Qərb blokunun Cənubi Qafqazdakı maraqları regionda təhlükəsizlik mühitinin formalaşmasına əngəl olur. Azərbaycanın sülh təşəbbüsləri bloklanır və Ermənistan hər vəchlə bu prosesdən yayındırılır.
Yeni reallıqlara əsasən sülhün əldə olunması üçün düşmən ölkə ilk addımı atmalı olduğu halda, bu gün Azərbaycan dövləti riyakarlıqlarla üzləşir. Heç şübhəsiz, bu çərçivədə qlobal güc dairələri Ermənistanın "başının altına yastıq qoyur", təcavüzkarı yenidən dirçəltmə cəhdləri bütün aspektlərdə özünü göstərir.
Qeyd etmək lazımdır ki, ikitərəfli formatda baş tutan görüşlərdə sülh üçün müsbət impulslar daha çox nəzərə çarpırdı və həll yollarının müzakirəsi üçün əsaslı imkanlar yaradılmışdı. Lakin Qərb blokunun və rəsmi Vaşinqtonun direktivləri Ermənistan üzərindən öz təsirini büruzə verdikdə hayların sülhdən yayınma halları daha da artır. AŞPA-nın qərəzli mövqeyi və avropalı rəsmilərin bəyanatlarının ardınca Ermənistan da bu "xor qrupu"na qoşularaq müxtəlif əsassız iddialarla sülhü baltalamağa çalışır. Eyni mərkəzdən idarə olunan bu kimi təşəbbüslər zəncirvari olaraq yeni münaqişələrin alovlanmasına gətirib çıxara bilər ki, bu da Avropanın planları daxilindədir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 23-də keçirdiyi mətbuat konfransında qaldırılan məsələlər onu deməyə əsas verir ki, havadarları Ermənistana olan dəstəyi daha da artıracaqlar. Bu səbəbdəndir ki, dövlət rəsmisi ritorik və pafoslu çıxışları ilə Azərbaycana mesaj verir. Qeyd edək ki, Mirzoyanın açıqlamaları həm də anti-Rusiya meyillərini də özündə əks etdirir. Görünür Fransa, Almaniya kimi dövlətlərin Ermənistana hərbi-siyasi müstəvidə yardımları nazirə "ürək-dirək" verir: "Biz elə bir vəziyyətlə üzləşmişik ki, müttəfiqlik mexanizmlərimiz ümidlərimizi doğrultmayıb. Biz tez-tez təhlükəsizlik mexanizmlərinin işləməməsinin şahidi olduğumuz barədə qiymətləndirmələr səsləndirmişik. Belə bir şəraitdə təhlükəsizlik problemlərini həll etmək üçün yeni müttəfiqlər tapmağa çalışmağımız təbiidir". Göründüyü kimi, Ermənistan fəal şəkildə yürütdüyü militarizasiyaya "təbii" don geyindirir və düşünür ki, sülh təşəbbüslərinin əksinə, təhlükəsizliyin təminində silahlanmaq daha çox həlledicidir. Necə ola bilər ki, Azərbaycanın sülh təklifinə qarşılıq olaraq Ermənistan silahlandırılsın və rəsmi Bakı bunu məqbul hesab etsin? Bunu Ermənistanda da gözəl başa düşürlər. Məqsəd yenidən dirçəlmək və növbəti dəfə ərazi iddiaları ilə çıxış etməkdir. Bu qəbildən Avropadan gələn müşahidə missiyalarının sayının artırılması, sərhədlərin təhlükəsizliyinin Qərb blokuna həvalə edilməsi bir çox məsələyə aydınlıq gətirir.
