Tarixi istismara qarşı etirazların yeni dalğası
Siyasət

Tarixi istismara qarşı etirazların yeni dalğası

Fransada vergi siyasəti və gəlirlərin azalması səbəbilə çətinlik yaşayan fermerlər etiraz üçün traktorlarını şəhərlərə sürüblər.

Etirazçılar ölkənin cənubunda inzibati binanın girişinə peyin yığıblar. Mitinqdə 600-dən çox fermer iştirak edib. Peyin binanın qapılarını bağladığı üçün solçu millət vəkili və onun komandası ofisi tərk edə bilməyib. Qeyd edək ki, bundan əvvəl də Limoj şəhərində fransalı traktorçular prefektura binasının yaxınlığına zibil və peyin atıblar.

Ölkənin cənubunda yerləşən Oksitaniya bölgəsində isə etirazçılar kənd təsərrüfatı texnikası ilə magistral yolları bağlayıblar. Yolların bağlandığı şəhərdə barrikadanı keçən ermənilər aksiya iştirakçılarını avtomobillə vurublar. Hadisə yanvarın 23-də Fransanın cənubunda olub. Üç nəfərlik ailə yolu bağlayan saman blokunun arxasında dayanıb. Bu zaman avtomobillə sürətlə gələn şəxslər maneəyə məhəl qoymayıb və üç etirazçını vurub. Nəticədə yeniyetmə qız ölüb, qadın və həyat yoldaşı ağır xəsarət alıb. "Le Parisien" nəşri bildirib ki, cinayəti törədənlər Ermənistan vətəndaşları olub. Onlar 2022-ci ildə qaçqın statusu almaq istəyiblər. Ötən ilin payızında ermənilər imtina cavabı alıblar və onlara ölkəni tərk etmək əmri verilib.

Fransa prezidentinin səyləri isə etirazları aradan qaldırmağa kifayət etmir. Etirazçının ölümü isə gərginliyi daha da artırıb. Makronun sakitləşdirmə cəhdləri davam etsə də, Fransada ifrat sağçı partiyalar kənd təsərrüfatı işçilərinin etirazlarını dəstəkləyiblər. Fransada mühacir əleyhinə olan Milli Mitinq partiyasının rəhbəri Bardella deyib: "Fermerlər sağ qalmaq üçün mübarizə aparır. Bu, unudulmuş Fransadır. Kənd təsərrüfatı üçün müharibə həm də kəndlərin yox olmasına qarşı müharibə, bu ölmək istəməyən fransızların fəryadıdır".

Tarixən Fransa müxtəlif iğtişaşlar və kəndli etirazları ilə üzləşib. Diqqətçəkən dövrlərdən biri son orta əsrlər və erkən müasir dövrdür. Jakeriya XIV əsrdə, xüsusən 1358-ci ildə Fransanın şimalında baş vermiş kəndli üsyanı idi. Üsyan yüksək vergilər, zadəganların istismarı və qara ölümün nəticələri daxil olmaqla sosial və iqtisadi narazılıqlara səbəb oldu. Əsasən Paris ətrafındakı kənd yerlərindən olan kəndlilər zadəganları hədəfə alaraq üsyan edirdilər. Jakeriya, nəhayət, Fransız aristokratiyası tərəfindən sıxışdırıldı və amansız repressiyaya məruz qaldı.

Krokanların üsyanı (1636-1637) XVII əsrdə, XIII Lüdovik dövründə baş verdi. "Croquants" termini Fransanın cənub-qərbindəki Perigord bölgəsindəki kəndlilərə aiddir. Üsyana iqtisadi çətinliklər, yüksək vergilər və hakim elitaya qarşı inciklik səbəb oldu. Üsyançılar, ilk növbədə kəndli və xırda torpaq sahiblərinin ağır vergilərdən azad olunmasını tələb edir və iqtisadi bərabərsizliyin aradan qaldırılmasına çalışırdılar.

"Böyük Qorxu" 1789-cu ildə Fransa inqilabının ilkin mərhələlərində baş verən bir sıra iğtişaş və kəndli üsyanlarını əhatə edirdi. "Böyük Qorxu" geniş iğtişaşlara səbəb oldu, Milli Məclisin feodal imtiyazlarını ləğv etmək qərarının qəbul edilməsində rol oynadı. Bu kəndli etirazları və iğtişaşları Fransa tarixinin müxtəlif dövrlərində yaranmış əsas sosial və iqtisadi gərginliyi əks etdirir.

Fransada etirazların konkret səbəbləri, dinamikası, zamanı dəyişsə də, əsas mahiyyəti hələ də dəyişməyib. Tarixən təkrarlanan mövzular ölkədə ictimai nümayişlərə səbəb olub. Etirazların bəzi ümumi səbəbləri sosial və iqtisadi məsələlər, hökumət siyasəti, vətəndaş azadlıqları və insan hüquqları kimi amillərdir. Fransada etirazlar tez-tez sosial və iqtisadi problemlər, o cümlədən əmək islahatları, pensiyalar, maaşlar və işsizlik kimi məsələlər ətrafında baş verir.

Həmçinin hökumətin mübahisəli siyasəti və ya qərarları etirazlara səbəb olur. Etirazlar vətəndaş azadlıqlarına və ya insan hüquqlarına qarşı pozuntulara cavab olaraq da yaranır. Fransada polis zorakılığı, ayrı-seçkilik və ya ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı narahatlıqların olması hər kəsə məlumdur.

Makron bu gün böyüyən etirazların "sarı jiletlilər" aksiyasına dönməsindən qorxur. Belə ki, həmin etirazlar ölkə prezidenti Emmanuel Makron rəhbərliyinin siyasətinə üsyan etmək məqsədilə 2018-ci ilin noyabrında başlayıb. Etirazçılar qiymətlərin artması və iqtisadi vəziyyətin pisləşməsinə qarşı çıxıblar. Fransada "sarı jiletlilər"in etirazları zamanı 43 min 325 nəfər həbs olunub. Bu kimi zorakılıqlar artıq Fransada adi hala çevrilib. Hər il bir çox insan polis zorakılığının qurbanı olur. Bütün bunların fonunda Parisin başqa ölkələrdə qüsur axtarması, özünü ədalət və demokratiya müdafiəçisi kimi göstərməsi tamamilə absurddur.

Nurcan SÜLEYMANOVA,

"Respublika".