Şahin Xəlilli 1951-ci ildə Qərbi Azərbaycanın Noyenberyan rayonunun Körpülü kəndində anadan olmuş, 1968-ci ildə orta məktəbi, 1973-cü ildə isə APXDİ-nin ingilis-azərbaycan dilləri fakültəsini bitirmişdir. Müxtəlif sahələrdə çalışan gənc mütəxəssis 1976-cı ildən taleyini APXDİ ilə bağlamış, 1976-1992-ci illərdə məzunu olduğu ali məktəbdə laborant, baş laborant, müəllim, baş müəllim kimi fəaliyyət göstərmişdir. Şahin Xəlilli APXDİ-nin dissertantı olmuş, Xalq yazıçısı, akademik M.İbrahimovun rəhbərliyi altında 1985-ci ildə “Ceyms Oldricin yaradıcılığında Azərbaycan” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə “Yazıçı” nəşriyyatında “Ceyms Oldric və Azərbaycan” adlı monoqrafiyası çap olunmuşdur. Londonda ədibin evində Azərbaycan aliminin kitabının təqdimat mərasimi keçirilmişdir.
Şahin Xəlilli hələ 1970-1980-ci illərdə müasir ingilis ədəbiyyatının görkəmli nümayəndəsi Ceyms Oldriclə müntəzəm olaraq əlaqə saxlamış, o yerlərə səfərlər edib onunla görüşmüşdür. Sonralar ədəbiyyatşünas alim Cənubi Azərbaycanın Təbriz şəhərində xarici dillərin tədrisi ilə bağlı təşkil olunmuş konfransda (1992), İsveçrənin Montre şəhərində (1993), İstanbul şəhərində (1994) keçirilən konfranslarda, Kembric Universitetində Britaniya yazıçılarının XXV seminarında (1999) respublikamızı ləyaqətlə təmsil etmişdir.
Şahin Xəlilli dünya ədəbiyyatı üzrə respublikamızda tanınmış, sözün əsl mənasında, barmaqla sayılan tədqiqatçılardan biridir. O, “Ceyms Oldric və Azərbaycan” (1992), “Ədəbi əlaqələr işığında” (2002), “Azərbaycan-ingilis ədəbi əlaqələri. Folklor materialları əsasında” (2002), “Klassik poeziya və ədəbi əlaqələr. Azərbaycan-ingilis ədəbi əlaqələri” (2003) adlı kitab və monoqrafiyaların, magistr hazırlığı üçün “İyirminci əsr Böyük Britaniya və Amerika ədəbiyyatı tarixi” fənni üzrə proqramın (2009), “Şekspir. İngilis tarixi pyesləri” (həmmüəllif G.Magill, 2009), “Orta əsrlər ingilis ədəbiyyatı (həmmüəllif A.Tatlı, 2012), “Britaniya uşaq ədəbiyyatı” (həmmüəllif Səadət Əliyeva, 2018) adlı dərsliklərin, eyni zamanda “Ceyms Oldric və Azərbaycan” adlı toplunun müəllifidir. Ədəbiyyatşünas alimin G.Magill və A.Tatlı ilə birlikdə yazdığı əsərlər ingilis dilində işıq üzü görmüşdür.
Şahin Xəlilli səriştəli tərcüməçi kimi də özünü təsdiq etmişdir. Onun “Britaniya adalarının xalq nağılları” şərikli tərcümə kitabı 1989-cu ildə “Gənclik” nəşriyyatında, ikinci dəfə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə 2005-ci ildə 25000 tirajla “Öndər” nəşriyyatında çap edilmişdir. XIX əsrin görkəmli ingilis yazıçısı Ceyms Moriyenin “İsfahanlı Hacıbabanın macərası” adlı romanının tərcüməsi 1993-cü ildə “Gənclik” nəşriyyatında 25 cilddən ibarət olan “ər və fantastika kitabxanası” seriyası ilə nəşr edilmişdir.
Şahin Xəlilli təkcə ingilis dilindən nəsr əsərləri deyil, poetik əsərləri də dilimizə çevirmişdir. Onun XIX əsr ABŞ ədəbiyyatının ən görkəmli nümayəndələrindən Emili Dikkinsondan elədiyi tərcümələri xüsusi vurğulamaq lazım gəlir. O, eyni zamanda C.Q.Bayrondan, Redyard Kiplinq, Ted Hyuz, E.Kləpton, Cin Qordon, Y.Koup, C.Kornforddan tərcümələr etmişdir. 2015-ci ildə Böyük Britaniyanm “Rossendale Books” nəşriyyat evində hazırlanan “Ürək şəkilli yarpaqlar” adlı kitabı ABŞ-da nəşr olunmuşdur.
Şahin Xəlilli eyni zamanda incə ruhlu şairdir. Onun 1990-cı ildə “Yerin ulduzları” və 1996-cı ildə “Ürəyimdən keçənlər” uşaq şeir kitabları işıq üzü görmüşdür. Şahin