən kimi o biri adam "dəymə, dəymə, qoy burda qalsın", yəni lağ, istehza ilə, gülə-gülə deyir.

Növbəti səfərlərdə otel cansıxıcılığından qurtarmaq üçün özümlə Tehrana kitab aparmalı oldum. Rəşad Nuri Güntəkinin, Çingiz Aytmatovun kitabları karıma gəldi.

Tehrandan sonra Məşhəd şəhərini ziyarət edib qardaşımdan növbəti səfərlərdə qayıdanbaş yolu Azərbaycan şəhərlərindən salmağı xahiş etdim. Hacıbaba müəllim sözümü yerə salmadı.

Ədəbiyyat adamları obrazlı dillə Təbrizi "yuxularımın, arzularımın şəhəri" adlandırırlar. Olsun. Amma üz-üzə dayanıb, Təbrizə tamaşa etməyin ayrı gözəlliyi var. Qədim Azərbaycan şəhəri sözün əsl mənasında öz gözəlliyi, yaşıllığı ilə göz oxşayır. Çoxdan Bakıda tanış olduğumuz dostumuzun bələdçiliyi ilə şəhərlə tanışlığa başladıq. Əvvəlcə arzusunda olduğumuz Ustad Şəhriyarın məqbərəsini ziyarət etdik, Ərk qalasının önündə şəkil çəkdirdik. Sonra şəhərin yuxarı hissəsində yerləşən "El gölü" parkına yollandıq. Hazırda Təbrizin ən böyük parkı sayılan əvvəllər "Şah gölü" adlanan bağın təməli Ağqoyunlu sülaləsinin ilk illərində qoyulub. Bələdçinin dediyinə görə, Səfəvilər dövründə göl qurudulub torpaqla doldurulsa da, Qacarlar dövründə yenidən bərpa edilib. Qacar şahzadəsi Abbas Mirzənin oğlu Qəhrəman Mirzənin Təbriz hakimi təyin edilməsindən sonra gölün ortasında ikimərtəbəli saray tikilib. Sonralar bağ park kimi istifadəyə verilib.

Gölün ortasında salınan saraya tamaşa etdik. Yerin dərin qatlarından qaynayıb suya qarışan çeşmələrə baxmaq adama bir özgə gözrahatlığı gətirir. Yerdən qaynayan çeşmələr hesabına gölün suyu bütün fəsillərdə eyni səviyyədə qalır.

Təbrizin unikal tikililərindən biri Təbriz bazarıdır. Bazar 15 min kvadratmetr ərazini əhatə edir. Bazarda 5 min dükan ticarət obyekti var. Bələdçi izah etdi ki, Təbriz bazarının tikilmə tarixi IV-XVIII əsrləri əhatə edir Yaxın Şərqin ən qədim bazarlarından biridir. UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alıb. Təbriz bazarının yalnız kiçik bir hissəsinə göz yetirə bildik.

Cənub səfərimizdən xoş xatirələr çoxdur. Amma bu səyahətdə sözün əsl mənasında ürəkağrıdan bir hadisəni heç cür unutmaq olmur.

Gecənin bir aləmində Tehrandan Təbrizə gedən qatarın ümumi vaqonunda yerləşən kimi yol yoldaşlarımızın azərbaycanlılar olduğunu görüb xeyli sevindik. Müsafirlər Təbriz yaxınlığındakı kəndlərdən idilər. Aramızda maraqlı söhbət başladı. Cavanlar sənətimiz, -gücümüz, Təbrizə məqsədlə getməyimiz, Qarabağı vaxt ala biləcəyimiz digər bu sayaq məsələlərlə bağlı suallar verirdilər. Hərdən "ağa, bura ilə oranın fərqi nədir, sizin nəyiniz bizdən artıqdır" kimi guya zarafatyana atmacalar da atırdılar. Hacıbaba müəllim yerli-yerində bütün sualları təmkinlə, atmacaları isə özünəməxsus yumorla cavablandırırdı. Daha bir sual:

- Ağa, Təbrizdə ən çox haranı görmək istəyirsiniz?

Qardaşım dərhal:

- Əlbəttə, birinci olaraq Ustad Şəhriyarın məqbərəsini