Ermənistanla Azərbaycan arasında sülh danışıqları gündəliyə uyğun olaraq aparılır və sülhün bu ilin sonlarına qədər mümkünlüyü müzakirə edilir. Azərbaycanın konstruktiv mövqe sərgiləməsi, sülhə və inkişafa meyilli addımlar atması reallıqdır. Bütün dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində qurulan münasibətlər dövlətimizin mövqeyini qlobal arenada getdikcə gücləndirir.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında müxtəlif formatlı görüşlər Cənubi Qafqazın gələcək inkişaf meyillərini formalaşdırır. Bu görüşlərdə Azərbaycan-Ermənistan arasında həll olunmayaraq gündəlikdə qalmış məsələlərin çözülməsi üçün yol xəritələri cızılır və müəyyən məqamlar razılaşdırılır. İki ölkə arasında gərginliyin aradan qaldırılması, postmünaqişə dövrü reallıqlarının qəbul edilməsi, bütövlükdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olan Avropa İttifaqının vasitəçilik etdiyi görüşlər normallaşma prosesinə xidmət edir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət baza prinsiplərinin qəbulu məsələləri müzakirə olunur. Avropa İttifaqının sülh prosesindəki mövqeyi danılmazdır. Buna baxmayaraq, indiyədək bir nəticə yoxdur. Nəticənin əldə olunması üçün isə Ermənistan Cənubi Qafqazdakı Azərbaycan reallığını dərk etməli və sülh müqaviləsini imzalamalıdır.
BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrası 30 ilə yaxın bir dövr ərzində təmin edilməmişdir. Beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən, Azərbaycanın ərazi bütövlüyünü pozan, soyqırımı, insanlıq əleyhinə vandallığı, müharibə cinayətləri ilə tanınan Ermənistan bu zaman kəsiyində heç bir təzyiqlə rastlaşmamış, beynəlxalq zəmində ölkəmizə qarşı ikili standartlar sərgilənmişdir. Azərbaycanın qeyd edilən zaman kəsiyində məsələnin dinc yolla həlli təklifinə qarşı düşmən ölkə aqressiv meyillərlə çıxış etmişdir. Nəticədə, qüdrətli Azərbaycan dövləti beynəlxalq hüquqa açıq-aşkar zidd olan təcavüzə döyüş meydanında son qoydu və tarixi ədalət bərpa edildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi strategiyanın nəticəsi olaraq 44 günlük Vətən müharibəsində düşmən kapitulyasiya aktı imzaladı. Faktiki olaraq Azərbaycan öz gücünə BMT-nin dörd qətnaməsinin bütün tələblərini yerinə yetirdi. Döyüş meydanında beynəlxalq hüququn norma və fundamental prinsiplərini bərpa edən Azərbaycan böyük Zəfərə imza ataraq, bir daha təsdiq etdi ki, dövlətimiz beynəlxalq müstəvidə ciddi söz sahibidir və hər cür təhdidlərin qarşısını almaq iqtidarındadır.
Qeyd edək ki, iyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Birləşmiş Krallıqdan olan media nümayəndəsi Cordan Morqanın sualına cavab olaraq ölkə başçısı bildirib: "Biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri döyüş meydanında icra etməli olduq və hazırda vəziyyət dəyişib. Qeyd edim ki, həmin dövrlərdə beynəlxalq aktorların heç biri, yəni bu gün "Qarabağ Azərbaycandır!" deyən beynəlxalq aktorlar heç vaxt bu ifadəni dilə gətirmirdilər. Postsovet məkanındakı digər münaqişələrlə bağlı belə ifadələr istifadə olunurdu. Azərbaycana gəldikdə isə deyirdilər ki, razılığa gəlməlisiniz. Deyirdilər ki, öz müqəddəratını təyinetmə və ərazi bütövlüyünü inteqrasiya etməlisiniz. Onlar bilirdilər ki, bu, mümkün deyil, bunun mümkünsüzlüyünü bilirdilər. Beynəlxalq hüququn fundamental prinsipləri var, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi bu prinsiplərdir...".
