TARİXİ ƏDALƏTİN ƏBƏDİ TƏSDİQİ
Digər xəbərlər

TARİXİ ƏDALƏTİN ƏBƏDİ TƏSDİQİ

Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, təbii resurslarla zəngin olması, əsrarəngiz təbiəti, füsunkar gözəlliyi tarixən qonşu, eləcə də region dövlətlərinin Azərbaycana marağını artırmışdır. Torpaqlarımızın ədalətsiz şəkildə bölüşdürülməsi və ermənilərin qanunsuz olaraq ərazilərimizə köçürülməsi tarixi faciələrə yol açdı. Nəticədə zaman-zaman azərbaycanlılara qarşı soyqırımları törədildi, vətəndaşlarımız doğma yurdlarından didərgin salındılar. 30 il müddətində təbii sərvətlərimizi taladılar, tarixi abidələrimizi, mədəniyyət ocaqlarımızı yandırdılar, yaşayış evlərini sökdülər, ata-baba qəbirlərimizi dağıtdılar...

Nəhayət ki, Azərbaycanın müdrik, uzaqgörən Prezidenti İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi və güclü ordumuzun cəsurluğu sayəsində ədalət bərqərar oldu, Böyük Zəfərimiz tarixi prosesi dəyişdi. Bu mənada, 27 sentyabr - doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərində təxribatlara son qoymaq Qarabağda erməni hökmranlığını başa çatdırmaq baxımından şərəfli bir tarixdir.

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi, ədalət öz yerini tapdı. Artıq soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdırlar. Bu yolda neçə-neçə qəhrəman, igid oğullarımız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyası sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Dövlət birliyi oldu. Xalqımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz döyüş meydanında Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, Müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin, ölməz şəhidlərimizin qanı, canı, xalqımızın birliyi hesabına qazandıq.

30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. 44 günlük savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olacaq. Hazırda dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan öz siyasi, hərbi, iqtisadi gücünü, dost və düşmən ölkələrə nümayiş etdirdi. İkinci Qarabağ savaşından qısa zaman keçməsinə baxmayaraq, ölkəmizlə hərtərəfli əməkdaşlıq etmək istəyən və müttəfiq olmaq üçün səy göstərən ölkələrin sayı durmadan artır. Çünki həm siyasi müstəvidə, həm də döyüş meydanında Azərbaycan sözün əsl mənasında qarşı tərəfə meydan oxudu. Rəsmi Bakı keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini illər boyu danışıqlar yolu ilə həll etməyə çalışsa da, düşmən bu məsələyə ciddi yanaşmadı və bununla da Azərbaycan öz torpaqlarını hərbi güclə geri almağa məcbur oldu. Danışıqlar dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları münaqişənin sülh yolu ilə həllinin mümkün olmadığını göstərdi. Ermənistanın baş naziri Nikol Paşinyanın 5 avqust 2019-cu il tarixdə Azərbaycanın əzəli və tarixi torpağı olan Xankəndidə təşkil olunmuş tədbirdəki çıxışında "Qarabağ Ermənistandır və nöqtə" sözlərini deməsi danışıqlar prosesinin bir daha əhəmiyyətsiz olduğunu sübut etdi. 30 il ərzində düşmən hər vəchlə və müxtəlif bəhanələrlə münaqişənin sülh yolu ilə danışıqlar çərçivəsində həll olunmasına maneə yaradırdı. Bu məsələ ilə məşğul olan ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrinin yüksək vəzifəli rəsmi nümayəndələri daim münaqişənin hərbi həllinin olmadığını bildirirdilər. Nəhayət, sentyabrın 27-də Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdən yaşayış məntəqələrimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmalarına cavab olaraq, Müzəffər Ordumuz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başladı və nəticədə yağı düşmənin işğal altında saxladığı şəhərlərimiz və yaşayış məntəqələrimiz geri alındı.

Azad olunmuş rayon mərkəzlərinin, kəndlərin və digər yaşayış məntəqələrimizin erməni vəhşiliyinə məruz qalması bu gün bütün dünyaya nümayiş olunur. Xain düşmən qanunsuz olaraq işğal altında saxladığı torpaqlarımızda daşı-daş üstündə qoymayıb, işğaldan əvvəl mövcud olmuş bütün obyektləri, infrastrukturu, dini və mədəni abidələrimizi məhv edib. Ermənilər müsəlman ölkəsi olan Azərbaycanın məscidlərini dağıtmaqla, mal və donuz tövləsinə çevirməklə nəinki xalqımızı, o cümlədən bütün müsəlman ölkələrini təhqir ediblər. Onlar pravoslav kilsəsində də barbarlığa yol vermiş, xristianlıqdan sui-istifadə etdiklərini göstərmişlər. Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq yerinə düşərdi. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı uzun illər ərzində bu ərazilərdəki yaşayış məntəqələrini dağıtmaqla, təbii sərvətləri talan etməklə bərabər, həm də Şuşa, Qubadlı, Laçın və digər ərazilərdə qanunsuz məskunlaşma aparmışdılar. Beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlər tərəfindən isə bütün bu azğın hərəkətlər, vandalizm, barbarlıq əməlləri susqunluqla qarşılanır, biganə münasibət bəslənilirdi. Bu cür beynəlxalq cinayətə, Cenevrə konvensiyalarına zidd vəhşiliyə, torpaqlarımızın erməniləşdirilməsi cəhdinə layiqli cavab verilməli, təcavüzkara öz yeri göstərilməli idi. Amma heç bir tədbir görülmürdü. Əslində Ermənistan kimi qatı cinayətkar, əli günahsız azərbaycanlıların qanına bulaşmış dövlətə beynəlxalq normalara əsasən qadağan olunmuş kütləvi qırğın silahlarının və raket komplekslərinin verilməsi yolverilməz idi. Belə ki, İkinci Qarabağ müharibəsində Ermənistan həmin raket komplekslərindən Gəncə şəhərinə, Bərdə, Tərtər və digər rayonlarımıza atəş açmaqla böyük dağıntılara və günahsız mülki şəxslərin həlak olmalarına səbəb oldu. Vətən müharibəsindəki qələbəmizə həsr olunan Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, bu 44 günlük döyüşün hər bir anı bizim şanlı tariximizdir.

"Dəmir yumruq" və ali ədalətin təntənəsi olaraq Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərk-silah olunması, Azərbaycanın növbəti Qələbəsidir.

Bu gün fəxarətlə deyə bilərik ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Nürəddin MƏMMƏDOV,

Gəncə Şəhər Ağsaqqallar Şurasının

sədri, Əməkdar müəllim, professor.