Qarabağın uzun müddət erməni işğalında qalması nəticəsində ərazilərdə olan bütün bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələrin, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Azərbaycanın ekologiyasına ciddi ziyan dəyib. Tamamilə dağıdılıb talan edilən bölgə tanınmaz hala düşüb. Nəticədə ekoloji əhəmiyyətə malik 7 relikt göl və 10 su anbarı işğalçı Ermənistan tərəfindən ciddi antropogen təsirə məruz qalmışdır. Ölkəmizin ərazisindən axan çayların çoxu mənbəyini Ermənistandan götürür. İşğal olunmuş ərazilərdə axan və yerləşən su mənbələrinin uzun illər boyu çirkləndirilməsi qiymətli balıq növlərinin yox olmasına və balıq ehtiyatlarının tükənməsinə də səbəb olub. Ermənilər tərəfindən döyüş mövqelərində qazılan səngərlər, gündən-günə genişləndirilən əlavə yollar, oyuq və sığınacaq yerləri, mühəndis-istehkam qurğularının inşası bu ekoloji fəlakətin sərhədlərini daha da genişləndirib. Lakin 30 illik işğaldan sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək Qarabağı işğaldan azad etdi. Azadlığına və öz həqiqi sahiblərinə qovuşan yurd yerlərimiz yenidən dirçəlməyə və ikinci həyatını yaşamağa başladı. Belə talan edilib, dağıdılan ərazilərimizdən biri də Kəlbəcərdir.
Əsasən dağlıq ərazidən ibarət olan Kəlbəcər rayonu münbit torpaqlara, müalicəvi sulara, ümumilikdə zəngin təbiətə malikdir. Bu yerlərin hər gülü, çiçəyi, suyu, havası belə min bir dərdin dərmanıdı. Tanrı bu ərazilərdən heç nəyi əsirgəməyib. Kəlbəcər Azərbaycan rayonları arasında ərazisinin böyüklüyünə görə birinci yerdədir. Eyni zamanda, resurs potensialına görə də ən zəngin rayon hesab edilir. Kəlbəcər büsbütün canlı muzey və Tanrının bir möcüzəsidir. Hər tərəfdən zirvəsi qarlı dağlarla əhatə olunmuş Kəlbəcər Ermənistanla həmsərhəd rayonlardandır. Yeraltı, yerüstü təbii sərvətlərlə zəngin olan Kəlbəcərin payına həm də dünyanın ən qiymətli mineralları düşüb. Ərazidə təxminən 70-dən artıq mineral yataq və 500-ə yaxın mineral su yatağı mövcuddur. Kəlbəcərə dünya şöhrəti qazandıran daha bir amil isə ərazisində olan "İstisu" müalicə kompleksidir. Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarında yerləşən ərazidə 53 çıxımlı Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək və s. kimi ümumi istismar ehtiyatları gündə 3093 kubmetr olan termal və mineral su yataqları mövcuddur. "İstisu" dünya əhəmiyyətli müalicəvi mineral suyu bir çox xəstəliklərin dərmanıdır. Həzm sistemi, qaraciyər, öd kisəsi, həmçinin maddələr mübadiləsinin pozulması nəticəsində yaranan xəstəliklərin müalicəsində istifadə olunur. Qastritin, mədə yarasının, öd kisəsinin, qaraciyər iltihabi xətəliklərinin, oynaq xəstəliklərinin və s. müalicəsində Kəlbəcərin "İstisu"yu çox faydalıdır. Alimlər Kəlbəcər "İstisu"yunu dünyaca məşhur Karlovı-Varı bulaqları ilə müqayisə etmişlər. Bir çox xüsusiyyət və zənginliyinə görə isə dünyada yeganə hesab edilir. Eyni zamanda, kimyəvi tərkibinə görə "İstisu" dünyada mühüm əhəmiyyətə malikdir. Bir çox alimlərin gəldiyi qənaət budur ki, Kəlbəcər "İstisu"yu ilə orqanizmdə yaranmış həm xarici, həm də daxili xəstəlikləri tam müalicə etmək mümkündür.