Bununla yanaşı, Ermənistanı şirnikləşdirən, hərbi-siyasi dəstəyi ilə haylara revanşizm ideyalarını aşılayan qüvvələr, yəni özünü "ermənidən çox erməni" kimi aparan Fransa və digər anti-Azərbaycan dairələri sülhün bərqərar olması üçün çalışmalıdır. İndiki vəziyyətdə Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb, münasibətlərini normallaşdırmaq qərarı veribsə, digər ölkələrin bu prosesə dəstəyi ön planda olmalıdır. Ermənistanı açıq dəstəkləyən bir sıra böyük dövlətlərin regionda fəallaşmağa çalışması "aqressiv gücü cilovlamaq" vəzifəsinin daha da aktuallaşdığını təsdiqləyir. Reallıq sübut edir ki, bu vəzifənin öhdəsindən Azərbaycan Prezidenti İlham Əliyev uğurla gəlir.
Hayların siyasi prinsipi sadəcə təxribatlar törətməkdir. Ərazilərimizdə təbii sərvətlərimizin daşınması kimi beynəlxalq hüquqazidd əməllər həyata keçirən Ermənistanın Cənubi Qafqazı münaqişə ocağına çevirmə cəhdlərinin qarşısı dərhal alınmalıdır. Bununla yanaşı, üçtərəfli Bəyanata əməl etməyərək Ermənistanın silahlı birləşmələrini Azərbaycan ərazisindən hələ də çıxarmaması, üstəlik, yeni şərtlərin irəli sürülməsi və prosesə anti-Azərbaycan qüvvələrini cəlbetmə istəyi bir daha göstərir ki, bu ölkə regional rifaha önəm vermir. Ermənistan dərk etmir ki, qarşılıqlı əlaqələrə və tərəfdaşlığa önəm verməmək onları məhvə sürükləyir. Hər bir dövlətin siyasi iradəsi onun iqtisadi gücünə bağlıdır. Hazırda bu ölkə investisiya cəlbediciliyini itirib. Havadarlarının hesabına ayaqda qala bilən Ermənistan üçün şanslar tükənir. Belə ki, Ermənistan bütün regional enerji və nəqliyyat layihələrindən kənardadır. Zəif, təcrid olunmuş, oyuncaq dövlət kimi Ermənistan Cənubi Qafqazın təhlükəsizliyinə hansısa bir töhfə vermək iqtidarında deyil. Bunu anlayan Paşinyan sağa-sola vurnuxsa da, başa düşür ki, İlham Əliyev siyasətinin qarşısında acizdir.
Azərbaycan isə iqtisadi müstəqilliyini əldə edib və yeni uğurlara imza atıb. Respublikamız heç bir güc mərkəzindən, donor təşkilatdan, beynəlxalq maliyyə qurumundan asılı deyil. Öz gücünə arxalanan Azərbaycan diplomatik arenada ön sıralarda qərarlaşıb.
Şübhə yoxdur ki, Azərbaycanın dünyada artan nüfuzu, Prezident İlham Əliyevin düşünülmüş siyasəti Ermənistanı sülh müqaviləsini imzalamağa, götürdüyü öhdəliklərindən, bəyanatlardan, danışıqlardan irəli gələn vəzifələri yerinə yetirməyə vadar edəcək. Paşinyan və onun havadarları anlamalıdır ki, törədilən təxribatlar, yeni münaqişə ocaqlarının yaradılması istəyi, bir sözlə, bütün aqressiv yanaşmalar qüdrətli Azərbaycan dövləti tərəfindən dəf ediləcəkdir. Lakin bu dəfə Müzəffər ordumuzun zəfər bayrağını sancdığı yer əzəli Azərbaycan torpağı İrəvan olacaqdır. Ermənistan əgər öz dövlətçiliyini itirməkdən ehtiyatlanırsa, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzrə işə başlamalıdır.
Nurlan ABDALOV,
"Respublika".