Sülh imkanları müsbət dəyərləndirilir
Digər xəbərlər

Sülh imkanları müsbət dəyərləndirilir

Ermənistanın sülh sazişinin imzalanması prosesini yubatması birbaşa məkrli məqsədləri ilə bağlıdır. Vaxtilə sərhəddə təxribat törədən Ermənistanın məqsədi müxtəlif qüvvvələrin diqqətini bu məsələyə çəkmək olub. Onlar həmçinin delimitasiya məsələsində irəli sürmək istədikləri ilkin şərtləri əsaslandırırlar. Lakin Azərbaycanın delimitasiya prosesi ilə bağlı mövqeyi dəyişməzdir. Dövlətimiz bu prosesdə, işçi qrupunun yaradılmasına və delimitasiya prosesinə başlanılmasına razılığını da bildirib. Ermənistan son günlərdə sülh sazişini imzalamaqda maraqlı görünür. Lakin bunun üçün ciddi addımlar atmalı və beynəlxalq hüquqa əsaslanan mövqedən çıxış etməlidir.

Sərhədlərin delimitasiyası məsələsi mürəkkəb və vaxtaparan bir prosesdir. Azərbaycan ilə Ermənistan arasında delimitasiya komissiyalarının beş dəfə birgə iclası keçirilib. Sonuncu iki iclas yalnız Azərbaycan və Ermənistanın nümayəndə heyətləri arasında dialoq çərçivəsində baş tutub. Bu dialoqda kənar heç bir ölkədən nümayəndələr iştirak etməyib. Cari ayın sonunda baş tutacaq görüş də hər iki ölkənin delimitasiya komissiyalarının iştirakı ilə keçiriləcək. İstənilən halda görüş keçirilirsə deməli nəticə əldə etmək üçün hər iki tərəf imkanları müsbət dəyərləndirir. İki ölkənin nümayəndə heyətləri arasında keçirilən istənilən birbaşa görüş yaxşı nəticə əldə etmək üçün növbəti imkan kimi dəyərləndirilməlidir. Lakin bu prosesə Ermənistan tərəfinin daha əvvəl səsləndirdiyi təklif, yəni qoşunların "güzgü" prinsipi əsasında şərti sərhəd xəttindən geri çəkilməsinə aid təklif qətiyyən qəbuledilməzdir. Azərbaycan əsgərinin qanı, canı, qəhrəmanlığı hesabına əldə olunmuş bir qarış torpaq belə erməni tərəfinin təklifi ilə, xüsusilə də səkkiz kəndimizin Ermənistan işğalında qalmaqda davam etdiyi bir dövrdə sərhəd xəttindən geri çəkilməyimiz mümkün deyildir. Ermənistan isə təbii ki, hazırda yerləşdiyi tarixi Azərbaycan torpaqlarında istədiyi vaxtda, istədiyi bəhanə ilə, istədiyi qədər qoşunlarını güzgü və ya digər prinsiplərlə geri çəkə bilər. Biz buna heç bir zaman etiraz etməmişik, indi də etiraz etmirik.

Ədalət VERDİYEV,

hərbi ekspert.