"İstisu"da çıxan suyun istiliyi 58,8 0C qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Azərbaycan təbiətinin möcüzəsi olan Kəlbəcər "İstisu"yu rayonun İstisu qəsəbəsində 2225 metr hündürlükdə yerləşir. Burada yerləşən bulaqlar 1138-ci ildə baş verən güclü zəlzələ zamanı yer qabığının qabarması və çatlaması nəticəsində əmələ gəlib. Bulaqların müalicəvi xüsusiyyətlərinin olması yerli əhaliyə XII əsrdən məlum olub. İstisu isti, qaynar su deməkdir. Buradan çıxan sular hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur.
"İstisu" sanatoriya kompleksinin tikintisi 1925-ci ildən sonra Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Hələ 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul etmişdir. Beləcə, "İstisu" müalicəvi sanatoriyasının şöhrəti dünyaya səs salmağa başlamışdır. Onu da qeyd etmək yerinə düşər ki, xain düşmənin təbliğat maşını hər zaman məkrli planlarla fəaliyyətdə olub. Belə ki, hələ ötən əsrin 1950-ci illərində ermənilər Kəlbəcər rayonu ərazisini öz himayələrinə almaq məqsədilə, oranın azərbaycanlı əhalisini köçürərək, ərazidən ancaq yaylaq kimi istifadə edilməsi barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi qarşısında məsələ qaldırdılar. Lakin görkəmli seleksiyaçı alim, ictimai və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İmam Mustafayev əllinci illərdə Kəlbəcər əhalisinin köçürülməsini tələb edən ermənilərin, hiyləgər siyasətinin arxasında hansı məqsədlər durduğunu nəzərə alaraq Kəlbəcərdə tikinti-quruculuq işlərinin genişləndirilməsinə qərar verir.
Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı ərazi iddiasında olan düşmən 3 aprel 1993-cü ildə Kəlbəcər rayonunu da işğal edərək sanatoriya kompleksini darmadağın etmişdir. 1997-ci ildən ermənilər xarici investorların maliyyə yardımı ilə Kəlbəcərin termal sularını öz brendləri kimi "Cermuk" suyu adı ilə Avropa ölkələrinə, o cümlədən ABŞ-a yüksək qiymətə satıb, milyonlarla valyuta qazanmışlar. Əlbəttə ki, torpaq itkisi ilə bərabər, təbii sərvətlərinin düşmən brendi adı altında xarici ölkələrə satılması Azərbaycan üçün ağır idi. Hələ 1996-cı il aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Prezident sarayında Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşərək giriş nitqində uzaqgörənliklə, müdrikliklə demişdir: "Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar".
Bəli, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan cəmi 44 günə ərazilərini düşmən işğalından azad etdi. 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılaraq, Azərbaycan Silahlı Qüvvələrinə təhvil verildi. 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonuna səfər etdilər və ölkə başçısı Kəlbəcərdə Azərbaycan bayrağını ucaltdı. İşğaldan azad edilən Kəlbəcərə səfər edən Prezident İlham Əliyev eyni zamanda "İstisu" sanatoriyasında vəziyyətlə tanış olmuşdu. Səfərdən sonra, ölkə başçısının tapşırığı ilə bərpa-quruculuq işlərinə başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il iyunun 26-da Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təməlqoyma mərasimində iştirak etdi. 34 hektar ərazidə salınması nəzərdə tutulan "İstisu" İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır. İşğal dövründə yararsız hala salınan sanatoriya tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq. Bu il aqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər rayonunda "İstisu" mineral sudoldurma zavodunun tikintisi və "İstisu" Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Onu da qeyd edək ki, Kəlbəcər "İstisu" mineral sudoldurma zavodu 1981-ci ildə inşa edilib. Zavod 1991-ci ilin sonlarında fəaliyyətini dayandırıb. Yeni tikiləcək "İstisu" zavodu 7,8 min kvadratmetr ərazini əhatə edəcək.
Yenidən bərpa ediləcək "İstisu" Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq. Kompleksdəki SPA Mərkəzində isə termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri - restoranlar, uşaq əyləncə mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı, kafeteriya da qonaqlara xidmət edəcək. Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.
Ramidə YAQUBQIZI,
"Respublika".