Təbiətə qəsd qəbuledilməzdir
Ekologiya

Təbiətə qəsd qəbuledilməzdir

Prezident İlham Əliyev bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ekoloji problemlərdən danışıb

"Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda o vaxt işğal edilmiş torpaqlarda Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Ötən ilin dekabrında başlayan ekofəalların aksiyası bütün dünyanın diqqət mərkəzində oldu. Doğrudur, ekofəalların haqlı tələblərinə münasibət bildirən olmasa da, dünyanın bəzi ermənipərəst mətbuat orqanlarında aksiyanı siyasiləşdirən və kontekstdən çıxarılmış yazılar çoxaldı. Ancaq məsələnin mahiyyətində nələrin durduğunu düşünən olmadı...

Azərbaycanın Qarabağ iqtisadi bölgəsində faydalı yataqlarımız erməni mənfurları və onların xaricdən dəvət etdiyi şirkətlər tərəfindən 30 ilə yaxın bir müddətdə qanunsuz şəkildə talanıb, sərvətlərimiz ölkədən daşınaraq xaricdə satışa çıxarılıb. Üstəlik, qazıntılar zamanı ərazilərimizdə genişmiqyaslı ekoloji terror da törədilib. Bu, ənənəvi erməni xislətinə məxsus bir qaydadır. Neçə il işğal dövründə Zəngilanın, Kəlbəcərin faydalı qazıntılarını, təbiətini talayıb dağıdan bu barbarlar müharibədən sonra da Qarabağ iqtisadi rayonunda eyni əməllərini davam etdirirdilər. Elə ekofəallar bu səbəbdən həyəcan təbili çalırdılar...

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bütün formalarda baş verib. Ərazilərimizdə qeyri-qanuni məskunlaşmış ermənilər təkcə xalqımıza qarşı deyil, eyni zamanda təbiətimizə və təbii sərvətlərimizə, bütövlükdə isə bəşəriyyətə qarşı ekoloji terror aktını həyata keçiriblər. İşğal dövründə Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandırmış, Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən və Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Oxçuçay çayı çirkləndirilmiş, bunun nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilmişdir. Dövlət başçısı bununla bağlı demişdir: "Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay. Bütün bu çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər. Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Oxçuçayı zibilləyən, zəhərləyən "Gronimet" şirkətidir... Oxçuçayın suyunu sarı rəngə boyayan "Gronimet" şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq".

Onu da qeyd edək ki, müharibədən dərhal sonra dövlət başçısının göstərişi ilə ermənilərin ekologiyaya vurduqları ziyanın aradan qaldırılması işlərinə də başlanılıb.

Azərbaycan Prezidenti müşavirədə ölkənin digər ərazilərindəki ekoloji problemlərdən də danışıb. Bu gün ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, əhalinin sosial-mədəni səviyyəsi yaxşılaşır, bununla yanaşı təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması daim dövlətimizin diqqət mərkəzindədir. Son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ-hüquqi aktlar qəbul olunmuşdur.

Artıq bir müddətdir ki, Gədəbəy rayonunda ekoloji tarazlığın pozulması, insanların sağlamlığına təhlükənin artması barədə həyəcan təbili çalınır. Məsələ burasındadır ki, Gədəbəy rayonunda qızıl zavodunun yaratdığı zəhər gölü bütün bölgəyə ziyan vurur. Çünki qapalı olduğuna görə, həm də sızıntı vasitəsilə zəhər bütün ətrafa yayılır. Sakinlər dəfələrlə yaxınlıqda olan təbii su mənbələrindən su içən heyvanların öldüyünün şahidi olublar. Sızıntı vasitəsilə bu zəhərin yaxınlıqdan keçən Şəmkir çayına, oradan da Şəmkir Su Anbarına düşməsi bütöv bir bölgənin məhvi deməkdir. Gəncə şəhərinin böyük bir hissəsinə içməli suyun Şəmkir Su Anbarından verildiyi nəzərə alınsa, bu prosesin təhlükəsinin səviyyəsi daha aydın görünür. Təəssüflə qeyd etməliyik ki, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nə Gədəbəy Rayon İcra Hakimiyyəti nədənsə ekologiyanın bu cür məhv olmasına əhəmiyyət verməyib. Müşavirədə Prezident İlham Əliyev öz çıxışında bu məsələyə geniş yer ayırıb: "Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib...".

Dövlət başçısı çıxışında Gədəbəy rayonunda baş vermiş hadisənin qəbuledilməz olduğunu, respublikada fəaliyyət göstərən xarici şirkətlərin ölkə qanunlarına hörmətlə yanaşmalarının vacibliyini, bəzi qurumların məsələyə biganə münasibət göstərdiyini, qaranlıq məsələlərə aydınlıq gətirilməsinin zəruriliyini də diqqətə çatdırıb.

Bəli, ölkədə ekoloji problemlər var. Bu məsələnin həllində isə təkcə dövlət strukturları deyil, hər birimiz maraqlı olmalıyıq. Doğrudur, təbiət və insan problemi bəşəri bir problemdir, lakin indi zaman başqadır, çünki artıq təbiətin özü insanlardan imdad diləyir. Bir ağacı məhv etmək, bir gölü qurutmaq, nadir canlıların nəslini kəsmək və s. təbiətə qarşı cihaddır. Təbiətə qəsd qəbuledilməzdir!..

Zümrüd QURBANQIZI,

"Respublika".