Bütün bunlara paralel olaraq, Mirzoyan Azərbaycanın sülh təşəbbüslərinin əleyhinə bir sıra bəhanələr uydurur. Onun fikrincə, Azərbaycanla sülh müqaviləsinin mətninə silahların məhdudlaşdırılması ilə bağlı müddəanın daxil edilməsi müzakirə mövzusu deyil. Bununla yanaşı, Zəngəzur dəhlizi məsələsində İranla əldə edilən razılaşmalar əsasında Ermənistanın da bu prosesə müsbət rəy verməsi təklifinin rədd edilməsi guya hayların suverenliyinin pozulmasına hesablanıb. Məlumdur ki, Zəngəzur dəhlizi layihəsinə paralel Ermənistanın "Dünyanın kəsişməsi" layihəsi var. Hansı ki, bu layihə Böyük Britaniya imzası daşıyır və regional kommunikasiyalar üçün əlverişli deyil. Bütün bunlar bir yana, Ermənistanın sülh müqaviləsini imzalamaması fonunda sözügedən proseslərin reallaşması da gerçəkliyi əks etdirmir. Yenidən dirçəlməyə cəhd edən haylar qıcıqlandırıcı açıqlamalarla Azərbaycanı münaqişəyə cəlb etməyə səy göstərirlər.
Sərhədlərin delimitasiya və demarkasiyasından da dəm vuran dövlət rəsmisi qarşılıqlı hörmət prinsiplərini ortaya atır. Qeyd etdiyimiz kimi, bütün bu qarayaxmalar məhz Qərb blokunun yekdilliklə anti-Azərbaycan siyasətini fəallaşdırmasından sonra baş verir. Xatırlatmaq lazımdır ki, Azərbaycan və Ermənistan liderləri Azərbaycanın 86,6 min kvadratkilometr, Ermənistanın isə 29,8 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını Brüssel formatında təsdiqləyiblər. Bütün bunlardan sonra yenidən Mirzoyanın nataraz açıqlamaları sülh prosesində Ermənistanın geri addım atdığını bariz şəkildə göstərir. Hayların arxalandıqları amillər bu gün onlara destruktivlikdə təkan verir. Mirzoyanın çıxışı təkcə deyilən sözlərdən ibarət deyil. Bu nitqin arxasında Fransanın göndərdiyi zirehli texnikalar, Hindistanla imzalanan hərbi müqavilələr, Almaniyanın sərhədlərə nəzarət etmə vədləri dayanır. Bu səbəbdəndir ki, Ermənistan tərəfi xarici siyasətdə yanlış manevrlər etməyi üstün tutur.
İstənilən halda bu cür yanaşmalar hayları labüd sona doğru aparacaq. Görünən odur ki, Mirzoyan Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra daha da gücləndiyini hesaba qatmır. Postmüharibə dövründə Azərbaycanın hərbi xərcləri daha da artırılıb, Ermənistanla şərti sərhəddə əlverişli mövqelərə sahibik. Bütün strateji yüksəkliklər Azərbaycan ordusunun nəzarətindədir. Vətən müharibəsindən sonra silah istehsal edən xarici şirkətlərlə yeni müqavilələr imzalamışıq. Yeni pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli dağıdıcı uzaqmənzilli raketlərin sifarişlərini vermişik. Azərbaycanın silah arsenalı daim yenilənir, müasir silahlarla zənginləşdirilir.
Yəni pensiyaya çıxmış avropalı polislərlə, ictimai asayişi qorumaq üçün istifadə edilən zirehli maşınlarla Azərbaycana qarşı üstünlük əldə etmək xəyaldan başqa bir şey deyil. Dünyada artıq hayların ordusunu "fərrarilər ordusu" kimi tanıyırlar. Hayların Paşinyan hakimiyyətinə açıq etirazları var, yəni əhali artıq müharibə istəmir. Bütün bunlara rəğmən, Ermənistan bundan sonra da hərb meydanında Azərbaycanla üzləşməli olsa, bu, artıq dövlətçiliyin itirilməsi ilə nəticələnə bilər. Nə arxalandıqları qərb dövlətləri, nə Hindistan, nə də ki, okeanın o tayından məsələlərə "münasibət" bildirən ABŞ hayların yanında olacaq.
Nurlan ABDALOV,
"Respublika".